Məhkəmə qərarları › İş №2(029)-603/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-603/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-603/2023 02.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü Rəşad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda o, cavabdehdən alimentin sabit pul məbləğində hər ay 180 manat miqdrında alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə yaşadıqları müddətdə xx.xx.2022-ci il təvəllüdlü Rəşad adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Hal-hazırda Cavabdeh Qaradağ rayonu, Sahil Ə.D.Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsində yaşayır o isə azyaşlı xx.xx.2022-ci il təvəllüdlü Rəşad adlı uşağı ilə birlikdə Qusar rayonun İmamqulukənd kəndində valideynlərinin evində yaşayır. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Rəşad adlı uşağın qayğısına qalmır, uşağa hər hansı maddi və ya mənəvi köməklik göstərmir və uşağın qayğısına yalnız o qalır. Lakin, azyaşlı uşağı təkbaşına saxlamaq və böyütmək onun üçün çətinliklər yaradır. Cavabdeh rəsmi iş yeri vardır, belə ki, cavabdeh, hələ ondan ayrılmamışdan əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin X7 Donanmasında işləyir, hər ay stabil əmək haqqı alır, ailəni də həmin gəliri ilə saxlamışdır. Cavabdeh valideyn kimi azyaşlı Rəşad adlı uşağı saxlamağa və ona maddi yardım göstərməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh ilə birgə yaşadıqları vaxtda bir uşaqları olub. Cavabdeh gəmiqayırma zavodunda qaynaqçı işləyir, onlar bir yerdə yaşadıqları vaxt da cavabdeh həmin yerdə həmin işdə işləyib. Uşağa xərcləmək üçün pul və geyinmək üçün paltarları əvvəllər atası alıb. Onlar bir yerdə yaşadıqları vaxt cavabdeh ayda 1000 manat qazanıb. İddianın təmin edilməsini cavabdehdən uşağın saxlanması üçün hər ay 180 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, cavabdeh onun doğma oğludur, hazırda oğlu, 620 manat əmək haqqı alır, onun oğlundan 170 manat birinci nikahdan olan uşaq üçün aliment tutulur. Oğlu müqavilə ilə işləyir, müqavilənin müddəti bu ayın 26-da bitir, ola bilsin ki,onu yenidən işə götürməsinlər. Cavabdeh başqa işlə məşğul ola bilmir, əlavə olaraq pul qazanmaq üçün işdə 1-2 saat artıq işləyir. Cavabdehin əmək haqqını dəyişir, elə aylar olur ki, 600-650-700 manat əmək haqqı alır. İddianın qismən təmin edilməsini, uşağın saxlanması üçün cavabdehdən 150 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarınl dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 724254 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 mart 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azerbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azerbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azerbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azerbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azerbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə yaşadıqları dövrdə anadan olmuş Rəşad adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının İddiaçı Azərbaycan Respublikasının 53-cü maddəsinə əsaən iddia tələbinin dəyişdirilməsinə dair verdiyi ərizədə tələb etdiyi kimi 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə gəmi gövdəsi qaynaqçısı işləyir və aylıq əmək haqqısı 761 manat təşkil edir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasibdir. Azerbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azerbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azerbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1860 manat (12 X 180=2160) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 2160 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1160 (2160-1000=1160) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 11.60 manat, cəmi isə 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azerbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azerbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azerbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi Rövşən Rzayev küçəsi, ev 20, mənzil 50 ünvanında yaşayan Cavabdeh İddiaçı xeyrinə 17 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 180 (yüz səksən) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 23 iyun 2023-cü il tarixdən hesablansın. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar