Məhkəmə qərarları › İş №2(029)-471/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-471/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-471/2023 04.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü qızı X7 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 üçün - hər uşağa ayda 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin 2(029)- 69/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsilə, Cavabdeh ilə aralarında olan - Xaçmaz rayonu, Xudat şəhəri İƏV Nümayəndəliyində, xx.xx.2005-ci il tarixli, 45 saylı akt qeydi ilə bağlanmış nikah pozulub. Həmin qətnamə ilə - birgə nikahlarından dünyaya gəlmiş: xx.xx.2008-ci il təvəllüdlü qızı Jasmin və xx.xx.2009-cu il təvəllüdlü oğlu Ramin saxlanılması üçün onun himayəsinə verilib və yaşayış yerləri kimi onun yaşayış yeri müəyyən edilib. Qusar rayon İcra və Probasiya şöbəsinin - İcra sənədi üzrə icraata xitam verilməsi barədə - xx.xx.2022-ci il tarixli Qərarı ilə, icraata xitam verilərək, qızı Jasmin onun yaşadığı ünvana köçürülüb və rəsmi olaraq - hal hazırda, birgə nikahlarından dünyaya gələn uşaqları onun himayəsində qalır. Bildirmişdir ki, o, birgə nikah dövründə olduğu kimi, Qusar MRX-da sanitar bacısı vəzifəsində işləyir. Aldığı əmək haqqı - dolanışığına, işlə əlaqədar, Qusar şəhərində kirayələdiyi evin kirayəsinin ödənişinə, uşaqların minimum tələbatına kifayət eləmir. xx.xx.2022-ci ildən, qızı Jasmin, onun himayəsinə verildikdən sonra, həmin xərclər ikiqat artıb. Bundan əlavə, qızı Jasminin, gələcəkdə savadlı, ali təhsilli vətəndaş olması üçün, müəyyən fənnlərdən əlavə təhsil almağı vacibdir. Qeyd olunanları nəzərə alaraq, övladlarının saxlanılması üçün, aliment təyin olunması təklifi ilə Mediasiya Şurası, Qusar 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesinə cəlb olunmuşdur. Mediasiya Şurası, Qusar 1 saylı Mediasiya Təşkilatının - xx.xx.2023-cü il tarixli, MŞQ/MT- 027/2023-00406 saylı protokolu ilə aralarındakı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünlüyü mediator tərəfindən müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təqsdiq etmiş və izahatında bildirmişdir ki, o, hazırda Qusar RMX-da işləyir, ayda 500 manat əmək haqqı alır. Cavabdehin harada işlədiyini bilmir, uşağına deyib ki, guya sürücü işləyir, ayda 400 manat əmək haqqı alır. Cavabdehin maşınla mağazalara çörək payladığını eşitmişdir. Onlar bir yerdə yaşadıqları vaxtda cavabdeh usta işləyirdi, ayda 150- 200 manat qazanırdı, iş olmayan aylar da olurdu. Cavabdeh ilə bir yerdə yaşadıqları vaxt ailəsini o, dolandırırdı, həmin vaxtlar onun əmək haqqısı 280 manat idi. İlə 2017-ci ilin iyul ayında el adəti ilə toy edərək evlənmiş, nikahlarını isə 07 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Birgə nikahlarından 18 avqust 2018-ci il tarixdə Ayxan adlı uşaqları doğulub. Ayrıldıqdan sonra uşaq onun himayəsindədir. Uşağın saxlanması üçün o, cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb,iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 2(029)-69/2022 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında Xaçmaz rayonu Xudat şəhəri İƏV Nümayəndəliyində 05 sentyabr 2005-ci il tarixli 45 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 20 iyun 2008-ci il təvəllüdlü X7 və 04 iyun 2009-cu il təvəllüdlü X8 anaları X2 himayəsində saxlanılmaları həmin uşaqların yaşayış yeri kimi X2 yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan AZ-T 218396 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 iyun 2008-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan AZ-İİ 281458 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 iyun 2009-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Jasmin və Ramin adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 200 (iki yüz) manat məbləğində deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 10 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3600 manat (12 X 300=1560) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3600 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2600 (3600-1000=2600) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26 manat, cəmi isə 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 29 iyun 1983-cü ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı xeyrinə 20 iyun 2008-ci il təvəllüdlü X4 və 04 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla iki uşağa cəmi 300 (üç yüz) manat miqdarda aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 10 may 2023-cü il tarixdən hesablansın. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar