Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-447/2021 17.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşadıqları müddətdə anadan olan 13 avqust 2017-ci il təvəllüdlü Elyanora adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikahlarını 04 may 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 13 avqust 2017-ci il təvəllüdlü Elyanora adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrılmaqlarının səbə cavabdehin ona bir həyat yoldaşı kimi hörmət etməməsi olmuşdur. Artıq uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Azyaşlı uşağı təkbaşına saxlamaq onun üçün çətindir, maddi vəziyyəti ağırdır, ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdeh maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay 175 manat aliment ödəməlidir. Buna görə də cavabdehdən onun xeyrinə ödənilən aliment sabit pul məbləğində qət edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, təxminən 3 ildir ki, cavabdehdən ayrılmış, lakin nikahları pozulmamışdır. Cavabdeh onu evdən qovmuş və o, hazırda Elyanora adlı uşaqla birlikdə kirayədə yaşayır, özünün evi yoxdur. Valideynləri xəstədir, atası Rusiya Federasiyasında yaşayır. Uşaq azyaşlı olduğuna görə onu tək qoyub işləyə bilmir. Maddi imkanı çox aşağıdır, ona maddi köməklik göstərən yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, Elyanora adlı uşağın saxlanması üçün aliment ödəməyə razıdır, hazırda işləmir, əvvəllər tikintidə işləmiş və həmişə imkanı daxilində həmin uşağın saxlanmasına köməklik etmişdir. Ağ ciyərləri xəstədir, uşağın saxlanması üçün hər ay 70-80 manat məbləğində aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-lV 002039 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13.08.2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X2r. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 may 2019-cu il tarixli “nikah haqqında akt qeydindən Çıxarış”dan görünür ki, Cavabdeh ilə X4 arasında 04 may 2017-ci il tarixdə nikah bağlanmış və Pərvanə Nəsirova “Əzizova” soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında 05.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh işsizdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, ayrılmışlar, lakin nikahları pozulmamışdır. Tərəflərin birgə nikahlarından anadan olmuş 13 avqust 2017-ci il təvəllüdlü X5 hal-hazırda İddiaçı yanında yaşayır. Həmin uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır, cavabdeh həmin uşağın saxlanmasında iddiaçıya köməklik göstərmir. Cavabdeh rəsmi olaraq işləmir, aylıq sabit gəliri yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 13 avqust 2017-ci il təvəllüdlü Elyanora adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının hər ay sabit pul məbləğində İddiaçı tələb etdiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 150 (yüz əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda alimentin miqdarının həmin şəxsin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının Cavabdeh qeyd etdiyi kimi hər ay 70-80 manat məbləğində müəyyən olunmasını da uşağın mənafeyi baxımından düzgün və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Pərvanə Əizovanın öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1984-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 19 aprel 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-447/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-447/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver