Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-565/2024 16.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü Sevda adlı uşağın saxlanılması üçün hər ay 245 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Nikahları isə 23 may 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Sevda adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Cavabdeh ayrıldıqdan sonra birgə nikahlarından anadan olmuş uşaq onun himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağın təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay tutulan sabit pul məbləğində müəyyən olunmalıdır. Cavabdeh maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona 245 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh traktorist işləyir. Cavabdehin əmək haqqısının nə qədər olması barədə sübut təqdim edə bilmir. Uşağın hər ay təminat xərci minimum 240-250 manat olur. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildmişdir ki, 0, 400 manat əməkhaqqı alır, 364 manat vergiləri çıxdıqdan sonra pul qalır. O, 100-110 manat aliment verməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə di, işdə olan Qusar rayon Qeydiyat şöbəsindən verilmiş 02 may 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları Quba regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 23 may 2023-cü il tarixdə 0340 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı “Cavadova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 875001 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 avqust 2023-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə ola Yaşıl Bağlar MMC-dən verilmiş 02 iyul 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh şirkətdə xx.xx.2023-cü il tarixdən traktorçu vəzifəsində çalışır. İşçinin aylıq əməkhaqqısı 400 (dörd yüz) manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. AzərbaycanRespublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Sevda adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 245 manat məbləğində deyil, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Əli Cavadovun ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Həmçinin iddiaçı iahatında bildirmişdir ki, uşağın saxlanması üçün aylı 240-250 manat xərc çıxır. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatda eyd etdiyi kimi hər ay 100-110 manat miqdarda müəyyən olunması da Sevda adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1800 manat (12 X 150=1800) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1800 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 800 (1800-1000=800) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 8 manat, cəmi isə 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 1990-cı ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı xeyrinə 15 avqust 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 20 may 2024-cü il tarixdən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-565/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-565/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver