Məhkəmə qərarları › İş №2(029)-584/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-584/2023

10.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-584/2023 10.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli BPM**********11 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli BPM**********11 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit öhdliklərini vaxtında icra etməməsi səbəbindən, digər cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********11№li zaminlik müqaviləsinin İddiaçı üçün ağır nəticələrə səbəb olmasını nəzərə alaraq, qeyd edilən zaminlik müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020ci il tarixdə BPM **********11№li zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti həmin müqaviləyə (xx.xx.2020-ci il tarixli BPM **********11№li zaminlik müqaviləsi nəzərdə tutulur) müvafiq olaraq Zamin (İddiaçı) 1.2- ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Qeyd etmişdir ki, borcalan Cavabdeh1dur. Cavabdeh1 - borcalan kredit müqaviləsi üzrə götürdüyü pul məbləği 5000 AZN-dir. Kreditin müddəti isə 14 (on dörd) aydır. Kredit müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlanmasını əsas götürərək, bildirmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2022- ci il tarixdə bitmişdir. Hansı səbəbdən zaminlik müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək nəzərdə tutulmuşdur. Onunla bağlanmış zaminlik müqaviləsi onun üçün ağır nəticələrə səbəb olmuşdur. İddiaçı X3 (44 günlük müharibə nəzərdə tutulur) iştirakçısı və veteranıdır. Müharibə veteranı olmaqla İddiaçı üçün ağır nəticələrə səbəb olan zaminlik müqaviləsi onun üçün əlverişsiz şərtlərlə bağlanılmşdır. Odur ki, mübahisə edilən zaminlik müqaviləsi ləğv edilməlidir. Bundan başqa cavabdeh "xxxx" ASC etiraz ərizəsi verərək bildirmişdir ki, aşağıda qeyd etdiyi faktlara və hallara əsasən iddiaçının irəli sürdüyü tələblər əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Hazırki iş üzrə zaminliyin təmin etdiyi öhdəlik, yəni Cavabdeh1 İlə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməmiş, həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə icra qeydi çıxarılmışdır və bugünkü tarixə 5017.89 manat məbləğində borc mövcuddur. Həmçinin hazırki müqavilə (öhdəlik) hər hansı formada dəyişdirilməmiş və dəyişdirmə mövcud olmadığından avtomatik olaraq zaminin məsuliyyətinin artmasına və ya onun üçün əlverişsiz nəticələrə səbəb olmasına təkan verəcək hər hansı hadisə baş verməmişdir. Odur ki, zaminliyə xitam verilməsi üçün sözügedən maddə üzrə hər hansı əsas mövcud deyildir. Hazırki iş üzrə zaminliklə təmin edilmiş öhdəlik üzrə borc hər hansı formada başqa şəxsə keçməmiş və bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, xx.xx.2020 ci il tarixli kredit müqaviləsinə əsasən borclu hələ də məhz Cavabdeh1dur. Buna görə də qeyd edilən maddənin digər hissəsinin tətbiq olunması avtomatik olaraq mümkünsüzdür. Odur ki, zaminliyə xitam verilməsi üçün sözügedən maddə üzrə hər hansı əsas mövcud deyildir. Hazırki iş üzrə borclu Cavabdeh1 və zamin İddiaçı Banka hər hansı lazımi icra forması barədə təklif irəli sürməmiş və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq qeyd edilən şəxslər bugünədək öhdəliklərini həyata keçirməkdən boyun qaçırmaqdadırlar. Odur ki, zaminliyə xitam verilməsi üçün sözügedən maddə üzrə hər hansı əsas mövcud deyildir. Hazırkı iş üzrə zaminlik müqaviləsində onun verilmə müddətinin xx.xx.2024-cü il tarixədək olması qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, Mülki Məcəllənin qeyd olunan maddəsinin məzmununa görə həmin tarixədək kreditor olaraq Bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülməzsə və borcun qaytarılmasının tələb olunması ilə bağlı hər hansı hərəkət görülməzsə, müqaviləyə həmin tarixdə xitam verilmiş olacaqdı. Həmçinin belə müddət göstərilməmiş olsa idi, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olaraq bankın zaminə qarşı iddia irəli sürmədiyi halda, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilmiş olacaqdı. Təsadüfi deyil ki, zaminlik müqaviləsi baglanılarkən məhz qeyd edilən müddətlər hərtərəfli olaraq nəzərə alınmış, kreditin verilmə müddəti, yəni 14 aylıq müddət bitdikdən sonra bütün müddətləri ehtiva etmək məqsədilə həmin vaxtdan 3 il sonrakı vaxt kreditin verilmə tarixi: xx.xx.2020; kreditin verilmə müddətinin bitməsi (14 ay): xx.xx.2020; Zaminliyin qüvvəsi (3 il) xx.xx.2024) nəzərə alaraq 27,10.2024-cü il tarixi müəyyənləşdirilmişdir. Maraqlı məqamlardan biri odur ki, hətta kreditin özünün verilmə müddəti bitmədən və müqavilənin bağlanmasından heç 1 il keçmədən, daha dəqiq desək, xx.xx.2021-ci il tarixdə həm borclu, həm də zamin olaraq hazırki iş üzrə iddiaçıya münasibətdə icra qeydi qəbul edilmiş və icra qeydi qəbul edilməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq onlar tərəfindən həmin şəxslərə bildiriş göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən artıq məcəllənin də tələbləri çərçivəsində həm zaminə, həm də borcluya qarşı tələb irəli sürülmüşdür. Odur ki, zaminliyə xitam verilməsi üçün sözügedən maddə üzrə hər hansı əsas mövcud deyildir. İddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 1.6-cı maddəsinə görə zamin kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən bankın borc atan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini zamindən tələb etmək hüququ mövcuddur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.3.3-cü maddəsinə əsasən zamin bu müqavilənin 2.2.1-ci yarımbəndinə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə bankın tələbini aldığı andan 5 (beş) iş günü müddətində həmin tələbi tam həcmdə yerinə yetirməlidir. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının iddia tələbi heç bir qanuni əsasa söykənməmişdir və qanunvericiliyin tələblərinə uyğun olaraq zaminliyə xitam verilmə əsaslarının heç biri mövcud deyildir. Odur ki, göstərilənlərə əsasən İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi çağırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia tələbinə (bütün məhkəmə iclaslarını) iddiaçı tərəfin (özünün və nümayəndəsinin) iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli BPM**********11 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı BPM**********11 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli BPM**********11 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 14 ay müddətinə illi kfaiz dərəcəsi 20 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3. 324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1 və 421.2.-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 470.1 və 470.2-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1, 472.2, 472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir Qeyd olunan qərardad həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsində onun üçün ağır nəticələrə səbəb olan zaminlik müqaviləsinin onun üçün əlverişsiz şərtlərlə bağlanılmasını göstərsədə, bu haqda məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının iddia tələbində Mülki Məcəllənin zaminlik müqaviləsinə xitam verilən hallarla bağlı heç bir hal müəyyən olunmamışdır. Odur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli BPM**********11 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli BPM**********11 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar