Məhkəmə qərarları › İş №2(029)-1335/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1335/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1335/2025 29.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 8(029)-87/2025 saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.375 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikah bağlayaraq ailə həyatı qurmuş, həmin nikahdan 15 sentyabr 2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Daha sonra Cavabdeh ilə münasibətləri pozulduğu üçün ailələri dağılmış, Qusar Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat alimentin tutulması qət edilmişdir. O, bu vaxta kimi aliment borcunu vaxtı vaxtında ödəmiş, heç vaxt aliment borcu olmamışdır. Bu yaxınlarda Cavabdeh aliment məbləğinin indeksasiya edilməsinə dair Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 8(029)- 87/2025 saylı Qərardadı ilə, Qusar Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsi ilə İddiaçı tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Cavabdeh ilə boşandıqdan sonar yenidən ailə həyatı qurmuş, həmin nikahdan mənim 01 yanvar 2021ci il təvəllüdlü X3 və 12 aprel 2024-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Həmin indeksasiya olunmuş məbləğ həddindən artıq çox yüksəkdir. Belə ki, sözü gedən Qusar rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “2019-ci il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinin 250 manat müəyyən edildiyini nəzərə alınsa və Qusar rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsi qət edildiyi günə minimum aylıq əməkhaqqının məbləğinin 150 manat təşkil etmişdir. Hər ay 150 (yüz əlli) manat məbləğdə tutulan aliment 2019-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində müəyyən olunmuşdur. İndeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunmalıdır”. Həmin 0.6 misli həddində aliment bu günkü günə 240 (iki yüz qırx) manat (0.6 X 400 = 240) təşkil edir. Onun vəziyyəti Cavabdeh ilə boşandıqları gündən bu günə kimi dəyişməmiş, sonuncu məhkəmə Qərardadı ilə daha da pisləşməyə başlamışdır. O, hal-hazırda işsizdir, gəlir yeri yoxdur. İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Qusar rayon Məhkəməsinin icraatında 2(029)-1335/2025 saylı onun Cavabdeh Hacı qızına qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə həmin iddia ərizəsində o, texniki səhv olaraq Cavabdeh Hacı qızının ata adını səhvən "Qərib qızı" kimi göstərmişdir. Halhazırda ərizə ilə müraciət edərək həmin səhvin düzəldilməsini, cavabdehin Cavabdeh Hacı qızı kimi oxunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Hacı qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)-87/2025 saylı qərardadının surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli 2(029)-846/2020 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)-87/2025 saylı qərardadı ilə, Qusar Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(029)- 846/2020 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunmuşdur. Həmin indeksasiya həddi bu günki gündə 240 manat məbləğində müəyyən olunur (400 X 0.60 = 240 manat). Bundan başqa, hazırda iddiaçının başqa bir qadınla olan nikahından 2 azyaşlı uşaqları vardır. Bununla da, tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, indeksasiya edilmiş məbləğ iddiaçının maddi vəziyyətini ağırlaşdırmışdır. Belə ki, iddiaçının ödədiyi alimentin məbləği onun maddi vəziyyətində hər hansı artım olmadığı halda indeksləşmə nəticəsində kəskin şəkildə artmışdır. Bu, isə onun maddi və ailə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmaması, iddiaçının maddi durumunun daha da pisləşməsinə, aliment borcunu sonrakı tarixlərdə ödəyə bilməməsi gələcəkdə iddiaçının inzibati və ya cinayət məsuliyyətinə yaranmasına səbəb ola bilər. Bundan başqa, uşağı saxlamaq atanın deyil, həm də ananın da borcudur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə İddiaçı 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə tərəfindən tutulmuş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.60 misli həddində alimentin azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində deyil, 0.425 misli həddində müəyyən olunması Mehriban adlı uşağın mənafeyi baxımından daha məqsədəmüvafiqdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 8(029)-87/2025 saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.425 misli həddində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il 2(029)-846/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli 8(029)-87/2025 saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.425 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar