Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-384/2021 29.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayına kimi onun adına hesablanmış cəmi 5635 (beş min altı yüz otuz beş) manat 14 (on dörd) qəpik məbləğində əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 01 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 2020-ci ilin yanvar ayının 14-ə kimi işləmiş, Samur bələdiyyəsinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bələdiyyənin sədri vəzifəsindən azad olunmuşdur. Bu barədə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişində və əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Samur bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövr ərzində ona 2018-2019-cu illər ərzində cəmi 5635 (beş min altı yüz otuz beş) manat 14 (on dörd) qəpik məbləğində əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. Bir neçə dəfə Samur bələdiyyəsinin sədrinə 2018-2019-cu illər üzrə ona hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmiş, hər dəfə ona bələdiyyənin hesabına vəsait daxil olduqda ödəniləcəyinə söz verilmiş, lakin hal-hazıra kimi əmək haqqı ödənilməmişdir. Sonuncu dəfə Samur bələdiyyəsindən əmək haqqını 2020-ci ilin may ayında rəsmi qaydada poçt vasitəsi ilə göndərdiyi ərizəsi ilə tələb etmiş, lakin həmin ərizəsinə hal-hazıra kimi cavab verilməmişdir. 2018-2019-cu illər üzrə adına hesablanmış, lakin ödənilməmiş əmək haqqının aylar üzrə məbləği hesablanmaqla bu barədə arayışın verilməsi 18.02.2021-ci il tarixli, 06/21 saylı vəkil sorğusuna əsasən Samur bələdiyyəsindən tələb edilsə də, həmin sorğuya bu günə kimi cavab verilməmişdir. Odur ki, 5635 (beş min altı yüz otuz beş) manat 14 (on dörd) qəpik məbləğində əmək haqqı borcunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172 və 178-ci maddələrinə əsasən alınaraq ona verilməsini zəruri hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında göstərmişdir ki, İddiaçı 2020-ci ilin may ayında ödənilməmiş əmək haqqının ödənilməsi barədə Qusar rayonu Samur bələdiyyəsinə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Bundan başqa, iddiaçıya nə qədər əmək haqqının hesablanması barədə bələdiyyəyə vəkil sorğusu göndərilmiş, həmin sorğuya da cavab verilməmişdir. İddiaçı işlədiyi dövr ərzində bələdiyyənin büdcəsini tərtib etmiş, lakin büdcədə vəsait olmadığına görə əmək haqqı almamışdır. İddiaçı əmək haqqı almadan niyə işlədiyini bilmir. İddiaçı Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə büdcəyə nə qədər pul vəsaitinin daxil olması, büdcədən hansı məbləğdə pul vəsaitinin götürülməsi və hansı məqsədlər üçün xərclənməsi, bu barədə qərarların qəbul edilib-edilməməsi, dövlət tərəfindən bələdiyyəyə dotasiyaların verilib-verilməməsi, qəbul edilmiş qərarların və iclas protokollarının Ədliyyə Nazirliyinə və Sosial Müdafiə Fonduna göndərilməsi barədə məlumatı yoxdur. Əmək haqqı barədə bələdiyyə tərəfindən qəbul edilmiş qərar mövcud olsaydı bələdiyyə məhkəməyə təqdim edərdi. İddiaçı iddia müddətini ötürməmiş, çünki həmin şəxs 2020-ci ilin yanvar ayında işdən azad olunmuş, 2020-ci ilin may ayında bələdiyyəyə əmək haqqının ödənilməsi barədə müraciət etmiş və həmin vaxtdan isə 1 il müddət keçməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayonu Samur bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bələdiyyə sədri Elnarə Ayibova məhkəməyə ərizə göndərərək iş yükünün çox olması səbəbindən məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayibova məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Həmin iddianı etiraf etmir və bildirir ki, İddiaçı 2014-2019-cu illərdə Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Bələdiyyə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2018-ci ilin aprel ayında cəmi 822.00 manat, iyun-avqust aylarında cəmi 1135.00 manat, sentyabr ayında 611.25 manat, oktyabr ayında 828,00 manat, noyabrdekabr aylarında 1044.71 manat olmaqla 2018-ci ildə cəmi 5884.80 manat məbləğində bələdiyyə büdcəsindən pul vəsaiti götürmüşdür. Bundan başqa, İddiaçı 2019-cu ilin müxtəlif aylarında cəmi 2120 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin, həmin pul vəsaiti məqsədsiz xərclənmiş, həmçinin bəzi pul vəsaitlərinin büdcədən ayrılması barədə vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməklə müvafiq qərarlar qəbul edilməmiş, qəbul edilmiş qərarlar isə düzgün qəbul edilməmiş, kargüzarlıq qaydaları pozulmaqla qəbul edilmişdir. Bələdiyyələr haqqında qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin yerli büdcəsinin tərtib edilməsi, onun icrasına nəzarət edilməsi, o cümlədən bücədən pul vəsaitlərinin ayrılması birbaşa bələdiyyə sədrinin səlahiyyətinə aiddir. Bundan başqa, bələdiyyənin büdcəsində pul vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmalı və qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Lakin, İddiaçı bələdiyyə büdcəsindən pul vəsaitini götürsə də, bir çox pul vəsaitlərinin hansı məqsədlə, hansı təyinatla götürməsi barədə müvafiq qərarlar qəbul etməmişdir. Bu səbəbdən də, onun bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə əmək haqqı almaması barədə göstərdiyi dəlillər əsassızdır, ona görə də, ümumiyyətlə onun bələdiyədən əmək haqqı tələb etməsi qanunsuzdur. Qeyd olunanlara əsasən İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayibova məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək göstərmişdir ki, İddiaçı 2014-2019-cu illərdə Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. İddiaçı səlahiyyət müddəti bitdiyinə görə o, 14.01.2020-ci il tarixdə vəzifəsindən azad edilmişdir. Onun hazırda Qusar rayonu Samur bələdiyyəsindən əmək haqqı tələb etməsi qanunsuz və əsassızdır, həmçinin onun tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı vəzifəsindən azad edildiyi vaxtdan 1 ildən artıq müddət keçmiş və bununla da, onun bələdiyyədən pul tələb etməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, həmin şəxs 2018-ci il üçün pul vəsaitlərini 2019-cu ilin sonuna, 2019-cu il üçün pul vəsaitlərini isə 2020-ci ilin sonuna kimi tələb edə və bu barədə məhkəməyə müraciət edə bilərdi. Lakin, həmin şəxs həmin müddətlər ərzində belə bir iddia tələbi irəli sürməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməklə həmin əsasa görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qusar rayonu Samur bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı məxsus ******* saylı 27.02.2015-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, Qusar rayonu Samur bələdiyyəsinin 27.02.2015-ci il tarixli 02 saylı iclas protokoluna əsasən həmin bələdiyyənin sədri vəzifəsinə təyin edilmiş, bu barədə həmin tarixdə 09 saylı əmr qəbul edilmişdir. İşdə olan 26.08.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 01.03.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin tarixi göstərilməyən, İddiaçı və Rasim Şahnamazoviç tərəfindən imzalanmış arayışından görünür ki, İddiaçı həmin bələdiyyənin sədri vəzifəsində işləyərək hesablanmış, lakin ödənilməmiş əmək haqqı borcunun 2018-ci ilin mart ayından dekabr ayınadək 1862,20 manat, 2019-cu ilin yanvar ayından dekabr ayınadək 3772.94 manat olmaqla, cəmi 5634.14 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 18 sentyabr 2019-cu il tarixli 09 saylı iclas protokolunun surətindən görünür ki, 2019-cu il üçün bələdiyyənin ştat cədvəli 3 (üç) nəfər olmaqla aşağıda göstərilmiş əmək haqları ilə təsdiq edilməsi qərara alınmışdır: 1 Bələdiyyə sədri-330.0 manat,
2. Mühasib 320.0 manat,
3. Vergi müfəttişi 250.0 manat. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 71 saylı arayışından görünür ki, 2018 və 2019-cu illərin mövcud müxbirləşmə sənədləri üzrə aparılmış daxili araşdırma nəticəsində maliyyə vəsaitinin məqsədsiz xərclənməsi və bələdiyyə büdcəsindən pulun silinməsi halları aşkar edilmişdir. Belə ki, 2018-ci il üzrə cəmi 5884.80 manat, 2019-cu il üzrə 2120.00 manat məbləğində pul xərclənmişdir. Yuxarıda qeyd olunan hesablaşmalardan Samur bələdiyyəsi üzrə 2018-2019-cu illər üzrə büdcədən cəmi 8005.00 manat pul vəsaitinin nağd olaraq çıxarıldığı və məqsədsiz istifadə edildiyi, hesabdan silindiyi müəyyən edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 28 aprel 2021-ci il tarixli 73 saylı arayışından görünür ki, həmin bələdiyyə tərəfindən 2018-2019-ciu illərdə təsərrüfat məsrəfləri hesabına cəmi 8004.80 manat məbləğində pul xərclənmişdir. Həmin pulun 1435.0 manat hissəsi ilə bağlı bələdiyyə qərarı mövcud deyildir. Maliyyə vəsaitinin təsərrüfat məsrəflərinə yönəldilməsi barədə mövcud bələdiyyə iclaslarının protokolları Kargüzarlıq Haqqında Azərbaycan Respublikası Qanununa və kargüzarlığın aparılmasına dair Təlimatın tələblərinə uyğun deyildir. Həmin protokollar bələdiyyə üzvləri tərəfindən təsdiqlənməmişdir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər. Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. Həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Həmin Qanunun həmin Maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Göründüyü kimi, bələdiyyənin yerli büdcəsinin tərtib edilməsi, onun icrasına nəzarət edilməsi, o cümlədən büdcədən pul vəsaitlərinin ayrılması, o cümlədən bələdiyyənin aparatının idarə edilməsi, işçilərin əmək haqlarının ödənilməsi birbaşa bələdiyyə sədrinin səlahiyyətinə aiddir. Bundan başqa, bələdiyyənin büdcəsində pul vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmalı və qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. İddiaçı əmək haqqı tələb etdiyi dövrlərdə Qusar rayonu Samur bələdiyyəsinin büdcəsinin təşkil edilməsi, onun idarə edilməsi, gəlir və xərclərin müəyyən edilməsi, büdcədən pul vəsaitlərinin ayrılması, o cümlədən əmək haqlarının ödənilməsi məhz həmin şəxsin vəzifəsi olmuşdur. Lakin, müəyyən edilmişdir ki, İddiaçı bələdiyyə sədri vəzifəsində işlədiyi 2018-2019-cu illər üzrə bələdiyyə büdcəsindən pul vəsaitlərini götürsə də, bu barədə yuxarıda göstərilən məlum hüquq normalarının tələblərinə əməl edilmədən qərarlar qəbul edilmiş, bəzi hallarda isə büdcədən qərarsız pul vəsaitləri götürmüşdür. Həmin pul vəsaitlərinin təyinatı və məqsədi isə məhz həmin şəxs tərəfindən pozulmuşdur. Həmin dövrlər üzrə bələdiyyənin büdcəsindən təsərrüfat məsrəfləri kimi pul vəsaitləri götürülərkən bələdiyyə işçilərinin əmək haqlarının ödənilməsi də məhz həmin şəxsin vəzifəsi və borcu olmuşdur. Belə olan halda, İddiaçı 2018-ci ilin mart ayından etibarən əmək haqqı almadan Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işləməsi və səlahiyyət müddəti bitdiyinə görə tutduğu vəzifədən azad olunanadək bələdiyyə büdcəsindən əmək haqqı almaması barədə dəlillərini məhkəmə mötəbər və inandırıcı hesab etməyərək qəbul etmir. Bu səbəbdən də, məhkəmə iddianın əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bundan başqa, Əmək Məcəlləsində əmək haqqının ödənilməsi barədə mübahisələrə dair 1 il qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunsa da və həmin vaxtadək əmək haqqının verilməməsini, bununla da onun əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 1 il 3 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və həm də həmin əsasa görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV