Məhkəmə qərarları › İş №2(029)-526/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-526/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-526/2025 12.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində təyin edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində təyin edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-1088/2019 saylı qətnaməsi ilə onun İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-218/2020 saylı qətnaməsi ilə onların birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 110 (yüz on) manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-218/2020 saylı qətnaməsində qeyd olunmuş aliment məbləği (110 manat) uşağın tələbatının ödənilməsinə yetmir. Cavabdeh hal hazırda yüksək məbləğdə maaş və əlavə olaraq müavinət alsa da qeyd olunan məbləği də vaxtı vaxtında ödəmir, gecikdirir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-cü ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qavğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİİ 866983 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 oktyabr 2016-cı il tarixdə Qusar rayonu Avaranqışlaq kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1088/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 22 oktyabr 2015-ci il tarixli 12 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına, tərəflərin birgə nikahlarından doğulmuş 15 oktyabr 2016-cı il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılmasına və həmin uşağın yaşayış yeri kimi Zeynəb Xanəhmədovanın yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-218/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 23 yanvar 2020-ci il tarixdən başlayaraq 15 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.1-76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, 2(029)-218/2020 saylı xx.xx.2020-ci il tarixli Qusar rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 23 yanvar 2020-ci il tarixdən başlayaraq 15 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini qət edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Ruad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilərək Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, tutulması ərizə ilə məhkəməyə müracit edildiyi gündən hesablanmalıdır. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdanyəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 112-ci maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-218/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdanyəni xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar