Məhkəmə qərarları › İş №2(029)-366/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-366/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-366/2023 02.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2013-cü il təvəllüdlü Amina və xx.xx.2017-ci il təvəllüdlü Anisa adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 250 manat, cəmi isə 500 miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 oktyabr 2018-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olub ailə qurmuş, birgə yaşadıqları dövrdə xx.xx.2013-cü il təvəllüdlü Amina və xx.xx.2017-ci il təvəllüdlü Anisa adlı uşaqları anadan olmuşlar. Cavabdehlə ailə həyatı qurduqdan sonra onunla bir müddət Rusiya Federasiyasında yaşamış və münasibətləri yaxşı olmuşdur. Lakin, sonradan xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri soyumuş və ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Artıq xeyli müddətdir ki, o, cavabdehdən ayrılıb azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır.Cavabdehlə faktiki ayrıldığı vaxtdan indiyədək Amina və Anisa adlı uşaqlar onun yanında yaşayırlar, onların qayğılarına təkbaşına qalır, cavabdeh həmin uşaqlarla maraqlanmır, onların tərbiyəsində və maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Bu, isə onun üçün çətinliklər yaradır. Cavabdeh işləməklə yüksək qazanc əldə edir, valideyn kimi uşaqların saxlanmalarında iştirak etmək üçün hər cür imkanı vardır.O, cavabdehlə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə nikahın aliment tələbinə dair təkliflə Cavabdeh, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. Həmin şəxs ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı mediasiya prosesinə xitam verilmişdir.Cavabdehdən məhkəmə qaydasında onun xeyrinə Amina və Anisa adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanmaları üçün aliment tutulmalı, alimentin miqdarı sabit pul məbləğində hər ay hər uşağa görə 250 manat müəyyən olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, cavabdeh ilə 2012-ci ildə nikahı rəsmi qeyd etdirmədən ailə həyatı qurmuş, 2017-ci ildə isə onlar ayrılmışlar. Birgə yaşadıqları vaxtda onların iki uşaqları olub. Ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalıb. Cavabdeh ilə ayrılmazdan əvvəl cavabdeh ayda nə qədər pul qazandığını bilmir, ancaq onun maddi vəziyyəti yaxşı olub. O, iki uşağına özü baxır. Çətinlikdə olsa da,ayda uşaqlarına 200 manat pul xərcləyir, uşaqlar məktəbə gedirlər. Uşaqların xərcləri çoxdur. Cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa heç olmasa 200 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, onlar ailəli olmuşlar, sonradan ayrılmışlar. Onların iki uşaqları var, uşaqlar iddiaçının himayəsindədir. Onlar ayrılan vaxtdan 2-3 aydan sonra o, uşaqlara Qusar şəhərində hazırda onların yaşadığı evi alıb vermişdir. Həmin evdə iddiaçı bacısı ilə yaşayır, onun qardaşı da həmin evə gəlib gedir. İddiaçıya hər ay 200-300-400 manat pul göndərmişdir. O, iddiaçıdan ayrıldıqdan sonra təzədən ailə həyatı qurmuş, həmin nikahdan iki uşağı var. O, rəsmi olaraq tikinti şirkətində işləyir, ayda 350-380 manat əmək haqqı alır. O, uşaqların saxlanması üçün uşaqlara 280-300 manat pul verə bilər. Təzədən ailə qurmağını, himayəsində xəstə qardaşı və anasının olmasını nəzərə almasını xahiş etmişdir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan İİİ-БД605055 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 aprel 2013-cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçkala şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan İV-БД597886 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 yanvar 2017-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçkala şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə baxış iclasında ərizə təqdim edərək Cavabdeh uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 250 manat, cəmi isə 500 miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonra iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsini müdafiə etməsi, əlavə vəsatəti olmadığını, işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməməsi barədə ərizə verdiyindən İddiaçı məhkəmə baxış iclasında Cavabdeh uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulmasına dair ərizəsini baxış iclasında verməməsini əsaslandırmadığından həmin ərizəsi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası MPM-nin 78-1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə yaşadıqları müddətdə anadan olmuş Amina və Anisa adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində deyil, hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 4560 manat (12 X 380=4560) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 4560 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 3560 (4560-1000=3560) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 35.6 manat, cəmi isə 65.60 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 aprel 2013-cü il təvəllüdlü X1 və 11 yanvar 2017-ci il təvəllüdlü X2 saxlanması üçün yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üz yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 14 mart 2023-cü il tarixdən hesablansın. Cavabdeh 65.60 (altmışbeş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar