Məhkəmə qərarları › İş №2(029)-528/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-528/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-528/2021 18.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından olan uşaqları, 29 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 may 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün, habelə 24 may 2019-cu il təvəllüdlü azyaşlı uşağı X5 3 yaşı tamam olanadək Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci ildə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahlarından 29 noyabr 2015-ci il təvəllüdlü X6 və 24 may 2019-cu il təvəllüdlü X8 adlı 2 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehin ailənin, uşaqların qayğısına qalmaması, bu səbəbdən də cavabdehlə aralarında tez-tez baş verən narazılıqlar olmuşdur. Ona görə də, cavabdehdən ayrılıb uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdehdən ayrıldıqları vaxtdan azyaşlı uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çox çətindir. Ona görə də, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona hər uşağa görə 175 manat olmaqla, cəmi olaraq hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödəməlidir. Bildirir ki, azyaşlı uşağı X8 3 yaşına çatmamış uşaqdır. Ona görə də, həmun uşağın 3 yaşı tamam olanadək cavabdehdən əlavə olaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh birgə yaşadıqları müddət ərzində onunla və uşaqları ilə yola getməmiş, onlara dəstək göstərməmiş, mübahisələr etmişdir. Buna görə də o, uşaqları götürüb valideynlərinin evinə qayıtmışdır. Birgə yaşadıqları müddət ərzində o, özü işləyib evə pul gətirmiş, xəstəxanada mama-okuşerka işləyir, aylıq maaşı 390 manat təşkil edir. Cavabdeh isə Şahdağda oteldə kassir işləmiş, 450 manat maaş almış, lakin həmin pulu heç vaxt evə gətirməmişdir. O, hətta işlədiyi yerdən analıq məzuniyyətinə çıxmamış, işləmiş və ailəsini dolandırmışdır. Hazırda onların aralarındaki nikah ləğv olunmamışdır. Hazırda o, cavabdehdən hər uşağa görə 175 manat məbləğində aliment tələb edir. Həmçinin, 24 may 2019-cu il təvəllüdlü X5 3 yaşı tamam olanadək cavabdehdən əlavə olaraq hər ay sabit pul məbləğində 100 manat miqdarda aliment tələb edir. Cavabdeh cavan adamdır, işləyib uşaqlarının saxlanması üçün aliment ödəsin. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddanı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan nikah ləğv olunmamışdır. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur, heç bir yerdə işləmir, fəhləliklə məşğul olur və günlük gəliri 10-15 manat təşkil edir. Bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 727980 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 aralarındakı nikah Qusar rayonu Qeydiyyat şöbəsində 29 iyun 2012-ci il tarixli 59 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Surahi Zahirova “Yaraliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİİ 712212 və AZ-İV 301682 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 29 noyabr 2015-ci il tarixdə və X8 24 may 2019-cu il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Tərəflərin ümumi birgə nikahlarından doğulmuş uşaqlar hal-hazırda iddiaçının yanında yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Elesa və Edvin adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının sabit pul məbləğində İddiaçı iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa görə 175 manat deyil, 150 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının cavabdehin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, Cavabdeh zəruri vəsaitə malik olması məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə iddiaçının azyaşlı uşağı üçün həmin uşağın 3 yaşı olana qədər tələb etdiyi hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını da məqsədəmüvafiq hesab etmir. Odur ki, həmin hissədə iddia rədd olunmalıdır. Alimentin tutulması 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 1989-cu ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 29 noyabr 2015-ci il təvəllüdlü X3 və 24 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulsun. Qalan hissədə iddia rədd edilsin. Alimentin tutulması 26 may 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar