Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-387/2025 09.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü Leyla adlı uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Leyla adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış, birgə nikahlarından anadan olmuş uşaq onun himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağın təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı ilə birgə nikahdan anadan olmuş Leyla adlı uşağın saxlanması üçün aliment ödəməkdən imtina etmir, lakin iddianın əsası kimi göstərilən hallarla razı deyil. Belə ki, o, nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək iddiaçı ilə evlənmiş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Leyla adlı uşaqları anadan olmuşdur. O, iddiaçı ilə ayrılmamışdan əvvəl pul qazanmaq üçün 3 ay müddətinə Rusiya Federasiyasına getmişdir. Həmin müddət ərzində İddiaçı Qusar rayonu Cağar palasa kənd sakini Balaəhməd adlı şəxslə görüşərək ona xəyanət etmişdir. Həmin şəxslə sosial şəbəkədə tanış olmuş, gecə saatlarında azyaşlı uşağının və onun 1-ci qrup əlil olan bacısı Ülkər Əzizovanın evdə olmasına baxmayaraq həmin şəxslə evdə görüşmüşlər. İddiaçı onun Rusiyadan qayıtdığını eşitdikdə isə azyaşlı uşağı da götürüb öz anası və anasının ikinci həyat yoldaşı ilə gecə saatlarında evdən qaçıb getmişdir. Evdən qaçdıqdan iki saat sonra iddiaçı ona mesaj yazaraq evdən getdiyini demiş, hara getdiyini isə deməmiş, telefonunu da söndürmüşdür. Ailə üzvləri gecə saatlarında soyuq havada iddiaçını axtarmışlar, lakin tapmamışlar. İddiaçının ona xəyanət etməsini yaşadığı Qusar rayonu Piral kəndinə qayıtdıqdan sonra öyrənmişdir. Məlum olmuşdur ki, iddiaçı “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxslə canlı yayımda söhbətlər etmiş, həmin video kənd camaatı arasında yayılmış və o, biabır olmuşdur. Başqa sözlə, iddiaçı ilə ayrılmaqlarının səbəbi məhz onun xəyanət etməsi, bunu nümayişkaranə şəkildə etməsi olmuşdur. O, heç vaxt ailə qayğısını çəkməkdən imtina etməmiş, hər hansı şəkildə bundan yayınmamışdır. Hətta, qeyd etdiyi kimi Rusiya Federasiyasına getməyinin səbəbi də ailəsini saxlamaaq üçün pul qazanmaq olmuşdur. Çünki, iddiaçı ilə birgə yaşadıqları müddətdə maddi vəziyyəti yaxşı olmamış, gəliri aşağı olmuşdur. Hazırda 1-ci qrup əlil olan bacısı Ülkər Əzizova da onun himayəsindədir, ona özü baxır. Hal-hazırda iddiaçı ondan minimum əmək haqqı məbləğinin, yəni 400 manat məbləğin 0.45 misli, yəni 180 manat miqdarda aliment tələb edir. Lakin, alimentin miqdarı müəyyən olunarkən uşağın əvvəlki təminatının hansı vəziyyətdə olması, aliment ödəməli olan şəxsin maddi imkanı nəzərə alınmalıdır. O, uzun müddətdir ki, daimi işi olmamaqla maddi sıxıntı çəkir. İddiaçı ilə ayrılmamışdan əvvəl də onların ailəsi aztəminatlı olmuşdur. Başqa sözlə, uşağın saxlanması üçün hər ay 180 manat məbləğində pul xərclənməmişdir. Onların ailəsinin ümumi xərci aşağı olmuş, uşağın aylıq xərci isə təxminən 100 manat olmuşdur. Bundan başqa, alimentin miqdarının müəyyən olunması zamanı uşaqlar üçün yaşayış minimumunun rəhbər tutulması barədə iddiaçının dəlilləri əsassızdır. Alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun tutulması Ailə Məcəlləsində nəzərdə tutulmamış, uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız ondan tutulması düzgün deyildir. Odur ki, alimentin miqdarı müəyyən olunarkən qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, cavabdehin gəliri və maddi vəziyyətini nəzərə alaraq həmin şəxslə alimentin miqdarının minimum əmək haqqının 0.38 misli miqdarda müəyyən olunması barədə razılığa gəlmişdir. Ona görə də, iddianın təmin edilməsi və cavabdehdən onun xeyrinə həmin miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, hazırda traktor sürücüsü işləyir, gəliri aşağı səviyyədədir. İddiaçıya hər ay 150 manat məbləğində aliment ödəməyə imkanı var. Odur ki, ondan həmin miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İV 783234 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 oktyabr 2022-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Leyla adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməlidir. Bundan başqa, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, o cümlədən tərəflərin bu barədə məhkəmədə bildirdikləri fikirlər nəzərə alınmalıdır. Odur ki, yuxarıda sadalanan hallara əsasən və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3824 manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3824 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2824 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 38.24 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 1995-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 20 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli miqdarında aliment tutulsun. Cavabdeh 38.24 (otuz səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması 26 fevral 2025-ci il tarixdən hesablansın. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-387/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-387/2025
09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver