Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-370/2021 14.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadıqları müddətdə anadan olmuş xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin aprel ayında nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə xx xxxxxx 2019-cu il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və 2020-ci ilin yanvar ayından ayrı yaşayırlar. Cavabdehlə ayrıldıqları vaxtdan Yahya adlı uşaqları onun himayəsindədir. Cavabdeh həmin uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağı ilə ümumiyyətlə maraqlanmır, uşağın maddi, məişət və digər ehtiyaclarının ödənilməsini təmin etmir, uşağı saxlamaq üçün ona heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalı və alimentin məbləği hər ay 175 (yüz yetmiş beş) manat müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, o, 2018-ci ildə cavabdehlə qeyri-rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu ildə Yahya adlı bir uşaqları anadan olmuş, 2020-ci ilin yanvar ayında isə cavabdehlə ayrılmışlar, artıq 1 ildən artıqdır ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdeh Yahya adlı uşağın saxlanması üçün ona heç bir köməklik göstərmir. Hazırda cavabdehin işləyib-işləməməsini, ayda nə qədər qazanc əldə etməsini bilmir. Odur ki, iddianın tam təmin olunması, cavabdehdən onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, 2018-ci ildə iddiaçı ilə qeyri-rəsmi ailə həyatı qurmuş, 2020-ci ilin yanvar ayında isə ayrılmışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2019-cu il təvəllüdlü Yahya adlı bir uşaqları anadan olmuşdur. Hazırda o, usta köməkçisi işləyir, günə təxminən 15 manat məbləğində pul qazanır. Aylıq gəliri təxminən 400-450 manat təşkil edir. Onun başqa bir qadınla olan rəsmi nikahından da iki uşaqları vardır. Yahya adlı uşağın saxlanması üçün aliment ödəməyə razıdır, lakin hər ay 175 manat aliment ödəməyə imkanı yoxdur, ayda 70-80 manat məbləğində aliment ödəyə bilər. Odur ki, aliment tutularkən həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 419189 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 508 saylı arayışdan görünür ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı ilə birlikdə Qusar rayonu Əvəcuq kəndində X2 məxsus evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olaraq qeyri-rəsmi ailə həyatı qurmuşlar, birgə yaşadıqları müddətdə xx xxxxxx 2019-cu il təvəllüdlü Yahya adlı bir uşaqları anadan olmuşdur. Hazırda tərəflər ayrılmışlar, Yahya adlı uşaq anası İddiaçı himayəsindədir. Həmin uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Yahya adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının hər ay sabit pul məbləğində İddiaçı tələb etdiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 120 (yüz iyirmi) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda alimentin miqdarının İddiaçı tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının Cavabdeh qeyd etdiyi kimi hər ay 70 və ya 80 manat məbləğində müəyyən olunmasını da uşağın mənafeyi baxımından düzgün və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 1986-cı ildə Quba şəhərində anadan olmuş, Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat miqdarda aliment tutulsun. Alimentin tutulması xx xxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-370/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-370/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver