Məhkəmə qərarları › İş №2(029)-207/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-207/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-207/2022 10.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşağı, 17 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin fevral ayında el adəti ilə toy edərək, nikahı rəsmi qeyd etdirmədən cavabdehlə ailə həyatı quraraq birgə yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə onların 17 dekabr 2019-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Onlar faktiki olaraq ayrılmışlar, uzun müddətdir ki, ər arvad münasibətlərində deyillər. Bundan sonra cavabdehlə barışıb ailə münasibətlərini bərpa etmək mümkün deyildir. Cavabdehlə ayrıldıqları vaxtdan 17 dekabr 2019-cu il təvəllüdlü X3 adlı uşaq onun himayəsindədir. O, ata evinə qayıtdıqdan sonra uşaq onunla birgə olduğu müddət ərzində cavabdeh uşağın saxlanması və tərbiyəsi ilə maraqlanmamış, maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdehin maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat, sabit pul məbləğində aliment ödəməlidir. Qanunvericiliyə əsasən Mediasiya qaydasında aralarında barışıq sazişinin əldə olunması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, iddiaçı 2019-cu ilin fevral ayında el adəti ilə toy edərək, nikahı rəsmi qeyd etdirmədən cavabdehlə ailə həyatı quraraq birgə yaşamağa başlamışdır. Onların birgə yaşadıqları müddətdə 17 dekabr 2019-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. İddiaçı ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Onlar faktiki olaraq ayrılmışlar, uzun müddətdir ki, ər arvad münasibətlərində deyillər. Cavabdehlə ayrıldıqları vaxtdan 17 dekabr 2019-cu il təvəllüdlü X3 adlı uşaq iddiaçının himayəsindədir. İddiaçı ata evinə qayıtdıqdan sonra uşaq onunla birgə olduğu müddət ərzində cavabdeh uşağın saxlanması və tərbiyəsi ilə maraqlanmamış, maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Uşağın atalığı müəyyən edilmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, mobil evlərin tikintisində fəhlə işləyir, ayda təxminən 450-800 manat maaş alır. Onun tanışları, iddiaçının kasıb bir qız olduğunu demiş və onunla evlənməyi təklif etmiş, o da, razı olmuşdur. Onlar ailə qurmağa razılığa gəlmiş, Kürdəmir və Bakı şəhərlərində kirayədə yaşamışlar. İddiaçı ilə nikahı rəsmi qeyd etdirmək üçün qan analizi vermiş və iddiaçıya da təklif etmişdir. Lakin, iddiaçı nikahı rəsmi qeyd etdirməyə gəlməmişdir. Bunada iddiaçının anası razılıq verməmişdir. Bunun səbəbi iddiaçının adında kart olduğunu və həmin kartdakı pulun onun tərəfindən mənimsəyəcəyini düşünmüşlər. İddiaçı ilə onların faktiki nikahlarından 17 dekabr 2019-cu il təvəllüdlü Məhəmmədəli adlı uşaqları anadan olmuşdur. O, uşağın saxlanması üçün hər ay 175 manat aliment verməyə razıdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 354239 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 dekabr 2019-cu il təvəllüdlü X1 şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ 372973 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 17 dekabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 10 dekabr 2021-ci il tarixli 2021-00797 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı qızının təsvir etdiyi kimi, aliment tələbinə dair mübahisə üzrə 10 dekabr 2021-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh oğlu Məhəmmədəli adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, tərəflərin alimentlə bağlı razılıqlarını, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi 175 (yüz yetmiş beş) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 10 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxx 1989-cu ildə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 17 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 175 (yüz yetmiş beş) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 10 yanvar 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar