Məhkəmə qərarları › İş №2(029)-1337/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1337/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1337/2025 27.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-337/2017 saylı qətnaməsi ilə təyin olunmuş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 8(029)-62/2025 saylı qərardadı ilə indeksasiya olunmuş minimum əmək haqqının 0.94 misli (376 manat) həddində alimentin miqdarı azaldılaraq hər ay minimum əmək haqqının 0.425 misli həddində (170 manat) müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 dekabr 2012-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından 22 sentyabr 2013-cü il təvəllüdlü Nuray adlı övladı anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və aralarında olan nikah Qusar rayon məhkəməsinin 19 mart 2014-cü il tarixli, 2(029)- 210/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə ondan 04 fevral 2014-cü il tarixdən başlayaraq hər ay 65 manat sabit pul məbləğində aliment tutularaq 22 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə verilməsi qət edilmişdir. Bundan sonra, Cavabdeh alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(029)-337/2017 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin vaxtdan etibarən o, alimenti çətinliklə də olsa ödəmişdir. Lakin, bu yaxınlarda Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsaslanmaqla ondan həmin şəxsin xeyrinə tutulan alimentin indeksasiya edilməsini tələb etmiş və Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(029)-62/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-337/2017 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 110 (yüz on) manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.94 misli həddində indeksasiya olunmuşdur. Məlumdur ki, 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Respublikasında minumum əmək haqqı 400 manat müəyyən edilmişdir. Ondan tutulan aliment indeksasiya olunduqdan sonra onun Cavabdeh ödəməli olduğu alimentin miqdarı 376 manat təşkil etmişdir. Bu, isə onun maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olmuşdur. Belə ki, o, hazırda heç bir yerdə işləmir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 filialında “işsiz” statusu ilə qeydiyyata alınmışdır. Bundan başqa, Cavabdeh ilə boşandıqdan sonra o, X3 ilə ailə həyatı qurmuş və onunla birgə yaşadıqları müddətdə xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. O, cavabdehlə birgə nikahlarından anadan olmuş Nuray adlı uşağın saxlanması üçün aliment ödənilməsindən imtina etmir, lakin o, eyni zamanda digər övladlarının da qayğısına qalmalıdır, onların maddi və digər ehtiyaclarının ödənilməsi də onun borcudur. O, bir valideyn kimi heç vaxt öz uşaqlarının qayğısına qalmaqdan və onlara hərtərəfli maddi və mənəvi yardım göstərməkdən imtina etməmiş, əksinə bunun üçün əlindən gələn hər şeyi etmişdir. Lakin, hal-hazırda onun maddi, əmlak və ailə vəziyyəti hər ay 376 manat məbləğində aliment ödəməyə imkan vermir. Belə ki, 2017-ci ildən indiyədək onun tərəfindən ödənilən 110 manat məbləğində aliment qəfildən 3 dəfədən artıq artmışdır. Halbuki, uşağın təminatı həmin müddət ərzində 110 manat məbləğində aliment hesabına təmin olunmuşdur. Həmin aliment məbləğinin indeksasiya olunması nəticəsində məbləğin həddən artıq artması isə onun maddi vəziyyəti kəskin şəkildə pisləşdirmiş, hazırkı ailə üzvlərinin ehtiyaclarını qarşılamaq imkanından məhrum etmişdir. Hesab edir ki, maddi və əmlak vəziyyətinin aşağı olması, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqdan əlavə yenidən ailə həyatı qurmaqla daha iki övladının anadan olması və onun digər diqqətəlayiq maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmuş minimum əmək haqqının 0.94 misli həddində alimentin miqdarı azaldılmalıdır. Həmçinin, Nuray adlı uşağın 2017-ci ildən indiyədək olan müddət ərzindəki təminatı, həmin müddət ərzində həmin uşağın saxlanması üçün ondan cavabdehin xeyrinə 110 manat məbləğində aliment tutulması, həmin müddət ərzində onun maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin olmaması, o cümlədən yuxarıda sadaladığı digər hallar nəzərə alınmaqla ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı minimum əmək haqqının 0.425 misli həddində (170 manat) müəyyən olunmalıdır. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı guya alimenti vaxtlı-vaxtında ödəmişdir, heç yerdə işləmir, aliment ödəmək imkanı yoxdur. Halbuki, iddiaçı evlərin tikintisi ilə məşğuldur və ustalıq edir. Lakin, həmin fəaliyyətini rəsmiləşdirməyərək vergidən yayınır. Alimentin ödənilməsini də gecikdirmələrlə, hər dəfə icra məmuru tərəfindən edilmiş xəbərdarlıqlardan sonra hissəhissə ödəmişdir. Hazırda 570 manat aliment borcu vardır. Odur ki, İddiaçı alimentin azaldılmasına dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, iddia tələbi üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(029)- 62/2025 saylı qərardadının surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-337/2017 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 110 (yüz on) manat məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.94 misli həddində indeksasiya olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı “işsiz” statusu ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İV 571278 və AZ-İV 855315 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2021-ci ildə, X7 xx.xx.2023-cü ildə anadan olmuşlar, ataları İddiaçıdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Qusar rayon Məhkəməsinin 8(029)-62/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.94 misli həddində indeksasiya olunmuşdur. Həmin indeksasiya həddi bu günki gündə 376 manat məbləğində müəyyən olunur (400 X 0.94 = 376 manat). Eleketron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı işləmir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən həmin şəxs “işsiz” statusu ilə qeydiyyata alınmışdır. Bundan başqa, hazırda iddiaçının başqa bir qadınla olan nikahından 2 azyaşlı uşaqları vardır. Bununla da, tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, indeksasiya edilmiş məbləğ iddiaçının maddi vəziyyətini ağırlaşdırmışdır. Belə ki, iddiaçı 2017-ci ildən ödədiyi alimentin məbləği onun maddi vəziyyətində hər hansı artım olmadığı halda indeksləşmə nəticəsində kəskin şəkildə artmışdır. Bu, isə onun maddi və ailə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə, cavabdehin etiraz ərizəsinə belə qiymət verir ki, cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tərəf usta işləyir, həmçinin ona 570 manat aliment borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmaması, iddiaçının maddi durumunun daha da pisləşməsinə, aliment borcunu sonrakı tarixlərdə ödəyə bilməməsi gələcəkdə iddiaçının inzibati və ya cinayət məsuliyyətinə yaranmasına səbəb ola bilər. Bundan başqa, uşağı saxlamaq atanın deyil, həm də ananın da borcudur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bu baxımdan məhkənənin qənaətinə görə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə tərəfindən tutulmuş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.94 misli həddində alimentin azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində deyil, 0.4375 misli həddində müəyyən olunması Nuray adlı uşağın mənafeyi baxımından daha məqsədəmüvafiqdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 8(029)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq 22 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4375 misli həddində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-337/2017 saylı qətnaməsi ilə təyin olunmuş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 8(029)-62/2025 saylı qərardadı ilə indeksasiya olunmuş minimum əmək haqqının 0.94 misli (376 manat) həddində alimentin miqdarı azaldılaraq hər ay minimum əmək haqqının 0.4375 misli həddində müəyyən olunsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar