Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-224/2021 25.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh1 X1 iştirakları ilə, İddiaçı Sığorta Şirkət ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sığorta Şirkət ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat, cəmi 2400.40 (iki min dörd yüz qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkət ASC məhkəməyə teleqram göndərərək işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Sığorta Şirkət ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Sığorta Şirkət ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdə idarə etdiyi “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə həmin avtomaşına ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan “VAZ 2101” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DİN BDYPİnin X4 iş üzrə Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxx” Firmasının təqdim etdiyi 09 saylı xx.xx.2014-cü il tarixli Sifariş- Naryadına uyğun olaraq, həmin avtomobilə 2370 (iki min üç yüz yetmiş) manat ziyan dəymişdir. **********1 saylı sığorta müqaviləsinə və № 010324 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi həyata keçirmişdir. Odur ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 2370 (iki min üç yüz yetmiş) manat dəymiş zərər məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx xxxxxxxx 2014-cü il tarixdə o, qardaşı Cavabdeh2 məxsus “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Həmin hadisə “Mitsubishi Pajero” markalı maşını idarə edən xarici vətəndaş olan Erikin ucbatından baş vermişdir. O, hadisə ilə bağlı 102-ə zəng etmişdir. Hadisə yerinə gələn Qusar rayon DYP-nin bölmə rəisi vəzifəsində işləmiş Hacı hadisənin onun təqsiri ucbatından baş vermədiyini və ona narahat olmamağını bildirmişdir. Lakin onun barəsində inzibati protokol tərtib edilmiş və o, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə keçmiş DYP bölməsinin rəisi Hacı tərəfindən ödənilmişdir. Həmçinin Hacı ona gələcəkdə sığorta ilə bağlı heç bir probleminin olmayacağını bildirmişdir. Ona görə də, hazırki iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 010324 saylı Sığorta Aktının təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixdə Qusar şəhəri H.Əliyev prospektində “VAZ 2101” marklı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Mitsubishi Pajero” (H027 367) avtomobillə toqquşmuşdur, cəmi 2370 (iki min üç yüz yetmiş) manat zərər dəymişdir. İşdə olan 4589 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta tərəfindən “xxxx” Firmasına 2370 (iki min üç yüz yetmiş) manat ödənilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 CYP 399090 saylı xx.xx.2014-cü il tarixli protokola əsasən Azərbaycan Respublikasının İXM-nin (qüvvədən düşmüş) 151.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Ödəniş qrafasında cərimənin ödənildiyi qeyd edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli G-0xx-xx/2020 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə törətdiyi inzibati xətaya görə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən “İddiaçı Sığorta” ASC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 016-20347/220 saylı cavab məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “VAZ 2101” marklı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan avtomobil xx.xx.2016-cı il tarixdə alı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. (nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə verilmiş etibarnamə qüvvədən düşmüş hesab olunur) İşdə olan Qusar RPŞ tərəfindən verilmiş C4P-399090 saylı Arayışdan görünür ki, xx xxxxxxxx 2014-cü il tarixdə saat 16:10-da Qusar şəhəri H.Əliyev prospektində yol nəqliyyat hadisəsi nəticəsində Mitsubishi Pajero H027367 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı əzilmişdir. İşdə olan Mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixdə Cavabdeh2 məxsus “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşınla Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “BP Exploration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına maddi zərər vurmuşdur. Cavabdeh1 xx.xx.2014-cü il tarixdə törətdiyi inzibati xətaya görə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin (qüvvədən düşmüş) 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İddiaçı Sığorta Şirkət ASC tərəfindən “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərə görə 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1. maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkət ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkət ASC-nin xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-224/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-224/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver