Məhkəmə qərarları › İş №2(029)-313/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-313/2021

01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-313/2021 01.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 170 manat sabit pul məbləğində alimentin alınaraq xx xxxx 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü Miray adlı uşaqları anadan olmuşdur. Onlar ailə həyatı qurduqdan sonra bir müddət münasibətləri yaxşı olmuş, sonradan münasibətləri təmamilə pisləşmişdir. Hal-hazırda bir-birindən ayrı yaşayırlar. Ayrılmaqlarının əsas səbəbi xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Onlar faktiki olaraq ayrılmış, uzun müddətdir ki, ər-arvad münasibətlərində deyillər. Ayrıldıqdan sonra Miray adlı uşaq onun himayəsində qalmışdır. O, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Ona görə də, cavabdehdən onun xeyrinə hər ay ödənilən sabit pul məbləği formasında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın tam təmin olunması, cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və izahatında göstərmişdir ki, o, iddiaçı ilə rəsmi boşanmamış, lakin faktiki olaraq ayrı yaşayırlar. Miray adlı uşaq iddiaçının yanında yaşayır. Həmin uşağın saxlanması üçün hər ay 170 manat məbləğində aliment ödəməyə razıdır və bu barədə qətnamə çıxarılmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 358417 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx xxxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və iddiaçı “Vəzirova” soyadını qəbul etmişdur. İş materiallarında olan AZ-İV 512161 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi boşanmasalar da, ərarvad münasibətlərini kəsməklə ayrı yaşayırlar, birgə nikahlarından anadan olmuş Miray adlı uşaq hal-hazırda İddiaçı yanında yaşayır. Həmin uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Miray adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, alimentin məbləği barədə razılıqlarını, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı Qonaq qızı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 1996-cı ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 170 (yüz yetmiş) manat miqdarda aliment tutulsun. Alimentin tutulması xx xxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar