Məhkəmə qərarları › İş №2(029)-572/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-572/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-572/2021 26.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyət hüququndan istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair mülki işə Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyət hüququndan istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Cavabdeh yanında yaşayan 01 iyul 2015-ci il təvəllüdlü nəvələri X6 ilə ünsiyyətdə omaqları ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarı ilə nəzərdə tutulmuş qaydada nəvələri ilə ünsiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, 28 iyul 2014-cü il tarixdə onların oğlu Zəki Mirzağayev Cavabdeh ilə evlənmiş və həmin nikahdan 01 iyul 2015-ci il təvəllüdlü Şəbnəm adlı bir uşaqları anadan olmuşdur. Zəki Mirzağayev ilə cavabdehin ailə münasibətləri pozulmuş, 2018-ci ilin may ayında cavabdeh Şəbnəm adlı uşaqla birlikdə Qusar rayonu Köhnə Xudat kəndinə valideynlərinin evinə qayıtmış, daha sonra cavabdehin iddiasına əsasən, aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onların nəvəsi X17 kəndinə qayıdandan sonra nə oğlu Zəki Mirzağayevə, nə də onlara könüllü olaraq Şəbnəmlə ünsiyyətdə olmağa imkan verməmişdir. Həmin səbəbdən nəvələri Şəbnəmlə ünsiyyət hüququnun təmin edilməsi üçün Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər və Komissiya ərizənin qismən təmin edilməsinə dair 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən onlara Şəbnəm adlı uşaqla hər həftənin bazar günləri saat 11:00-dan 18:00-dək Qusar rayonunun Mucuq kəndi ərazisində görüş günləri təyin edilmişdir. Həmçinin qərarda Cavabdeh nəvələri Şəbnəmlə müəyyən olunmuş vaxtda görüşmələrinə maneə olmamaq tapşırılmışdır. İki dəfə onlar nəvələri ilə müəyyən olunmuş qaydada görüşmüşlər. Lakin, sonradan cavabdeh onlara nəvələri ilə ünsiyyətdə olmağa imkan verməmiş və hər dəfə nəvələrini görməyə gedəndə cvabdeh tərəfindən təhqir olunmuşlar. Cavabdeh onlara qəti şəkildə daha nəvələri ilə ünsiyyətdə olmaqlarına imkan verməyəcəyini bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini bildirməklə ərizənin təmin edilməsini, bundan başqa yaşları və şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədikləri üçün işə onların iştirkları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə göndərərək Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 saylı qərarı ilə razı olduğunu bildirmiş, həmin qərara uyğun qətnamənin çıxarılmasını, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan V-ЖГ № 417034 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 aralarındakı nikahı 12 fevral 1991-ci il tarixdə Qusar rayon VVAQ-da 9 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra Gülzar Sariyeva “Mirzağayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan XVİ- ЖГ № 371690 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 yanvar 1992-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan AZ-İİİ № 539386 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 iyul 2015-ci il tarixdə anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-902/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, X8 X5 ilə birgə nikahlarından doğulmuş uşaqları 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00dan saat 17:00-dək görüş günlərinin təyin olunması və görüş yerinin iddiaçının yaşadığı Qusar rayonunun Mucuq kəndində müəyyən olunması qət edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 öz doğma nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan 18:00-dək görüş günlərinin təyin edilməsi və görüş yeri kimi tərəflərin qarşılıqlı razılığı ilə Qusar rayonu Mucuq kəndi ərazisinin müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 öz doğma nəvələri X6 ilə müəyyən edilmiş vaxtda görüşmələrinə mane olmamasının X3 tapşırılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların oğlu Zəki Mirzağayev 28 iyul 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuş və birgə nikahlarından 01 iyul 2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrilmışlar və aralarındakı nikah pozulmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Qusar rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüququ təmin edilərək görüş günlərinin müəyyən edilməsini xahiş etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarına əsasən ərizənin qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 öz doğma nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 11:00-dan 18:00-dək görüş günlərinin təyin edilməsi və görüş yeri kimi tərəflərin qarşılıqlı razılığı ilə Qusar rayonu Mucuq kəndi ərazisinin müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 öz doğma nəvələri X6 ilə müəyyən edilmiş vaxtda görüşmələrinə mane olmamasının X3 tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericilikdə valideynlərdən fərqli olaraq baba və nənənin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinin başqa qaydası müəyyən edilmişdir. Baba və nənənin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təmin olunur. Yalnız valideynlər (onlardan biri) həmin orqanın qərarına tabe olmadığı halda uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə görüş vaxtı və görüş yeri təyin edilmişdir. Lakin, Cavabdeh həmin qərara tabe olmayaraq uşağın baba və nənə ilə ünsiyyətinə mane yaradır. Bu baxımdan iddia tələbi təmin edilməli, iddiaçıların öz nəvələri ilə ünsiyyətinə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təhqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə yekun qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə müəyyən edilmiş vaxtda və yerdə ünsiyyətlərinə Cavabdeh tərəfindən yaradılan manelər aradan qaldırılmalı, ünsiyyət hüququ bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan respubliukasının Ailə Məcəlləsinin 50, 62-ci maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 iyun 2020-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri 01 iyul 2015-ci il təvəllüdlü X6 ilə müəyyən edilmiş vaxtda və yerdə ünsiyyətlərinə Cavabdeh tərəfindən yaradılan manelər aradan qaldırılsın, ünsiyyət hüququ bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar