Məhkəmə qərarları › İş №2(029)-276/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-276/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-276/2021 04.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşaqları, xx xxxxxx 2017-ci il təvəllüdlü Dövlətxanova Zəhra Şamil qızının və xx xxxxxxxx 2020-ci il təvəllüdlü Dövlətxanova Zaida Şamil qızının saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdehlə ailə həyatı qurmuşdir. Birgə nikahdan onların xx xxxxxx 2017-ci il tarixdə Dövlətxanova Zəhra Şamil qızı və xx xxxxxxxx 2020-ci il tarixdə Dövlətxanova Zaida Şamil qızı adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehin ailənin, uşaqlarının qayğısına qalmaması, işləyib qazandığı pullarını öz ehtiyaclarına xərcləyərək ailəsini saxlamaması olmuşdur. Bu səbəbdən də, o, cavabdehdən ayrılıb azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə ona 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, 2016-cı ildə Cavabdehla ailə həyatı qurmuş, hazırda faktiki olaraq ayrılmışlar, lakin nikahları pozulmamışdır. O, heç bir yerdə işləmir, cavabdeh isə işləyir və 600 manatdan artıq əmək haqqı alır. Cavabdeh heç vaxt evə pul gətirməmiş, ailəni qayınatası saxlamışdır. Hazırda o, uşaqları təkbaşına saxlamağa çətinlik çəkir. Odur ki, iddianın tam təmin olunması, cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, İddiaçı ilə 2016-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2 uşaqları olmuşdur. İddiaçı ilə ayrılmışlar və azyaşlı uşaqlar həmin şəxsin himayəsindədirlər. Nikahları isə rəsmi olaraq pozulmamışdır. O, 2011-ci ildən Qusar rayonu Dövlət X4 işləyir və əmək haqqı 694 manat təşkil edir, müvafiq vergilər tutulduqdan sonra 604,76 manat pul qalır. Onun 1500 manat borcu və həmin borcu ödəyir. Azyaşlı uşaqlara görə aliment verməyə razıdır, hər ay əmək haqqının 33 faizi tutularaq iddiaçıya verilsin. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 163598 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Milyanə Yarəhmədova “Dövlətxanova” soyadını qəbul etmişdur. İş materiallarında olan AZ-İV 002144 və AZ-İV 512164 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdehlə İddiaçı birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü Dövlətxanova Zəhra Şamil qızı və xx xxxxxxxx 2020-ci il təvəllüdlü Dövlətxanova Zaida Şamil qızı anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Dövlət X5 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 37/37-032 saylı arayışdan görünür ki, Cavabdeh hal-hazırda həmin hissədə böyük yanğınsöndürən vəzifəsində xidmət edir və onun aylı əmək haqqı 694,80 (altı yüz doxsan dörd manat səksən qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Dövlət X5 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 37/37-037 saylı arayışdan görünür ki, Cavabdeh hal-hazırda həmin hissədə böyük yanğınsöndürən vəzifəsində xidmət edir və vergilər, DSMF ödəmələri çıxıldıqdan sonra aylıq əmək haqqı 604,76 (altı yüz dörd manat yetmiş altı qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Zəhra və Zaida adlı uşaqlar halhazırda İddiaçı yanında yaşayırlar. Həmin uşaqları təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Cavabdeh Qusar rayon Dövlət X4 böyük yanğınsöndürən vəzifəsində xidmət edir və vergilər, DSMF ödəmələri çıxıldıqdan sonra aylıq əmək haqqı 604,76 (altı yüz dörd manat yetmiş altı qəpik) manat təşkil edir. Həmin şəxs qazandığı pulları ailəsi, azyaşlı uşaqları üçün deyil, başqa xərclərə, həmçinin özünün dediyi kimi borclarına xərcləyir. Hazırda iddiaçı həmin uşaqları təkbaşına saxlayır, bu isə onun üçün əlavə çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Zəhra və Zaida adlı uşaqların qayğılarına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay hər uşağa görə sabit pul məbləğində iddiaçının istədiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 150 (yüz əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdeh tərəfin göstərdiyi kimi hər ay sabit pul məbləğində deyil, aylıq gəlirlərinin 1/3 hissəsi (33 faizi) miqdarında müəyyən edilməsini də uşaqların mənafeləri baxımından düzgün və ədalətli hesab etmir. Belə ki, cavabdehin aylıq əmək haqqı vergi və DSMF ödəmələri çıxılmaqla 604 manat, həmin məbləğin 1/3 hissəsi (33 faizi) isə təxminən 200 manat təşkil edir. Belə olan halda, hər uşağa görə hər ay 100 manat məbləğində aliment düşür ki, həmin məbləğdə aliment azyaşlı uşaqların saxlanması üçün tam kifayət etməz, uşaqların maddi sıxıntıya düşmələrinə səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 1990-cı ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2017-ci il təvəllüdlü Dövlətxanova Zəhra Şamil qızının və xx xxxxxxxx 2020-ci il təvəllüdlü Dövlətxanova Zaida Şamil qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar