Məhkəmə qərarları › İş №2(029)-569/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-569/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-569/2022 16.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından anadan olan uşaqları, 28 fevral 2011-ci il təvəllüdlü X1 və 09 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 28 fevral 2011-ci il təvəllüdlü X3 və 09 avqust 2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Buna görə də o, Qusar rayon Məhkəməsinə “Nikahın pozulması və aliment tələbinə dair” iddia ərizə ilə müraciət etmiş, həmin məhkəmə tərəfindən cavabdehdən hər uşağa ayda 100 (yüz) manat olmaqla, onun xeyrinə cəmi 200 (iki yüz) manat aliment tutulmasına dair 12 aprel 2016-cı il tarixli 2(029)-480/2016 saylı Qətnamə qəbul edilmişdir. Cavabdeh Qusar rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(029)-480/2016 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməmiş və bunun nəticəsində 4000 (dörd min) manata yaxın aliment borcu yaranmışdır. Bundan sonra o, 2019-cu il tarixdə azyaşlı uşaqlarının gələcəyini fikirləşərək cavabdehlə barışmışdır. O, cavabdehlə barışdıqdan sonra aliment və aliment borcundan imtina etmiş, bu barədə Qusar rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş və bundan sonra cavabdehlə yenidən barışıb ər-arvad kimi bir ailədə yaşamışdır. Lakin, 2021-ci il tarixdə cavabdehlə ailə münasibətləri yenidən pozulmuşdur. Pozulduqdan sonra o, iki azyaşlı uşaqları ilə birlikdə ata evinə qayıtmışdır. Başa düşmüşdür ki, cavabdehin onunla ailə münasibətlərini bərpa etməsi yaranmış aliment borcundan imtina etməyinə nail olmaq üçün olmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan 28 fevral 2011-ci il təvəllüdlü X3 və 09 avqust 2012-ci il təvəllüdlü X4 adlı uşaqlar onun himayəsindədir. Bu müddət ərzində cavabdeh uşaqların saxlanması və tərbiyəsi ilə maraqlanmamış, maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Buna görə də, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa 193 manat olmaqla, cəmi olaraq 386 manat sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 16 iyun 2022-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 193 manat olmaqla iki uşağa cəmi 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o iddianı qismən qəbul edir, hazırda heç bir yerdə işləmir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 16 iyun 2022-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın qismən təmin edilməsinə, uşaqların saxlanması üçün ondan hər ay hər uşağa 100 manat olmaqla iki uşağa cəmi 200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 593722 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28 fevral 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ 910507 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 avqust 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 65 saylı arayışdan görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Qadına “Murtuzayeva” soyadı verilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(029)-480/2016 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 11 may 2010-cu il tarixdə Qusar rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, Cavabdeh 12 aprel 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 28 fevral 2011-ci il təvəllüdlü X1 və 09 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 24 noyabr 2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-480/16 saylı 12 aprel 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan 19 mart 2022-ci il tarixli 2022-15805 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan və mediasiyta prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə, 15:30-16:05 saatlarında keçirilən (aliment tələbinə dair) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Alina və Aliyə adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat məbləğində deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdehin dediyi kimi hər ay hər uşağa görə 100 manat məbləğində müəyyən edilməsini də uşaqların mənafeyi baxımından qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3600 manat (12 X 300=3600) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3600 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2600 (3600-1000=2600) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26 manat, cəmi isə 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1988-ci ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 28 fevral 2011-ci il təvəllüdlü X1 və 09 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 06 may 2022-ci il tarixdən hesablansın. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar