Məhkəmə qərarları › İş №2(029)-312/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-312/2022

14.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-312/2022 14.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehklər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair iddia tələbi üzrə üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13 fevral 2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin və satıcı X6 ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və adına verilmiş 22 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ilin yanvar ayında Qusar rayonu Urva kəndində yaşayan Cavabdeh2 Şıxaydın oğlu ilə razılaşıb Cavabdeh2 Şıxaydın oğlunun onun yaşadığı evin arxasında Qusar rayonu Urva palasa kəndinin ərazisində yerləşən 1,14 ha torpaq sahəsini almışdır. Lakin sənədləşmə işlərinə pulu çatmadığına görə alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. Cavabdehlə razılaşıb həmin torpaq sahəsinin 10 illiyə icarəyə götürməyi barədə onunla və atası X6 ilə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 11 yanvar 2003-cü il tarixli iki icarə müqaviləsi bağlamışdır. Hər iki icarə müqaviləsinin müddəti 11 yanvar 2013-cü ildə bitirdi. Cavabdeh2la razılaşmışdılar ki, həmin vaxt ya alqı-satqı müqaviləsi bağlayar və ya icarə müqaviləsinin müddətini uzadarlar. Ancaq Cavabdeh2 və onun ailə üzvləri gözlənilmədən 2015-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət edərək ona icarə verdikləri torpağın qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə iddia qaldırmışlar. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh kimi o, onları aldadaraq iddiaçılara məxsus Qusar rayonu Urva oba kəndində yerləşən 1,14 ha torpaq sahəsini 11 yanvar 2003-cü il tarixli icarə müqaviləsi bağlayaraq qanunsuz olaraq istifadə etmiş, həmin müqavilənin müddəti 11 yanvar 2013-cü ildə bitdiyi halda, cavabdeh torpağı zəbt edərək qaytarmamış və bununla onların mülkiyyət hüquqlarını pozmuşdur. Qusar rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov, iş № 2(029)-680/2015) iddiaçılar Cavabdeh2 Şıxaydın oğlu, X10, X11 və X12 cavabdeh İddiaçı qarşı “Qusar rayonunun Urva palasa kəndində yerləşən onlara məxsus 1,14 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən Cavabdeh2 Şıxaydın oğlu, X10 və X15 apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və L.M.Məmmədova, iş № 2(105)-510/2016) apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral ci il tarixli qərarı ilə (hakimlər Ə.M.Rüstəmov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və Ə.Ə.Şadiyev, iş № 2(102J-781 /2017) iddiaçıların kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(105)- 510/2016 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov və T.Q.Məmmədov, iş № 2(105)-2035/2017) iddiaçılar Cavabdeh2 Şıxaydın oğlu, X10 və X12 apelyasiya şikayəti təmin edilmiş, Qusar rayon Məhkəməsinin 27 avqust 2015-cı il tarixli, 2(029)-680/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək Qusar r-nu Urvaoba kəndində yerləşən 1,14 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılması qət edilmişdir. Göstərilən qətnamədən onun tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər T.A.Qoldman (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və G.A.Quliyev, iş № 2(102)-6408/2018) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli, 2(105)-2035/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edilmişdir. Belə ki, qonşusu Cavabdeh1 ona həmin torpaq sahəsinin 2008-ci ildən özünə məxsus olmasını bildirərək bu barədə sənədlərin surətini təqdim etmişdir. Həmin sənədlər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli **********03 nömrəli məktubla (məktub cavabdeh tərəfindən 13 mart 2021 -ci ildə alınmışıdr) müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 İddiaçı icarəyə verdiyi 1,14 ha torpaq sahəsini 13 fevral 2008-ci ildə Qusar rayon Dövlət Notariat Kontorunda 471/26 və 471/27 reyestr nömrələri ilə qeydə alınmış alqı-satqı müqavilələri ilə Cavabdeh1 əri X2, bundan sonra Səməndər Əmirxanova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış verilmişdir. 20 yanvar 2013-cü ildə Səməndər Əmirxanovun ölümündən sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik əsasında arvadı Cavabdeh1 keçmiş və onun bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 fevral 2018-ci il tarixli RX seriya ******* nömrəli çıxarışla təsdiq olunmuşdur. Göründüyü kimi, Cavabdeh2 onunla bağladığı 11 yanvar 2003-cü il tarixli 10 illik icarə müqavilələrinin vaxtının bitməsinə 5 il qalmış, 13 fevral 2008-ci ildə ona məlumat vermədən müqavilənin predmeti olan torpaq sahəsini Səməndər Əmirxanova satmışdır. Halbuki, hər iki icarə müqaviləsinin 3.2ci bəndində göstərilmişdir ki, icarəyə götürülmüş sahələrin başqasına icarəyə verilməsinə, özbaşına dəyişdirilməsinə, alınıb-satılmasına, girov qoyulmasına və torpaq qanunvericiliyinin digər hallarının pozulmasına yol verilmir. İcarə müqavilələrinin şərtlərini kobud surətdə pozan Cavabdeh2 bununla kifayətlənməmiş, heç bir subyektiv hüququ olmadan 5 il əvvəl satdığı, artıq ona məxsus olmayan, Səməndər Əmirxanovun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmış, məhkəmə isə həmin iddianı təmin etmişdir. Bu səbəbdən göstərilən iddia tələbi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi üçün yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ərizə verilmişdir. Bununla yanaşı, hesab edir ki, Cavabdeh2 və mərhum atası X6 mərhum Səməndər Əmirxanov arasında bağlanmış 1,14 ha torpaq sahəsinin alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından etibarsız hesab olunmalı və həmin müqavilələrə uyğun olaraq qonşusu Əmirxanovlar ailəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Lakin Cavabdeh2la Səməndər Əmirxanov arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqavilələri mülki qanunvericiliyin şərh olunan normalarının pozulması ilə bağlanmışdır. Hesab edir ki, cavabdehlərin əsassız və qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin bildirilmişdir ki, iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərin əsli Qusar Rayon Məhkəməsində olan 2(029)-680/2015 nömrəli mülki iş materiallarında saxlanıldığından onların notariat qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə etmək mümkün olmamışdır. Bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilmiş sorğu icra olunmamışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hər iki tərəfdə onun qonşusudur. İddiaçı ilə Cavabdeh1 evlərinin arasında olan məsafə 10-20 metrdir. O, qonşular arasında mübahisə olmasını istəmir. Mübahisəli torpaq olan Urva palasa ilə tərəflərin yaşadığı Yeni-Həyat qəsəbəsini bir arx ayırır. İddiaçı iddia tələbində haqlıdır. İcarə müqaviləsinin bitməsinə 5 il qalmış Cavabdeh2 Şıxaydın oğlu torpağı X1. Mübahisəli torpaq iddiaçıya icarəyə verildiyi üçün ilk əvvəl torpağın satılması üçün ona müraciət olunmalı idi, çünki, torpağın alınmasında üstünlük onda idi. Cavabdeh1 xəbəri var idi ki, mübahisəli torpaq ilk əvvəl ona təklif olunmuş, o isə, buna razı olmamışdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiləri və vəkilinin dedikləri yalandır və onun dediklərini qəbul etmir. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh2 Şıxaydın oğluna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat ofisinin notariusuna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İşdə olan 13 fevral 2008-ci il tarixli 4ə-i/26 reyestr nömrəli müqavilənin surətindən görünür ki, X6 oğlu və X3 rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 15/5nu qərarı əsasında onlara məxsus Qusar rayonu urva-palasada yerləşən 0.81 torpaq sahəsini vətəndaş X7 800 (səkkiz yüz) manata satmışdır. İşdə olan 13 fevral 2008-ci il tarixli 4ə-i/27 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 Şıxaydın oğlu özünə və ailə üzvlərinə Qusar rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 15/5nu qərarı əsasında onlara məxsus Qusar rayonu urva-palasada yerləşən 2.03 torpaq sahəsindən 0.76 ha torpaq sahəsini vətəndaş X7 1200 (min iki yüz) manata satmışdır. İşdə olan Seriya MH ******* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayon Urvaoba kəndində yerləşən 1.1416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 qanuni sahibliyindədir. İşdə olan Seriya RX ******* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********38 olan Qusar rayon Urvaoba kəndində yerləşən 1.1416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyindədir. İşdə olan 11 yanvar 2003-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Urva kənd sakini X6 oğlu Qusar rayonu Urva palasa kəndində mülkiyyətində olan 0.81 ha torpaq sahəsini Xaçmaz rayonu ,Yeni-Həyat kənd sakini İddiaçı 10 il müddətinə icarəyə vermişdir. İşdə olan 11 yanvar 2003-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Urva kənd sakini Mehmandarov X21 rayonu Urva palasa kəndində mülkiyyətində olan 0.76 ha torpaq sahəsini Xaçmaz rayonu ,Yeni-Həyat kənd sakini İddiaçı 10 il müddətinə icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(102)-6408/2018 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2035/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Urvaoba kəndinin ərazisində yerləşən 0.81 ha və 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 Şıxaydın oğluna və onun ailə üzvlərinə məxsus olmuşdur. Qusar rayonu Urvaoba kəndində yerləşən 0.81 ha və 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhum X7 13 fevral 2008-ci il tarixli 4ə-i/26 reyestr nömrəli və 13 fevral 2008-ci il tarixli 4ə-i/27 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında satılmışdır. İddiaçı həmin torpaq sahələrinin 2003-cü ildə Cavabdeh2 Şıxaydın oğlundan 10 il müddətinə icarəyə götürdüyünü bildirmişdir. İcarə müqaviləsinin 2013-cü ildə bitmişdir. İddiaçı X5 həmin torpaq sahələrini Cavabdeh2 Şıxaydın oğlundan alarkən icarə müqaviləsindən xəbərdar olması barədə barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Həmçinin iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 659-661-ci maddələrinə əsasən iddia tələbi əsassızdır. Belə ki, X4 gedən torpaq sahələrini alqı satqı müqaviləsi üzrə Cavabdeh2 Şıxaydın oğlundan satın alarkən iddiaçı Cavabdeh2 Şıxaydın oğlunun həmin torpaq sahəsinə hər hansı hüququnun olubolmaması barədə bilməmiş və bilə bilməzdi. Bununla da o, həmin torpaq sahəsini vicdanlı şəkildə almışdır. Odur ki, məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13 fevral 2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin və satıcı X6 ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və adına verilmiş 22 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13 fevral 2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin və satıcı X6 ilə alıcı X9 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və adına verilmiş 22 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar