Məhkəmə qərarları › İş №2(029)-309/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-309/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-309/2020 21.05.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Tərcüməçi X8 iştirakları ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxx 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, maraqlı şəxslər Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin Cavabdeh aid hissəsinin ləğv olunmasına və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən Cavabdeh verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Qayakənd kəndində onun tam mülkiyyətində olan ümumi sahəsi 0.679 ha torpaq sahəsi xx xxxxxxx 2019-cu il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X21 0.05 və 0.01 ha, X2 0.01 ha, X11 0.03 ha, Cavabdeh 0.02 ha, X10 0.04 ha və 0.15 ha, X14 0.04 ha, X5 0.04 ha və X15 0.03 ha müxtəlif qiymətlərə razılaşaq satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən alıcılar aldıqları torpaq sahələrini bölgü planı hazırlayaraq satdığı torpağı bölüblər və bölgü ilə razılaşaraq imzaları ilə təsdiqləyiblər və hal-hazırda aralarında heç bir mübahisə yoxdur. Alıcılar aldıqları torpaq sahələrinə görə müxtəlif qiymətlə razılaşaraq pulunu vermişlər. Lakin alıcılardan biri olan iş üzrə Cavabdeh pulunu bu günə qədər verməmişdir. Mülkiyyətində olan 0.679 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini Cavabdeh satan vaxt onlar 2400 (iki min dörd yüz) manata razılaşmışlar. Razılaşdıqdan sonra cavabdeh ona bildirmişdir ki, bir aya pulunu qaytaracaq. Qusar rayonunda yaşadıqları üçün və onu tanıdığı üçün cavabdehə inanmışdır. Cavabdeh ilə razılığa gələndən sonar onlar notariat ofisində formal olaraq alqı-satqı müqaviləsini bağlamışlar və həmin müqavilədə güya Cavabdeh tərəfindən ona satılmış torpağa görə 2400 (iki min dörd yüz) manat verilməsini qeyd etdirmişlər və hər ikisi müqaviləni imzalamışlar. Müqaviləni imzaladıqdan sonar Cavabdeh ilə notariat ofisinin yanında duraraq bir daha bu barədə danışmışlar və cavabdehdən bir daha borcunu gecikdirmədən danışdıqları vaxtda verməsini xahiş etmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan və notariusda təsdiqləndikdən sonra Cavabdeh həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 mülkiyyət hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində 221 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydə alınmış xx xxxxxx 2019-cu il tarixdə Çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan bir ay müddət keçdikdən sonra cavabdehə zəng edərək pulunu istəmişdir. Cavabdeh üzrxahlıq edərək ona qısa bir zamanda pulunu qaytaracağını bildirmişdir. O, cavabdehə yenidən inanaraq bir az daha gözləməyi qərara almışdır. Lakin cavabdeh dediyi vaxt pulu qaytarmadığı üçün yenidən zəng etmiş və pulu qaytarmayacağı halda o, alqı-satqı müqaviləsini ləğv etdirəcəyini bildirmişdir. Aralarında bağlanmış olan xx xxxxxxx 2019-cu il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Lakin Cavabdeh bundan istifadə edərək torpağı onun əlindən almışdır. Hesab edir ki, cavabdeh tərəfindən aldadılaraq cavabdehə satdığı torpağın əvəzində öhdəsinə götürdüyü müəyyənləşdirilmiş pul məbləğini ödəmədiyi üçün bundan başqa aralarında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsi uydurma görünüş üçün bağlandığından ləğv olunmalıdır və həmin müqaviləyə əsasən Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən Cavabdeh verilmiş Çıxarış etibarrız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı qeyd etdiyi kimi iddiaçıya məxsus olan Qusar rayonunun Qayakənd kəndi ərazisində yerləşən 0.02 hektar torpaq sahəsini pulunu sonradan verməklə razılaşaraq almışdır. Həmin torpağa görə iddiaçıya 2400 (iki min dörd yüz) manat pul verməli olmuş, lakin həmin pulu imkanı olmadığına görə hal-hazıra kimi İddiaçı qaytarmamışdır. İddiaçı ilə aralarında xx xxxxxxx 2019-cu il tarixdə Qusar rayon Notariat Ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. O, xx xxxxxxx 2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ona dair hissədə və həmin alqı-satqı müqaviləsi əsasında adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə razıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Qusar rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat edilmələrinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə maraqlı şəxslər Qusar rayon Notariat Ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. İşdə olan AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı məxsus Qusar rayonunun Qayakənd kəndində yerləşən ümumi sahəsi 0.679 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini X27 9000.00 (doqquz min) manata, 0.1 ha hissəsini yenə X27 18000.00 (on səkkiz min) manata, 0.1 ha hissəsini X6 18000.00 (on səkkiz min) manata, 0.03 ha hissəsini X17 2400.00 (iki min dörd yüz) manata, 0.02 ha hissəsini Cavabdeh 2400.00 (iki min dörd yüz) manata, 0.04 ha hissəsini X16 7200.00 (yeddi min iki yüz) manata, 0.15 ha hissəsini yenə X16 27000.00 (iyirmi yeddi min) manata, 0.04 ha hissəsini X22 7200.00 (yeddi min iki yüz) manata, 0.04 ha hissəsini X9 7200.00 (yeddi min iki yüz) manata, 0.03 ha hissəsini X23 1800.00 (bir min səkkiz yüz) manata almışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş Bölgü Planının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, X17, X6, Cavabdeh, X27, X9, X23, X22 və X4 rayonunun Qayakənd kəndi ərazisində yerləşən 0.679 ha torpaq sahəsinin bölgüsü ilə razılaşmış və bölgü planı öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən **********15 reyestr nömrəli 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 5 saylı X30 tərəfindən verilmiş AN № 450483 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qayakənd kəndi ünvanında yerləşən **********15 reyestr nömrəli 0.02 ha torpaq sahəsinin hüquq sahibi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx xxxxxx 2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən **********06 reyestr nömrəli 0.679 ha çoxillik əkmələr təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxxx 2019-cu il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Qusar rayonunun Qayakənd kəndində yerləşən ümumi sahəsi 0.679 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini X27 9000.00 (doqquz min) manata, 0.1 ha hissəsini yenə X27 18000.00 (on səkkiz min) manata, 0.1 ha hissəsini X6 18000.00 (on səkkiz min) manata, 0.03 ha hissəsini X17 2400.00 (iki min dörd yüz) manata, 0.02 ha hissəsini Cavabdeh 2400.00 (iki min dörd yüz) manata, 0.04 ha hissəsini X16 7200.00 (yeddi min iki yüz) manata, 0.15 ha hissəsini yenə X16 27000.00 (iyirmi yeddi min) manata, 0.04 ha hissəsini X22 7200.00 (yeddi min iki yüz) manata, 0.04 ha hissəsini X9 7200.00 (yeddi min iki yüz) manata, 0.03 ha hissəsini X23 1800.00 (bir min səkkiz yüz) manata almışlar. Həmin alqı-satqı müqaviləsinə əsasən alıcılar tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş torpaq sahəsinin Bölgü Planını ilə razılaşmış və həmin bölgü planını öz imzaları ilə təsdiqləmişlər. Cavabdeh 0.02 ha torpaq sahəsini alqı-satqı müqaviləsində də qeyd olunduğu 2400.00 (iki min dörd yüz) manat ödəməklə almış və alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış tərtib olunmuşdur. Cavabdeh həmin 0.02 ha torpaq sahəsinə görə razılaşdıqları 2400.00 (iki min dörd yüz) manat pulu hal-hazıra kimi iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə qaydasında etibarsız hesan edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasəntorpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Göründüyü kimi, iddiaçı özünə məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən 0.679 ha torpaq sahəsini AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən aralarında razılaşdırılmış qiymətlərlə və bölgü planı üzrə X24, X3, X11, Cavabdeh, X10, X14, X7 və X1. Cavabdeh razılaşdıqları 2400.00 (iki min dörd yüz) manatı İddiaçı qaytarmamışdır. Ona görə də sözügedən alqı-satqı müqaviləsi Cavabdeh dair hissədə ləğv olunmalı və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirmişlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxxx 2019-cu il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi Cavabdeh dair hissədə ləğv olunsun və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar