Məhkəmə qərarları › İş №2(029)-385/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-385/2021

29.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-385/2021 29.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayına kimi onun adına hesablanmış cəmi 5489 (beş min dörd yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik məbləğində əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsində mühasib vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 2019-cu ilin dekabr ayının sonuna kimi işləmişdir. Bu barədə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişində müvafiq qeydiyyat aparılmışdır. Samur bələdiyyəsində mühasib vəzifəsində işlədiyi dövr ərzində ona 2018- 2019-cu illər ərzində cəmi 5489 (beş min dörd yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik məbləğində əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. Bir neçə dəfə Samur bələdiyyəsinin sədrinə 2018-2019-cu illər üzrə ona hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmiş, hər dəfə ona bələdiyyənin hesabına vəsait daxil olduqda ödəniləcəyinə söz verilmiş, lakin hal-hazıra kimi əmək haqqı ödənilməmişdir. Sonuncu dəfə Samur bələdiyyəsindən əmək haqqını 2020-ci ilin may ayında rəsmi qaydada poçt vasitəsi ilə göndərdiyi ərizəsi ilə tələb etmiş, lakin həmin ərizəsinə hal-hazıra kimi cavab verilməmişdir. 2018-2019-cu illər üzrə adına hesablanmış, lakin ödənilməmiş əmək haqqının aylar üzrə məbləği hesablanmaqla bu barədə arayışın verilməsi 18.02.2021-ci il tarixli, 07/21 saylı vəkil sorğusuna əsasən Samur bələdiyyəsindən tələb edilsə də, həmin sorğuya bu günə kimi cavab verilməmişdir. Odur ki, 5489 (beş min dörd yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik məbləğində əmək haqqı borcunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172 və 178-ci maddələrinə əsasən alınaraq ona verilməsini zəruri hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında göstərmişdir ki, o, 2016-cı ilin yanvar ayının 1-dən 2019-cu ilin dekabr ayına kimi Qusar rayonu Samur bələdiyyəsində mühasib vəzifəsində işləmişdir. Əvəllər o, əmək haqqı almış, lakin 2018-2019-cu illərin əmək haqqını almamışdır. Onun əmək haqqı əvvəlcə 180 manat olmuş, sonradan isə 250 manata qaldırılmışdır. Bundan başqa, o, 2006-cı ildən həm də Qusar rayonu Şirvanlı bələdiyyəsində mühasib vəzifəsində işləyir. Hər iki bələdiyyədə tam ştat üzrə işləmiş, Şirvanlı bələdiyyəsindən də, əmək haqqı almışdır. 2018-2019-cu illərdə Qusar rayonu Samur bələdiyyəsinin büdcəsinə 9000-11000 manat məbləğində gəlir daxil olmuşdur. Əmək Məcəlləsinin tələblərinə əsasən ilk növbədə bələdiyyənin büdcəsindən işçilərə əmək haqqı verilməlidir. O, 2018-2019-cu illər ərzində Samur bələdiyyəsindən əmək haqqı almasa da, mühasib vəzifəsində işləməkdə davam etmişdir. Bu barədə o, əvvəllər bələdiyyə sədri işləmiş Albina Muradxanovadan əmək haqqı tələb etməmişdir. Həmin bələdiyyəyə hər il 2050 manat məbləğində dotasiyalar daxil olmuşdur. Bələdiyyənin 2018-2019-cu illər üzrə 8005 manat məbləğində pulu hara xərcləməsini dəqiq xatırlamır, bu barədə bələdiyyədə sənədlər vardır. Əmək haqqı tələbi ilə 1 il iddia müddəti nəzərdə tutulduğunu bilməmişdir. Hesab edir ki, o, iddia müddətini ötürməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayonu Samur bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bələdiyyə sədri Elnarə Ayibova məhkəməyə ərizə göndərərək iş yükünün çox olması səbəbindən məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayibova məhkəməyə iddianın müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək göstərmişdir ki, İddiaçı 2017-2019-cu illərdə Qusar rayonu Samur bələdiyyəsində mühasib vəzifəsində işləmiş, 2019-cu ilin dekabr ayında vəzifəsindən azad edilmişdir. Onun hazırda Qusar rayonu Samur bələdiyyəsindən əmək haqqı tələb etməsi qanunsuz və əsassızdır, həmçinin onun tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı vəzifəsindən azad edildiyi vaxtdan 1 ildən artıq müddət keçmiş və bununla da, onun bələdiyyədən pul tələb etməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, həmin şəxs 2018-ci il üçün pul vəsaitlərini 2019-cu ilin sonuna, 2019-cu il üçün pul vəsaitlərini isə 2020-ci ilin sonuna kimi tələb edə və bu barədə məhkəməyə müraciət edə bilərdi. Lakin, həmin şəxs həmin müddətlər ərzində belə bir iddia tələbi irəli sürməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməklə həmin əsasa görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qusar rayonu Samur bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan 30.09.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 01.01.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin tarixi göstərilməyən, Albina Muradxanova və Rasim Şahnamazoviç tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı həmin bələdiyyənin mühasibi vəzifəsində işləyərək hesablanmış, lakin ödənilməmiş əmək haqqı borcunun 2018-ci ilin mart ayından dekabr ayınadək 1781,20 manat, 2019-cu ilin yanvar ayından dekabr ayınadək 3708.42 manat olmaqla, cəmi 5489.62 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 18 sentyabr 2019-cu il tarixli 09 saylı iclas protokolunun surətindən görünür ki, 2019-cu il üçün bələdiyyənin ştat cədvəli 3 (üç) nəfər olmaqla aşağıda göstərilmiş əmək haqları ilə təsdiq edilməsi qərara alınmışdır: 1 Bələdiyyə sədri-330.0 manat,

2. Mühasib 320.0 manat,

3. Vergi müfəttişi 250.0 manat. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 71 saylı arayışından görünür ki, 2018 və 2019-cu illərin mövcud müxbirləşmə sənədləri üzrə aparılmış daxili araşdırma nəticəsində maliyyə vəsaitinin məqsədsiz xərclənməsi və bələdiyyə büdcəsindən pulun silinməsi halları aşkar edilmişdir. Belə ki, 2018-ci il üzrə cəmi 5884.80 manat, 2019-cu il üzrə cəmi 2120.00 manat məbləğində pul xərclənmişdir. Yuxarıda qeyd olunan hesablaşmalardan Samur bələdiyyəsi üzrə 2018-2019-cu illər üzrə büdcədən cəmi 8005.00 manat pul vəsaitinin nağd olaraq çıxarıldığı və məqsədsiz istifadə edildiyi, hesabdan silindiyi müəyyən edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 28 aprel 2021-ci il tarixli 73 saylı arayışından görünür ki, həmin bələdiyyə tərəfindən 2018-2019-ciu illərdə təsərrüfat məsrəfləri hesabına cəmi 8004.80 manat məbləğində pul xərclənmişdir. Həmin pulun 1435.0 manat hissəsi ilə bağlı bələdiyyə qərarı mövcud deyildir. Maliyyə vəsaitinin təsərrüfat məsrəflərinə yönəldilməsi barədə mövcud bələdiyyə iclaslarının protokolları Kargüzarlıq Haqqında Azərbaycan Respublikası Qanununa və kargüzarlığın aparılmasına dair Təlimatın tələblərinə uyğun deyildir. Həmin protokollar bələdiyyə üzvləri tərəfindən təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdir ki, iddiaçı Qusar rayonu Samur bələdiyyəsinin mühasibi vəzifəsinə qəbul olunarkən o, artıq Qusar rayonu Şirvanlı bələdiyyəsində tam ştat üzrə mühasib vəzifəsində işləmiş və müvafiq əmək haqqı almışdır. Bununla da, o, Samur bələdiyyəsinin mühasibi vəzifəsinə qəbul olunarkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Bundan başqa, həmin şəxs 2018-ci ilin mart ayından Samur bələdiyyəsindən heç bir əmək haqqı almadığını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və ona görə də, məhkəmə onun həmin tələblə bağlı irəli sürdüyü dəlillərini mötəbər və inandırıcı hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Bundan başqa, Əmək Məcəlləsində əmək haqqının ödənilməsi barədə mübahisələrə dair 1 il qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunsa da və həmin vaxtadək əmək haqqının verilməməsini, bununla da onun əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 1 il 4 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və həmin əsasa görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiasının əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar