Məhkəmə qərarları › İş №2(029)-592/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-592/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-592/2022 22.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 300 manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin alınaraq 30 iyul 2012-ci il təvəllüdlü X3 və 08 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 16 iyul 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə, el adəti ilə toy edərək cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 30 iyul 2012-ci il təvəllüdlü X7 və 08 noyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar 2021-ci ilin dekabr ayında faktiki olaraq ayrılmış, o, uşaqları da götürüb öz ata evinə qayıtmışdır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanmasında ona köməklik göstərməmiş, o isə, təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Buna görə də məhkəmə tərəfindən cavabdehdən onun xeyrinə hər ay ödənilən sabit məbləği formasında aliment qət edilməlidir. Qeyd olunanmübahisənin mediator vasitəsi ilə həll edilməsi onun tərəfindən təklif edilsə də, mediator vasitəsi ilə mübahisənin həll edilməsi mümkün olmamış, ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi barədə ona mediator tərəfindən arayış təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh özəl sektorda çalışmaqla gəliri qeyrimüntəzəm və dəyişkəndir, sonuncu ayda 1000 manatdan çox pul qazanmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, 16 iyul 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə, el adəti ilə toy edərək cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 30 iyul 2012-ci il təvəllüdlü Amir və 08 noyabr 2014-cü il təvəllüdlü Amid adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar 2021-ci ilin dekabr ayında faktiki olaraq ayrılmış, o, uşaqları da götürüb öz ata evinə qayıtmışdır. Əvvəllər cavabdehlə münasibətləri yaxşı olmuş, təzə evə köçdükdən sonra aralarında tez-tez mübahisələr baş vermişdir. Təxminən 2 aydır ki, uşaqları ilə birlikdə, iddiaçı ilə birgə nikah dövründə tikdikləri evə qayıtmış, həmin evin bir otağında o, uşaqları ilə birlikdə, digər otaqda isə iddiaçı yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. Ayrı yaşadıqları 7 ay müddətində uşaqlara yalnız o özü baxmış, cavabdeh isə heç bir maddi yardım göstərməmişdir. Cavabdeh hazırda həkim işləyir, günə 200-300 manat pul qazanır. Birgə yaşadıqları müddətdə 3 mərtəbəli ev tikmişlər. Cavabdeh hər il maşın dəyişir, yaxşı pul qazanır. Lakin, cavabdehin gəlirləri barədə onda heç bir sənəd yoxdur. O, cavabdehin dəfələrlə evdə pul saydığının şahidi olmuş, cavabdeh özü ona demişdir ki, Qusar şəhərinin əksər xəstələri onun yanına gəlir. Cavabdeh bahalı paltar, ayaqqabı alır, bahalı maşın sürür. 300 manatlıq ayaqqabı geyinir, lakin uşaqlara aliment vermək istəmir. O, özü Qusar rayon Təhsil Şöbəsində işləyir, aylıq əmək haqqı 405 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, onlar evləndikdən sonra bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan iddiaçının ona qarşı münasibəti tamamilə dəyişmiş və nəticədə ayrılmışlar. Ayrıldıqları vaxtdan azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışdır. İddiaçı ondan azyaşlı Amir və Amid adlı azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 300 manat olmaqla iki uşağa görə 600 manat aliment tələb edir. Onun maddi vəziyyəti çox ağırdır. Bu səbəbdən də, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. O, iddiaçı ilə birlikdə yaşayarkən 350 manat məbləğində pul qazanmış və uşaqların saxlanmasında məhz həmin gəlirlə iştirak etmişdir. Hal-hazırda da, onun aylıq gəliri əvvəlki kimi məhz 350 manat təşkil edir. Bu səbəbdən də iddiaçının hər ay hər uşağa görə 300 manat məbləğində aliment tələb etməsi absurddur. Bundan başqa, iddiaçı özü də işləməklə gəlir əldə edir və valideyn kimi uşaqların saxlanmasında iştirak etməyə iddiaçı özü də borcludur. Ümumiyyətlə hesab edir ki, ondan aliment tutularkən sabit pul məbləğində deyil, aylıq gəlirinin müəyyən hissəsi tutulmalıdır. Çünki Ailə Məcəlləsində alimentin miqdarı sabit pul məbləğindən başqa həm də valideynin aylıq gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması nəzərdə tutulmuşdur. Onun aylıq sabit gəliri vardır, günün əsas vaxtı iş yerində olur, başqa fəaliyyətlə məşğul ola və başqa gəlir əldə edə bilmir. Həmin gəlirinin yarısını isə uşaqlara aliment kimi ödəməyə hazırdır. Odur ki, iddiaçının ona qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsinə, azyaşlı Amir və Amid adlı uşaqları saxlanması üçün ondan hər ay iki uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-T 039542 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 16 iyul 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 1038 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçıya “Dövlətova” soyadı verilmişdir. İşdə olan AZ-İİ 941684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ 441813 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 noyabr 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin sədri vəzifəsində işləməklə aylıq əmək haqqı 350 manat təşkil edir. İşdə olan 07 mart 2022-ci il tarixli MŞİH-14828 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən alimentin tələbinə, cehiz və birgə əldə edilmiş əmlakın tələbinə dair mübahisə üzrə 07 mart 2022-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Amir və Amid adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşağa görə 300 (üç yüz) manat məbləğində deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, həmin şəxs "xxxx" MMC-nin sədri vəzifəsində işləməklə 350 manat məbləğində əmək haqqı alır, onun iddiaçının qeyd etdiyi kimi əlavə qazanclar əldə etməsi isə məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı özü də işləməklə hər ay 405 manat məbləğində əmək haqqı aldığını qeyd etmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz, bu, cavabdehin üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Bundan başqa, məhkəmə həmçinin, alimentin miqdarının cavabdehin dediyi kimi hər ay iki uşağa görə 175 manat müəyyən olunmasını da, uşaqların mənafeləri baxımından qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3600 manat (12 X 300=3600) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3600 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2600 (3600-1000=2600) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26 manat, cəmi isə 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 1982-ci ildə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 30 iyul 2012-ci il təvəllüdlü X3 və 08 noyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 10 may 2022-ci il tarixdən hesablansın. Cavabdeh 56 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar