Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-275/2021 09.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin azyaşlı uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin azyaşlı uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə tutulan aylıq qazancının dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin azyaşlı uşaqları, xx xxxx 2017-ci il təvəllüdlü X1 adına açılacaq bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx xxxx 2017ci il tarixdə X2 adlı 1 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Cavabdehin iddiasına əsasən aralarındakı nikah Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsi ilə pozulmuş, boşanmadan sonra azyaşlı Elgün Poladovun cavabdehin yanında qalması, həmin uşağın saxlanması üçün ondan cavabdehin xeyrinə hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulması, habelə həmin uşağın üç yaşı tamam olanadək ondan cavabdehin xeyrinə hər ay 100 (yüz) manat alimentin tutulması qət edilmişdir. O, xx xxxx 2017-ci il təvəllüdlü oğlu Elgün Poladovun saxlanması üçün ondan cavabdehin xeyrinə tutulmalı olan alimenti ödəməkdən imtina etmir. Amma, həmin alimentin 50 faizinin azyaşlı uşağı Elgünün adına açılacaq bank hesabına köçürülməsini tələb edir. Çünki, o, ayda 977 (doqquz yüz yetmiş yeddi) manat əmək haqqı alır. Məhkəmə qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə hər ay təxminən 244 (iki yüz qırx dörd) manat aliment tutulacaqdır. Aliment almaq uşağa məxsus olan hüquqdur və alimenti alan valideyn tərəfindən həmin aliment uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməlidir. Azyaşlı uşağı Elgün Poladovun hal-hazırda cəmi 3 yaşı tamam olmuşdur. Belə olan halda o, ödədiyi alimentin bütünlüklə azyaşlı uşağının saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməsinə əmin deyildir. Ona görə də cavabdehə ödədiyi alimentin 50 faizinin azyaşlı uşağın adına açılacaq bank hesabına köçürülməsini tələb edir. Belə ki, uşağının bank hesabında yığılacaq aliment pulu artıq uşağı yetkinlik yaşına çatdıqdan sonra uşağının özünün sərəncamına keçəcəkdir və həmin vəsaitin uşağın mənafeyinə xərclənəcəyinə arxayınlıq əldə edəcəkdir. Cavabdehə ödədiyi alimentin 50 faizinin azyaşlı uşağın adına açılacaq bank hesabına köçürülməsi azyaşlı uşağının mənafeyinə uyğundur və həm də Cavabdeh hüquqlarına zidd deyildir. Belə ki, cavabdehə ödədiyi alimentin digər 50 faizi Cavabdeh sərəncamında qalır və cavabdeh həmin vəsaiti öz mülahizəsinə uyğun olaraq uşağın ehtiyaclarının ödənilməsinə xərcləyə bilər. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı indiyədək məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməmiş, bundan yayınmışdır. Hazırda o, alimentin 50 faiz deyil, 30 faizinin azyaşlı uşağın adına açılacaq bank hesabına köçürülməsinə etiraz etmir. Çünki, alimentin 50 faiz hissəsi ilə uşağın saxlanması, onun ehtiyaclarının ödənilməsi mümkün deyildir. İddiaçı məhkəmə prosesi gedişində xx.xx.2021-ci il tarixdə 500 manat məbləğində aliment ödəmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan, vəkili Vəkil iştirakı ilə baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyində 11 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları-xx xxxx 2017-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2017-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin və həmin uşağın üç yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən həmin hərbi hissədə xidmət edir. Aylıq məvacibi gəlir vergisi və sosial sığorta haqqı tutulduqdan sonra 977,22 (doqquz yüz yetmiş yeddi manat iyirmi iki qəpik) manatdır. Digər illik gəlirləri- Birdəfəlik pul mükafatı: 1856,58 (bir min səkkiz yüz əlli altı manat 58 qəpik), maddi yardım: 928,29 (doqquz yüz iyirmi səkkiz manat 29 qəpik) manat, Məzuniyyət pulu: 839,05 (səkkiz yüz otuz doqquz manat 05 qəpik) manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 12881 saylı qəbzdən görünür ki, Cavabdeh xeyrinə 500 manat məbləğində aliment ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmaqla İddiaçı xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissədə xidmət etməklə aylıq əmək haqqı vergi və sosial sığorta haqqı tutulduqdan sonra 977,22 manat təşkil edir. Bundan başqa onun 1856,58 manat məbləğində birdəfəlik pul mükafatı, 928,29 manat məbləğində maddi yardım, 839,05 manat məbləğində məzuniyyət pulu növündə illik gəlirləri vardır. Cavabdeh Elgün adlı azyaşlı uşaqla birlikdə Qusar rayonu Sudur kəndində yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.9-cu bəndində göstərilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, həqiqətən də, İddiaçı Cavabdeh xeyrinə azyaşlı uşaqları Elgün Poladovun yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən xeyli miqdarda artıqdır. Belə ki, həmin uşaq kənddə yaşayır, məktəbə getmir və kənd şəraitində onun qidalanması, geyimi və s. xərclərin ödənilməsi üçün tələb olunan məbləğ İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsindən xeyli miqdarda azdır. Ona görə də, məhkəmə hesab edir ki, həmin məbləğin 40 faiz hissəsinin Elgün adlı uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiqdir. Bu, cavabdehin maraqlarına zidd deyil, uşağın saxlanması üçün həmin şəxsin hər hansı maddi sıxıntı çəkməsinə səbəb olmayacaqdır. Belə ki, ödənilən alimentin qalan 60 faiz hissəsi miqdarında aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edər, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən artıqdır. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçının hər ay ödədiyi alimentin 50 faiz deyil, 40 faiz hissəsi Elgün adlı uşağın adına açılmış bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-325/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə tutulmuş aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir (1/4) hissəsi miqdarında alimentin 40 (qırx) faiz hissəsi Elgün Poladovun adına açılmış bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-275/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-275/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver