Məhkəmə qərarları › İş №2(029)-564/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-564/2020

01.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-564/2020 01.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə 01 iyul 2020-ci il tarixdə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Hacəliyeva x2 Rail Əysəbu oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan uşaqları 14 sentyabr 2017ci il təvəllüdlü x1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə ailə həyatı qurmuş, 17 oktyabr 2018-ci il tarixdə aralarında rəsmi nikah bağlamışlar. Cavabdehlə birgə yaşadıqları müddətdə 14 sentyabr 2017-ci il tarixdə x4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Qusar rayon məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(029)-680/2019 saylı qətnaməsinə əsasən onun cavabdehlə olan nikahı pozulmuş və cavabdehdən onun xeyrinə azyaşlı uşağın saxlanması üçün hər ay 70 (yetmiş) manat aliment qət edilmişdir. Lakin, sonradan cavabdehlə barışdığı üçün o, aliment almaqdan imtina etmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsinin 06 avqust 2019-cu il tarixli qərarına əsasən onun cavabdehdən aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilmişdir. Sonradan ailə münasibətləri pozulduğu üçün o, yenidən cavabdehdən ayrılmış və azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək cavabdehdən onun xeyrinə ən azı 100 (yüz) manat məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, hal-hazırda o, işləmir, aylıq stabil gəliri yoxdur. Onun hər ay 170 manat məbləğində aliment ödəməyə imkanı yoxdur, yalnız 80 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə azyaşlı uşaqları 14 sentyabr 2017-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 130369 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x4 14.09.2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 07.06.2019-cu il tarixli 2(029)- 680/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı 17 oktyabr 2018-ci il tarixdə Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyində 13 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra 14 sentyabr 2017-ci il təvəllüdlü x3 İddiaçı yanında qalması, 14 sentyabr 2017-ci il təvəllüdlü x4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün 02 may 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 06 avqust 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-680/2019 saylı 07 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, ayrılmışlar. Tərəflərin birgə nikahlarından anadan olmuş 14 sentyabr 2017-ci il təvəllüdlü x4 hal-hazırda İddiaçı yanında yaşayır. Həmin uşağı təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 14 sentyabr 2017-ci il təvəllüdlü Hacı adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay bir uşağa görə sabit pul məbləğində 100 (yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 09 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19-22, 60, 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 1992-ci ildə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 14 sentyabr 2017-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 100 (yüz) manat miqdarda aliment tutulsun. Alimentintutulması 09 iyun 2020-ciiltarixdənhesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar