Məhkəmə qərarları › İş №2(029)-628/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-628/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-628/2022 01.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı aliment tələbinə dair iddiası, boşanma və uşaq tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə, birgə nikahlarından 31 may 2016-cı il tarixində anadan olmuş X2 və 23 avqust 2020-ci il tarixində anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 175,0 manat olmaqla, ayda cəmi 350,0 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh qarşı qaldırdığı aliment tələbinə dair ilkin iddianı təmin etməklə bərabər, Cavabdehlə olan 08 avqust 2015-ci il tarixli nikahının pozulmasına, cavabdehlə birgə nikahdan olan uşağı 31 may 2016-cı il təvəllüdlü X2 Cavabdeh alınıb ona qaytarılmaqla, nikah pozuduqdan sonra birgə nikahdan olan uşaqlarının hər ikisinin- 31 may 2016-cı il təvəllüdlü X2 və 23 avqust 2020-ci il təvəllüdlü X1 himayəsində saxlanmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin avqust ayının 8-də nikahı rəsmi olaraq qeyd etdirməklə, Cavabdeh Ramiddinovıçlə evlənmişdir. Həmin nikahdan onların 31 may 2016-cı il tarixində Sofiya və 23 avqust 2020ci il tarixində Eldar adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə o, xx.xx.2022-ci il tarixdə uşaqları ilə rəsmi qeydiyyatda olduğu Qusar rayonu Gündüzqala kəndinə, valideynlərinin evinə qayıtmışdır. Cavabdeh ona, faktiki ayrılandan sonra uşaqların onun yanında yaşadıqlarına baxmayaraq, hər hansı bir qaydada yardım göstərməmişdir. Cavabdeh 11 may 2022-ci il tarixdə Qusar şəhərində onun müraciətinə əsasən keçirilmiş mediasiya sessiyyasında iştirak etməmişdir. Cavabdehin ona verdiyi məlumata görə o, Yalama dəmiryolu stansiyasında rabitəçi işləyir. Cavabdehin əmək haqqı və digər gəlirləri barəsində onun dəqiq məlumatı yoxdur, cavabdehin dediyinə görə əmək haqqı ayda 400 manatdır və o, bu barədə məhkəməyə rəsmi məlumat vermək imkanına malik deyil. Cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində, hər uşağa görə ayda 175 manat olmaqla, ayda cəmi 350 manat məbləğində müəyyən edilməsini istəyir. İddia ərizəsinə uşağı Musayeva Sofiyanın doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətini əlavə edə bilməmiş, iddia ərizəsinə həmin sənədin kserosurətini əlavə etmişdir. Belə ki, həmin sənəd cavabdehdədir və cavabdeh sənədi ona verməmişdir. 21 may 2022-ci il tarixdə o, Qusar Rayon Məhkəməsində Cavabdeh qarşı hər iki azyaşlı uşağının saxlanması üçün aliment tələbinə dair iddia qaldırmışdır. O, ilkin olaraq məhkəmədə Cavabdeh qarşı yalnız aliment tələbinə dair iddia irəli sürsə də, cavabdehə qarşı aliment, nikahın pozulması, cehiz əmlakın, geyim əşyalarının, uşaqların geyim əşyalarının qaytarılması tələblərinə dair mediasiyaya müraciət etmiş və həmin məsələlər barəsində 11 may 2022-ci il tarixli mediasiya arayışını, protokolunu məhkəməyə təqdim etmişdir. Onun böyük uşağı 31 may 2016-cı il təvəllüdlü X7 məktəb yaşına çatmış və o, həmin uşağı təhsil alması üçün rus bölməsinə qoymaq istəyir. Həmin uşağı rus bölməsində təhsil almağa qoymaq üçün mövcud təhsil qanunvericiliyinə uyğun olaraq uşağın bilik səviyyəsinin yoxlanılması üçün Xaçmaz rayon Təhsil Şöbəsində müəllimlər tərəfindən həmin uşaqla müsahibə, sual-cavab aparılmalı idi. Təyin olunmuş vaxtda, yəni 27 may 2022-ci il tarixdə o, qardaşı Məclum Fərəməzovla birlikdə azyaşlı uşağı Sofiyanı Xaçmaz rayon Təhsil Şöbəsinin inzibati binasına uşağın bilik səviyyəsinin yoxlanılması üçün keçirilən müsahibəyə aparmışdır. Cavabdeh onun azyaşlı uşağı Sofiyanı Xaçmaz rayon Təhsil Şöbəsinin inzibati binasına müsahibəyə gətirəcəyindən xəbərdar olmuş, həmin gün, yəni 27 may 2022-ci il tarixdə cavabdeh də Sofiya ilə görüşmək üçün Xaçmaz rayon Təhsil Şöbəsinin inzibati binasına gəlmişdir. Müsahibə başlamamışdan əvvəl cavabdeh Sofiya ilə görüşmüş, onların yanında uşaqla xeyli müddət ünsiyyətdə olmuşdur. Cavabdeh həmin vaxt maşınında uşaq üçün oyuncaqlar da gətirmişdir. Uşaq müsahibəyə girdikdən sonra cavabdeh də onlarla bərabər orada uşağın müsahibədən çıxmasını gözləmişdir. Uşaq müsahibədən çıxdıqdan sonra cavabdeh ona demişdir ki, uşaqla 15-20 dəqiqəliyə mağazalara gedib onun üçün oyuncaq və sair əşyalar almaq istəyir. O, da Cavabdeh hərəkətlərindən şübhələnməyib uşağı aparıb gətirməsinə icazə vermişdir. Cavabdeh uşağı maşına mindirib aparmış və bir daha geri qayıtmamışdır. Onlar cavabdehə bir neçə dəfə zəng edib uşağı gətirməsini tələb etmişlər, əvvəlcə cavabdeh uşağı bir azdan gətirəcəyini desə də bir neçə zəngdən sonra uşağı ona qaytarmayacağını bildirmişdir. O, cavabdehin azyaşlı uşağını özbaşına aparması barədə Xaçmaz Rayon Polis X11 Bölməsinə şikayət etmiş, lakin həmin bölmədən ona bildirmişlər ki, həmin məsələ məhkəməyə aiddir və məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Cavabdeh yuxarıda qeyd etdiyi kimi onu aldadaraq azyaşlı uşağını aparmışdır. Ona görə də o, halhazırda cavabdehə qarşı yalnız aliment tələbinə dair iddianı deyil, həm də cavabdehlə olan nikahın pozulmasına və azyaşlı uşağı 31 may 2016-cı il təvəllüdlü X2 Cavabdeh alınıb ona qaytarılmaqla nikah pozulduqdan sonra hər iki azyaşlı uşağın onun himayəsində saxlanmalarına dair iddialarını da irəli sürür. Uşaqlarını öz himayəsində saxlayıb böyütməyə hər cür imkanı vardır. Belə ki, o, ali təhsilli müəllimədir, cavabdehlə birgə yaşadığı müddətdə Xaçmaz rayonun Xanoba kənd məktəbində müəllim işləmiş, indi isə iş yerini Qusar rayonu Gündüzqala kənd məktəbinə dəyişmişdir. O, valideynlərinə məxsus hər cür şəraiti olan yaşayış evində yaşayır, valideynləri də ona hər cür yardım göstərirlər. Uşaqların böyüyünün cəmi 6 yaşı, kiçiyinin cəmi 1 yaşı vardır. Bu yaşda olan körpələrin ana nəvazişinə daha çox ehtiyacları vardır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, Sofiya adlı uşağı 27 may 2022-ci il tarixdə Xaçmaz rayon Təhsil şöbəsinə aparmışdır. Həmin vaxt Cavabdeh də orada olmuşdur. Cavabdeh ondan uşağı ona hədiyyə alacağını deyib maşına kimi aparmış, maşının qapısını açıb uşağı oturtmuş, daha sonra isə sürüb getmişdir. O, cavabdehə zəng edərək uşağı gətirməsini istəmiş, cavabdeh ona uşağı gətirəcəyini desə də, daha sonra onu söymüş və təhqir edərək telefonu söndürmüşdür. O, hadisə Xaçmaz rayonunda olduğu üçün Xaçmaz rayon Polis şöbəsinə müraciət etmək istəmiş, həmin vaxt onun yanında olan xalası qızı və qardaşı, cavabdehin yaşadığı Xaçmaz RPŞ-nin X12 müraciət etməli olduqlarını bildirmiş, o, da onlarla razılaşaraq X12 uşağın oğurlanması ilə əlaqədar müraciət etmişdir. Yalama Polis bölməsindən ona bildirilmişdir ki, məsələ məhkəməyə aiddir və ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. O, sonuncu dəfə Sofiya adlı uşağı noyabr ayının 24-ü görmüş, uşağı almaq istədikdə orada qaynanası ilə mübahisə etmiş, məktəb direktoru onu divara vurmuşdur. Bu barədə o, 102 çağırış xidmətinə məlumat vermişdir. Bu barədə hələ ki nəticə yoxdur. O, ekspert rəyi ilə razıdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 08 avqust 2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdehlə evlənmişdir. Həmin nikahdan onların 31 may 2016-cı il tarixə X7 və 23 avqust 2020-ci il tarixdə X9 adlı 2 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün iddiaçı cavabdehdən ayrılmışdır. 27 may 2022-ci il tarixdə cavabdeh Sofiya adlı uşağı özbaşına aparmışdır. İddiaçı əvvəl aliment tələbi ilə məhkəməyə müraciət etmiş, lakin uşaq oğurlandıqdan sonra iddia tələbinin həcmini artıraraq boşanma, Sofiya adlı uşağın cavabdehdən alınaraq ona verilməsi və uşaqların onun himayəsində saxlanılmasını xahiş etmişdir. Cavabdeh 6 yaşlı uşağı ananın iradəsi olmadan aparmışdır. Cavabdeh uşağın oğurlanmasını onunla əsaslandırmışdır ki, uşaq ona bağlıdır. Uşaq oğurlandığı zaman iddiaçı bununla bağlı Yalama Polis bolməsinə şikayət etmiş, oradan iddiaçıya bildirmişlər ki, məsələ məhkəməyə aiddir və ona görə iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. O, Qəyyumluq və Himayəçilik komissiyasının ekspert rəyi ilə razıdır. Odur ki, iddianın təmin edilməsini, iddiaçı ilə cavabdehin arasında olan nikahın pozulmasına, Sofiya adlı uşağın cavabdehdən alınaraq iddiaçıya verilməsinə, uşaqların iddiaçının himayəsində saxlanılmasına və cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalası qızıdır. O, iddiaçı və iddiaçının qardaşı ilə birlikdə Sofiya adlı uşağı Xaçmaz rayonu Təhsil şöbəsinə imtahana aparmışlar. Cavabdeh həmin vaxt orada olmuşdur. Cavabdeh uşağa hədiyyələr aldığını, hədiyyələrin maşında olduğunu demişdir. Cavabdeh uşağı maşına kimi aparmış, maşının qapısını açıb uşağı oturtmuş, daha sonra isə sürüb getmişdir. İddiaçı cavabdehə zəng edərək uşağı gətirməsini istəmiş, cavabdeh ona uşağı gətirəcəyini desə də daha sonra iddiaçını söymüş və təhqir edərək telefonu söndürmüşdür. Bu barədə X12 uşağın oğurlanması ilə əlaqədar müraciət olunmuş, Yalama Polis bölməsindən bildirilmişdir ki, məsələ məhkəməyə aiddir və məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. O, xalası qızı İlvira və bacısı Pəri birlikdə 27 may 2022-ci il tarixdə bacısı qızı Sofiya adlı uşağın imtahanına görə Xaçmaz rayon Təhsil şöbəsinə getmişlər. Bundan 2-3 gün qabaq cavabdeh ona zəng edərək “siz məni məhkəməyə vermisiz, mən artıq sizə gələ bilmərəm, uşağın ad günü hədiyyəsini imtahandan sonra verim” demişdir. Sofiya adlı uşağın ad günü həmin ayın 31-i olmuşdur. Cavabdeh uşağı oğurladıqdan sonra onlar Yalama Polsi bölməsinə müraciət etmişlər. Polis bölməsində onlara cavabdehin vəkilinin gələcəyini bildirmişlər. Yalama Polis bölməsindən onlara bildirilmişdir ki, məsələ məhkəməyə aiddir və məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Onlar Polis bölməsindən çıxdıqdan sonra o, cavabdehin qaldığı kəndə yollanmış, bu zaman yolda cavabdehin vəkili onların maşınını saxlayaraq “əgər ora getsəz polisləri tökəcəm üstüvüzə” demişdir. Bundan sonra onlar, cavabdehin yaşadığı ünvana getməkdən çəkinmişlər. Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin, onun nümayəndəsi və vəkilinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını və şahid ifadələrini dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 058342 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdehlə X8 nikahları Xaçmaz rayonu İHB-nin Yalama kənd inzibati ərazi üzrə nümayəndəliyində 08 avqust 2015-ci il tarixdə 14 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı “Musayeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 801903 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31 may 2016-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 486805 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 avqust 2020-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı dır. İşdə olan 11 may 2022-ci il tarixli 2022-17643 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, nikahın pozulması, aliment, cehiz əmlakının, geyim əşyalarının, uşaqların geyim əşyalarının qaytarılması, həmçinin ər-arvad kimi yaşadığı müddətdə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair mübahisə üzrə 11 may 2022-ci il tarixdə, 11:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 noyabr 2022-ci il tarixli TK/47 saylı rəyindən görünür ki, tərəflər arasında olan nikahın pozulmasından sonra 31 may 2016-cı il təvəllüdlü X2 və 23 avqust 2020-ci il təvəllüdlü X5 anası, iş üzrə İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 08 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahları həmin tarixdə Xaçmaz rayonu İHBnin Yalama kənd inzibati ərazi üzrə nümayəndəliyində 14 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 31 may 2016-cı il təvəllüdlü X7 və 23 avqust 2020-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Hal-hazırda nikah formal xarakter daşıyır, ailənin bərpasına ümid yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcllənin 17.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah hazırda formal xarakter daşıdığından, ailənin bərpasına heç bir ümid olmadığından onlar arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1, 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının uşaqların valideynlərinin hansının yanında qalmalarının müəyyən olunması ilə bağlı 10 noyabr 2022-ci il tarixli TK/47 saylı rəyini müzakirə edərək hesab edir ki, həmin rəy Sofiya və Eldar adlı uşaqların mənafeləri baxımından düzgündür. Belə ki, Sofiya adlı uşaq hazırda faktiki olaraq iddiaçının yanında olsa da, cavabdeh tərəfindən həmin uşaq iddiaçının iradəsinə zidd olaraq ondan alınıb aparılmış, həmin uşağın cəmi 6 yaşı var və hazırkı yaşda ana nəvazişinə və qayğısına ehtiyacı daha çoxdur. Bundan başqa, komissiya tərəfindən düzgün olaraq azyaşlı uşaqların bir-birinə bağlılıqları, onların artıq bir yerdə yaşamağa vərdiş etmələri, həmin uşaqları bir-birilərindən ayırmağın onların əqli, mənəvi və psixi inkişafına mənfi təsir edə biləcəyi nəzərə alınmışdır. Ona görə də, məhkəmə həmin rəylə razılaşaraq hesab edir ki, həmin uşaqların hər ikisinin eyni valideynə verilməsi onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından daha məqsədəuyğundur. Beləliklə, məhkəmə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş Sofiya və Eldar adlı uşaqların hüquq və mənafelərini əsas götürərək, həmçinin onların valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, uşaqların hazırkı yaşda analarına daha bağlı olmasını, ana qayğısına ehtiyaclarının daha artıq olmasını, həmçinin yuxarıda sadalanan digər halları, o cümlədən Qəyyumluq və Himayəçilik orqanının rəyini nəzərə alaraq hesab edir ki, həmin uşaqların anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi həmin şəxsin yaşayış yerinin müəyyən edilməsi daha məqsədəuyğundur. Bundan başqa, məhkəmə hesab edir ki, Sofiya adlı uşaq Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Sofiya və Eldar adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının İddiaçı iddia ərizəsində tələb etdiyi kimi sabit pul məbləğində hər ay hər uşaq üçün 175 manat deyil, 150 manat olmaqla, cəmi 2 uşaq üçün 300 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Belə ki, hazırkı halda cavabdehin iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı izahatında cavabdehin dəmir yolu idarəsində işləməklə hər ay 400 manat əmək haqqı aldığını, özünün də məktəbdə müəllimə işləməklə müvafiq əmək haqqı aldığını bildirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda, yəni hər ay hər uşaq üçün 175 manat, cəmi isə 350 manat müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması 23 avqust 2020-ci il təvəllüdlü Eldar adlı uşağa münasibətdə məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 15 avqust 2022-ci il tarixdən, 31 may 2016-cı il təvəllüdlü Sofiya adlı uşağa münasibətdə isə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, 23 avqust 2020-ci il təvəllüdlü Eldar adlı uşağın saxlanması üçün alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19-22, 60, 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2015-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yalama inzibati ərazi dairəsi nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. 31 may 2016-cı il təvəllüdlü X7 və 23 avqust 2020-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılsınlar və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. 31 may 2016-cı il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilsin. 09 avqust 1989-cu ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Xaçmaz rayonu Yalama kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 31 may 2016cı il təvəllüdlü X2 və 23 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarda aliment tutulsun. 31 may 2016-cı il təvəllüdlü X2 saxlanması üçün alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. 23 avqust 2020-ci il təvəllüdlü X5 saxlanması üçün alimentin tutulması 24 may 2022-ci il tarixdən hesablansın. 23 avqust 2020-ci il təvəllüdlü X5 saxlanması üçün alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Əli Cəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar