Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-613/2021 02.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Təşəkkül oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabiq pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşağı, 28 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 22 dekabr 2018-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 201 nömrəli akt qeydi ilə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 28 mart 2020-ci il təvəllüdlü X3 adlı uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra cavabdehlə münasibətləri yaxşı olmuş, mehriban dolanmışlar. Lakin, bir müddət sonra cavabdehin ona qarşı münasibəti tamamilə dəyişmiş, tez-tez onunla mübahisələr etməyə başlamışdır. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və 20 mart 2021-ci il tarixdən ayrı yaşayırlar. Ayrılmaqlarının səbəbi cavabdehin onunla yola getməməsi, ona bir həyat yoldaşı kimi hörmət etməməsi, ailənin, uşağın qayğısına qalmaması, mütəmmadi olaraq evdə onunla mübahisə etməsi, onu təhqir etməsi olmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan Zulfiya adlı uşaq onun himayəsindədir. Lakin, cavabdeh uşağın saxlanılmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, uşağı saxlamaqda ona heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Həmçinin uşaq körpə olduğundan daha çox maddiyata ehtiyac vardır. Həmçinin, cavabdehin də maddi vəziyyəti kifayət qədər yaxşıdır. Ona görə də, birgə nikahlarından olan 28 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, 2018-ci ildə Cavabdehla ailə həyatı qurmuş, hazırda faktiki olaraq ayrılmışlar, lakin nikahları pozulmamışdır. O, heç bir yerdə işləmir, cavabdehə hər ay atası 300 manat pul verir. Cavabdeh içki içib gəlib evdə mübahisələr salır. Axırıncı dəfə onu körpə üşağı ilə birlikdə gecə saat 1 radələrində evdən qovmuşdur. Ailəni qayınatası saxlamışdır. Hazırda o, uşaqları təkbaşına saxlamağa çətinlik çəkir. Odur ki, iddianın tam təmin olunması, cavabdehdən onun xeyrinə hər ay 200 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddiaçının tələb etdiyi kimi Zulfiya adlı uşağın saxlanması üçün hər ay 200 manat məbləğində aliment ödənilməsinə razı deyil, çünki buna imkanı yoxdur. Heç bir yerdə işləmir, iddiaçı ilə birlikdə yaşayarkən də heç bir yerdə işləməmişdir. Uşağa imkanı daxilində baxmış, təminatını ödəmişdir. Onun konkret aylıq gəliri yoxdur, hazırda iş axtarır. İddiaçı özü isə 2018-ci ildən Qusar rayonu Kuzunqışlaq kənd orta məktəbində müəllimə işləyir, aylıq əmək haqqı 500-600 manat təşkil edir. Həmin məbləğ onların ailəsinin əsas gəliri olmuşdur. Uşağın saxlanması üçün aliment ödəməkdən imtina etmir, lakin iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Gələcəkdə iş tapıb işlədikdən sonra qazancına uyğun aliment ödəyəcəkdir. Hazırda isə hər ay 80-90 manat məbləğində aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 304475 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 22 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Mehparə Əliyarova “Pirmuradova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV 433534 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 28 mart 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Zulfiya adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi 200 (iki yüz) manat deyil, 140 (yüz qırx) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdehin göstərdiyi kimi hər ay sabit pul məbləğində 80-90 manat miqdarda müəyyən edilməsini də uşağın mənafeyi baxımından düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Milyanə Dövlətxanovanın öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 11fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1986-cı ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 28 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 140 (yüz qırx) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 06 iyul 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: RAHİM HƏSƏNOV
Məhkəmə qərarları › İş №2(029)-613/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-613/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver