Məhkəmə qərarları › İş №2(029)-320/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-320/2022

11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-320/2022 11.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı X1 qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı nümayəndəsi Nümayəndə X1 qarşı aliment ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçının nümayəndəsinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, elektron poçt ünvanı, telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi göstərilməmiş, cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, elektron poçt ünvanı göstərilməmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri müvafiq qaydada təsdiq olunmamış, cavabdehə təqdim edilməsi üçün müvafiq sayda əlavə olunmamışdır. Bundan başqa, iddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, onun nümayəndə kimi həmin ərizəni imzalamağa səlahiyyəti olması barədə müvafiq sənəd-yəni vəkil orderi ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla, həmnçinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılsın. İddiaçı nümayəndəsi Nümayəndə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar