Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-568/2021 08.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh 08 iyul 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuş, lakin nikahları 05 fevral 2015-ci il tarixdə Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində 03 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Rəsmi nikahlarından 08 iyul 2014-cü il tarixdə Marat adlı uşaqları anadan olmuşdur. 2015-ci ildə cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuşdur. Nikahın pozulması ilə yanaşı azyaşlı uşağın saxlanması üçün cavabdeh indiyə qədər aliment ödəməmişdir. Həmin vaxtdan bu günə qədər uşaqla maraqlanmamış, onun saxlanması üçün nə maddi, nə də mənəvi köməklik göstərməmişdir. Qusar rayon məhkəməsinin 11 iyul 2016-cı il tarixli 2(029)-912/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, lakin cavabdehdən aliment tutulmamışdır. Cavabdehdən aliment tutularkən onun gəlirinin hər ay 1000 (min) manatdan yuxarı olması nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Marat adlı uşağı təkbaşına saxlaya bilmir, Cavabdeh həmin uşağın saxlanması üçün hər ay 175 manat məbləğində aliment tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddanı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur, heç bir yerdə işləmir, təsadüfi işlərlə məşğul olur, gəlir gətirən hər hansı əmlak yoxdur. O, 11 yanvar 2018-ci il tarixdə X1 ilə rəsmi qaydada nikaha daxil olaraq təzədən ailə həyatı qurmuş, həmin nikahdan 12 mart 2018-ci il tarixdə Adik və 15 noyabr 2019-cu il tarixdə Ruslan adlı uşaqları anadan olmuşdur. O, Marat adlı uşağın saxlanması üçün 80 (səksən) manat aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 442130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 iyul 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli, 2(029)- 912/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 fevral 2015-ci il tarixdə Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi üzrə nümayəndəliyində 03 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Qusar Rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli, 2(029)-912/2016 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş Marat adlı uşaq hal-hazırda iddiaçının yanında yaşayır. Cavabdeh həmin uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmir, həmin uşağı iddiaçı təkbaşına saxlayır, uşağı təkbaşına saxlamaq isə iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Marat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının sabit pul məbləğində İddiaçı iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa görə 175 manat deyil, 150 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə iddiaçının dediyi kimi alimentin miqdarının hər ay hər uşağa görə 80 manat müəyyən olunmasını da uşaqların mənafeyi baxımından düzgün və əsaslı hesab etmir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh oğlunun bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 08 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 10 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(029)-568/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-568/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver