Məhkəmə qərarları › İş №2(029)-372/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-372/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-372/2021 15.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından xx xxx 2019-cu il tarixdə anadan olmuş uşaqları X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2018-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxx 2019-cu il tarixdə bir uşaqları-X4-anadan olmuşdur. Onlar faktiki olaraq xx xxxxxx 2021-ci il tarixdən ayrı yaşayırlar. Oğlu Yusif onun himayəsindədir. O və oğlu Qusar rayonu Köhnə Xudat kəndində valideynləri ilə birlikdə onlara məxsus evdə yaşayırlar. Heç bir yerdə işləmir və digər gəliri yoxdur. Uşağını valideynlərinin köməyi ilə çox çətinliklə saxlayır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdeh Qusar rayon Mühafizə İdarəsində işləməklə normal əmək haqqı alır. Onunla uşağın saxlanması üçün heç cür razılığa gələ bilmirlər. Uşağın saxlanması üçün alimentin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, o, cavabdehlə 2018-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Yusif adlı bir uşaqları anadan olmuşdur. Qaynanası və qaynatası tərəfindən ailəyə müdaxilələr olduğundan xx xxxxxx 2021-ci il tarixdən cavabdehdən faktiki olaraq ayrılmışdır. Hazırda o, Yusif adlı uşaqla valideynlərinin evində yaşayır. Aralarındakı nikah isə pozulmamışdır. Cavabdeh iki aydır ki, uşaqla maraqlanmır. Odur ki, iddianın tam təmin olunması, cavabdehdən onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, 2018-ci ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından Yusif adlı bir uşaqları anadan olmuşdur. xx xxxxxx 2021-ci il tarixdən iddiaçı ilə ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar. O, X9 İdarəsində mühafizəçi işləyir, aylıq əmək haqqı 270 manat təşkil edir. Həmin əmək haqqının 25 faizi və ya 70-80 manat məbləğində aliment ödəyə bilər. Odur ki, aliment tutularkən həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “nikah haqqında akt qeydi”ndən çıxarışdan görünür ki, Cavabdeh ilə X3 arasındakı nikah Qusar rayon İHB-nın Hil kənd İƏN-də xx.xx.2018-ci il tarixli 07 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, iddiaçı “Yarmətova” soyadını qəbul etmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X4 xx xxx 2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha ailə həyatı qurmuşlar, birgə nikahlarından xx xxx 2019-cu il təvəllüdlü Yusif adlı bir uşaqları anadan olmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar, Yusif adlı uşaq anası İddiaçı himayəsindədir. Həmin uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Yusif adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının hər ay sabit pul məbləğində İddiaçı tələb etdiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 120 (yüz iyirmi) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda alimentin miqdarının həmin şəxsin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının Cavabdeh qeyd etdiyi kimi hər ay əmək haqqının 25 faizi və ya 70-80 manat məbləğində müəyyən olunmasını da uşağın mənafeyi baxımından düzgün və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 1994-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx xxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar