Məhkəmə qərarları › İş №2(029)-617/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-617/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-617/2022 14.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 oktyabr 2016-cı il təvəllüdlü X2 üçün, hər ay onun aylıq qazancının dörddə bir hissəsi məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Qusar rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilərək 19 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 01 dekabr 2014-cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək cavabdehlə ailə həyatı qurmuş, nikahlarını AZ-İİ 004176 saylı Nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirmiş, nikahları həmin tarixdə akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan 19 oktyabr 2016-cı il tarixdə Zəhra adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyi üçün cavabdehlə ayrılmış, nikahları 14 fevral 2018-ci il tarixdə ləğv edilmiş, bu barədə 18 nömrə ilə müvafiq qeyd aparılmış, AZ-İ 271798 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmiş, nikah pozulduqdan sonra Balabəyova soyadını qəbul etmişdir. 19 oktyabr 2016-cı il təvəllüdlü Zəhra adlı uşaq onun yanında qalır, uşaq anadangəlmə xəstədir, “sağ bud çanaq oynağının anadangəlmə çıxığı. Sol dirsək sümüyünün anadangəlmə deformasiyası” diagnozu ilə Qusar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qeydiyyatdadır. Maddi vəziyyəti kifayət qədər ağırdır. Qusar rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə 19 oktyabr 2016-cı il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Zəhra adlı uşağın 3 yaşı tamam olana kimi hər ay 100 (yüz) manat əlavə xərcə cəlb olunmuşdur. 25 oktyabr 2020-ci ildən əlavə xərcin müddəti başa çatmışdır. Hazırda cavabdeh yalnız 136 manat sabit pul məbləğində aliment ödəyir. Zəhra adlı uşaq anadangəlmə xəstədir, onun daimi müalicəyə ehtiyacı var, təbii ki, cavabdeh tərəfindən ödənilən 136 manat aliment uşağın normal saxlanması üçün kifayət etmir. Cavabdeh Baş Dövlət Yol Polisi idarəsində işləyir, həmin idarədə işləməklə yüksək maaş alır. Hesab edir ki, 19 oktyabr 2016-cı il təvəllüdlü X21 adlı uşağın normal şəraitdə saxlanması üçün alimentin tutulması onun əmək haqqına yönəlməlidir. Cavabdehlə aralarında alimentin ödənilməsi barədə razılıq olmamışdır, belə ki, 29 noyabr 2021-ci il tarixə təyin olunmuş mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, ona görə də, mediator tərəfindən (İŞ 2021-007147) protokol tərtib edilərək mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından Zəhra adlı bir uşaqları olmuş, aralarında olan nikah 08 dekabr 2017-ci il tarixli qətnaməyə əsasən pozulmuş, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 136 manat aliment tutulmuşdur. Təyin olunmuş alimenti cavabdeh aybaay ödəyir. Uşaq 5 aylıq xəstə, ayaqları korsetdə olanda, cavabdeh iddiaçıya gün-güzaran verməmiş, özü qızı və nəvəsini gətirmişdir. Uşaq ayda bir dəfə müayinəyə aparılır. Cavabdehin verdiyi aliment kifayət etmir. Cavabdeh uşağın yanına gəlmir, indiyə kimi uşağın üzünü görməmişdir. Uşağın ayaqları 2 il korsetdə olmuş, cavabdeh bir dəfə də olsa uşağı görməyə gəlməmişdir. İddiaçı hazırda Qusar kənd təsərrüfatı idarəsində işləyir, ayda 300 manat maaş alır. Hazırda iddiaçı Qusar şəhərində kirayədə qalır, 200 manat kirayə haqqı verir. Tərəflərin birgə nikahlarından olan uşaq hazırda məktəbə gedir, əlavə xərclərə ehtiyac vardır. Cavabdeh Dövlət Yol Polis İdarəsində işləyir, nə qədər əmək haqqı aldığını bilmir. Cavabdehin maddi vəziyyətində nə dərəcədə dəyişikliklərin olduğunu bilmir. Həmçinin, cavabdehin təzədən ailə qurduğunu bilməmişlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2017-ci ildə iddiaçıdan boşanmış, Qusar rayon məhkəməsinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahlarından Zəhra adlı uşaqları anadan olmuşdur. Həmin uşağın saxlanması üçün hər ay 136 manat aliment ödəyir. Alimentdən əlavə pul ödəmir. O, uşağı ilə görüşmək istəmiş, lakin, iddiaçı tərəf ona uşaqla parkda görüşməyi təklif etmiş, iddiaçının atası onun atasına “sənin oğlunun paqonlarını çıxardaram” demiş, buna görə də qorxudan uşağı görməyə getməmişdir. Uşağı bayram günlərində ona versə, uşağa paltar ayaqqabı alar, həmçinin əmisi, nənə-babası da görər. Uşağın xəstəliyi ilə əlaqədar iddiaçı tərəfdən ona müraciət olunmamışdır. 2021-ci ildə o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan Emin adlı bir uşağı anadan olmuşdur. Hazırda o, polis əməkdaşı olmaqla ayda 900 manat maaş alır, anası, atası, yoldaşı işləmir, həmin şəxslər, o cümlədən Emin adlı uşağı onun öhdəsindədirlər. Evin işıq, qaz və digər kommunal xərclərini də o, özü ödəyir. Atası 2018-ci ildə ürək əməliyyatı keçirmiş, anası şəkər xəstəsidir, təzyiqi vardır. Hesab edir ki, iddiaçıya ödəniləcək 136 manat kifayət edər, əlavə ödəniş etməyə razı deyildir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)- 1486/2017 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında 01 dekabr 2014-cü il tarixdə Xaçmaz rayonu Xudat şəhəri İƏD üzrə nümayəndəliyində bağlanaraq 72 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları- 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X21 X4 yanında saxlanılmış, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq azyaşlı 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X14 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X14 üç yaşı tamam olunana kimi əlavə xərclərin ödənilməsinə cəlb olunması, əlavə xərcin miqdarı hər ay sabit pul məbləğində 100 (yüz) manat müəyyən edilərək Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 271798 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahlarına xx.xx.2018-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 18 nömrəli akt qeydi ilə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadın Balabəyova soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 857713 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 19 oktyabr 2016-cı il tarixdə Qusar şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r. İşdə olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 758 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda yaşayır və onun aşağıdakı ailə üzvləri var: 1. Arvadı: X22-xx.xx.1989, 2. Atası: X15xx.xx.1960, 3. Anası: X10-xx.xx.1960, 4. Oğlu: X25-xx.xx.2021. İşdə olan xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X11 haqqında arayışlardan görünür ki, X22, X15 və X3 Məşğulluq Xidməti mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) qismində qeydiyyatdadırlar. İşdə olan AZ-İİ 419862 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 nikahları xx.xx.2021-ci il tarixdə Quba Regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində 0189 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İV 692424 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X18r. İşdə olan 29 noyabr 2021-ci il tarixli 2021-007147 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment tələbinə dair mübahisə üzrə 29 noyabr 2021-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi, Cavabdeh daxili işlər orqanlarında xidmət edir və onun aylıq müntəzəm, sabit və tez-tez dəyişməyən qazancı (gəliri) vardır, məhkəmə qətnaməsi ilə aliment tutularkən də, alimenti məhz həmin gəlirləri hesabına ödəmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə alimentin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76cı maddəsinə uyğun olaraq cavabdehin qazancının (gəlirlərinin) müvafiq hissəsi miqdarında tutulması Zəhra adlı azyaşlı uşağın mənafeyi baxımından daha məqsədəuyğundur. Bununla belə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı ilə boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan onun xx.xx.2021-ci il təvəllüdlü Emin adlı bir uşağı anadan olmuşdur. Bundan başqa, Cavabdeh ailədə yeganə qazanc gətirən şəxsdir, həyat yoldaşı və valideynləri də onunla birlikdə yaşayır və cavabdehdən başqa ailənin digər üzvlərinin heç biri işləmir. Ailə Məcəlləsinin 76.1-ci maddəsində bir uşağa görə valideyndən tutulan alimentin miqdarı aylıq qazancın və (və ya) başqa gəlirlərin dörddə bir (¼) hissə müəyyən olunmuşdur. Lakin, hazırda cavabdehin bir deyil, iki uşaqları var və cavabdeh ikinci nikahdan doğulmuş uşağını da saxlamağa, onun maddi və digər ehtiyaclarını ödəməyə borcludur. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə cavabdehdən tutulacaq alimentin miqdarının dörddə bir hissə müəyyən olunması onun maddi və ailə vəziyyətinin pisləşməsinə, öhdəsində olan Emin adlı uşağın və digər şəxslərin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, iddiaçı özü də işləməklə aylıq qazancı 300 manat təşkil edir. Həmçinin, Ailə Məcəlləsinin tələblərinə əsasən uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsidir və bu baxımdan iddiaçı özü də aylıq qazancının müəyyən hissəsini Zəhra adlı uşağın saxlanmasına yönəltməyə borcludur. Odur ki, məhkəmə alimentin miqdarının cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında deyil, altıda bir (1/6) hissəsi miqdarında müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. İddiaçı tərəf Zəhra adlı uşağın xəstə olduğunu qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 15 oktaybr 1986-cı ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar