Məhkəmə qərarları › İş №2(029)-286/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-286/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-286/2025 22.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 12 avqust 2022-ci il tarixində dünyaya gəlmiş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşağın onun himayəsində saxlanılması və həmin uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə 0.625 mislində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci ildə faktiki olaraq ailə qurmuşdur. Nikahları isə 12 iyul 2021 -ci il tarixdə Masallı Regional “Asan Xidmət” X1 426 nömrəsi ilə qeydə aldırmışlar. Birgə ailə münasibətlərindən 12 avqust 2022-ci il tarixdə Miray adlı övladı dünyaya gəlmişdir. Uşaq sağ və salamat olmaqla hazırda onunla atasına məxsus evdə yaşayır. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonralar ailə daxili məsələlərlə bağlı münasibətləri pozulmuşdur. Münasibətləri pozulduğu üçün övladını götürərək cavabdehdin evindən çıxıb atasının himayəsinə sığınmışdır. Övladının bu çətin günlərində mənəvi qayğıya ehtiyacı olduğu kimi maddi təminata da ehtiyacı vardır. Çünki heç yerdə işləmir, valideynlərinin himayəsində yaşayır. Bu barədə Lənkəran 1 saylı Mediasiya təşkilatına da müraciət etmişdir və ona rəsmi qaydada arayış da təqdim edilmişdir. Məhz bu səbəbdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment tələbi barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşağın onun himayəsində saxlanılması və həmin uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə 0.625 mislində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, nikahın pozulmasına və uşağın iddiaçının himayəsində qalmasına razıdır. O, iddiaçının iddia ərizəsində tələb etdiyi 250 manat ödəməyə razı deyildir. O, heç bir yerdə işləmir, hal-hazırda işsizdir. O, 200 manat məbləğdə aliment ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 405734 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 nikahları 12 iyul 2021-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı “Həmzəyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 765948 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Rüfanə Həmzəyeva ilə Cavabdeh 12 iyul 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahları həmin tarixdə Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 12 avqust 2022-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə birgə təsərrüfat aparmırlar. Hal-hazırda nikah formal xarakter daşıyır, ailənin bərpasına ümid yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah hazırda formal xarakter daşıdığından, ailənin bərpasına heç bir ümid olmadığından onlar arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1, 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə Rüfanə Həmzəyeva ilə Cavabdeh birgə nikahlarından doğulmuş Miray adlı uşağın hüquq və mənafelərini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, uşağın hazırkı yaşda anasına daha bağlı olmasını, ana qayğısına ehtiyacının daha artıq olmasını, cavabdehin mövqeyini, həmçinin yuxarıda sadalanan digər hallarınəzərə alaraq hesab edir ki, həmin uşağın anası İddiaçı himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi həmin şəxsin yaşayış yerinin müəyyən edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 -ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alaraq hesab edir ki, 12 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19-22, 60, 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 12 iyul 2021-ci il tarixli nikah pozulsun. 12 avqust 2022-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılsın və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. Cavabdeh İddiaçı xeyrinə 12 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əməkhaqqının 0.50 misli miqdarında aliment tutulsun. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar