Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-296/2021 19.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Cavabdeh X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx xxx 2008-ci il təvəllüdlü Ramina adlı uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərk işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh ilə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx xxx 2008-ci il təvəllüdlü Ramina və xx xxxxxx 2011-ci il təvəllüdlü Ramin adlı iki uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin 2(029)-742/2013 saylı xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Lakin, uşaqların kimin himayəsində qalması müəyyən edilməmişdir. Nikahları pozulduqdan sonra xx xxx 2008-ci il təvəllüdlü Ramina və xx xxxxxx 2011-ci il təvəllüdlü Ramin adlı uşaqlar cavabdehin yanında yaşamışlar. 2018-ci ilin may ayında xx xxx 2008-ci il təvəllüdlü Ramina adlı uçaq onun yanına gələrək onunla qalmaq istədiyini, qəti şəkildə bir daha anasının yanına qayıtmaq istəmədiyini bildirmişdir. Bu barədə o, Qusar rayon məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2(029)- 765/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Ramina adlı uşağın onun himayəsində saxlanması qət edilmişdir. Lakin, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən cavabdehin həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilərək Qusar rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair xx xxxx 2019-cu il tarixli 2(105)-894/2019 saylı qətnamə qəbul edilmişdir. Ali Məhkəmənin xx xxxxxxxx 2019cu il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Cavabdeh razılığı ilə qanuni qüvvəyə minmiş Qusar rayon məhkəməsinin 2(029)-415/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx xxx 2008-ci il təvəllüdlü Ramina adlı uşaq onun himayəsində, xx xxxxxx 2011-ci il təvəllüdlü Ramin adlı uşaq isə cavabdehin himayəsində saxlanılmışdır. Buna görə də, onun himayəsində saxlanılmış Ramina adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu ərazisində yerləşən “Şahdağ” X3 uşaq bağçasında təlimatçı işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Həmin puldan hər ay 50-60 manat tutulur, 60 manat uşağı hazırlayan müəllimə verir. Hazırda onun iddiaçı ilə birgə nikahlarından anadan olmuş Ramina adlı uşağın saxlanması üçün hər ay 80 manat aliment ödəməyə imkanı vardır. İddiaçı ilə birgə nikahlarından anadan olmuş Ramin adlı uşaq hazırda onun himayəsindədir, həmin uşağa o, özü baxır, iddiaçıdan həmin uşağın saxlanılması üçün onun xeyrinə hər ay 100 manat pul tutulur. Odur ki, iddianın qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə Ramina adlı uşağın saxlanması üçün hər ay 80 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T 120610 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)- 415/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 Naidə Namiq qızının, xx xxx 2008-ci il təvəllüdlü X5 isə İddiaçı himayəsində saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Ramina adlı uşaq iddiaçının, Ramin adlı uşaq isə cavabdehin yanında yaşayırlar. Ramina adlı uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Ramina adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay sabit pul məbləğində iddiaçının istədiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 100 (yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız ananın deyil, həm də atanın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız anadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 1990-cı ildə X6 Vilayəti Samoylov rayonunda anadan olmuş, Qusar rayonu Düztahir kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 100 (yüz) manat miqdarda aliment tutulsun. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-296/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-296/2021
19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver