Məhkəmə qərarları › İş №2(029)-653/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-653/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-653/2022 03.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 02 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə el adəti üzrə toy edərək cavabdehlə ailə həyatı qurmuş, nikahı rəsmi qeydiyyata alınmamışdır. Cavabdehlə ər-arvad qismində yaşadığı dövrdə 02 oktyabr 2015-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqın atası tanınmış, onun adına 03 noyabr 2015-ci il tarixdə 532 saylı qeyd aparılaraq AZ-İİİ 651554 saylı X3 tərtib edilmiş, atalığın müəyyən edilməsi haqqında AZ-İ 286515 saylı Şəhadətnamə verilmiş, bu barədə X7 170 nömrəli qeyd aparılmış, uşağın doğum Şəhadətnaməsində uşağın atası qrafasında Cavabdeh yazılmışdır. O, ailə münasibətləri kəskinləşdiyi üçün cavabdehlə ayrılaraq valideynlərinin evinə qayıtmışdır, hazırda azyaşlı Rafael adlı uşağı ilə birlikdə ünvan 1 ünvanda yaşayır. 02 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaq onun yanında qalır. Maddi vəziyyəti kifayət qədər ağırdır, cavabdeh ilə ayrıldıqdan sonra uşağın saxlanmasında və tərbiyə edilməsində hər hansı bir şəkildə iştirak etmir, uşağa maddi yardım göstərmir, cavabdehdən uşağın saxlanması üçün aliment tutulmasını məqsədə müvafıq sayır. Cavabdehin qazancı barəsində dəqiq məlumatı yoxdur, ona görədə cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə uyğun olaraq alimetin sabit pul məbləğində tutulmasını zəruri sayır. 11 aprel 2022-ci il tarixdə ilkin Mediasiya Sessiyası təyin olunmuş, cavabdeh Mediasiya prossesində iştirak etmədiyi üçün Mediasiya prossesinə 2022-16469 saylı protokolla xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatlərı təsdiq edərək izahatında bildirmişdir ki, o, 2014-cü ildə el adəti üzrə toy edərək cavabdehlə ailə həyatı qurmuşdur, nikahı rəsmi qeydiyyata alınmamışdır. Onlar, əra-arvad qismində 8 il yarım bir yerdə yaşamışlar. Cavabdehlə ər-arvad qismində yaşadığı dövrdə 02 oktyabr 2015-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh 02 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı uşağın atası tanınmışdır. Maddi vəziyyəti kifayət qədər ağırdır, cavabdeh ilə ayrıldıqdan sonra uşağın saxlanmasında və tərbiyə edilməsində hər hansı bir şəkildə iştirak etmir, uşağa maddi yardım göstərmir. Buna görə də, cavabdehdən hər ay 170 manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan təsdiq olunmuş AZ-İ 286515 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 2015-ci il təvəllüdlü X1 Ella Müslüm qızından anadan olmuş, Cavabdeh atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında X7 xx.xx.2015-ci il tarixdə 170 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİİ 651554 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 oktyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 11 aprel 2022-ci il tarixli 2022-16469 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi, aliment tələbinə dair mübahisə üzrə 11 aprel 2022-ci il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Rafael adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 190 (yüz doxsan) manat məbləğində deyil, 140 (yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1680 manat (12 X 140=1680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.8 manat, cəmi isə 36.8 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 1988-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 02 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 140 (yüz qırx) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 02 iyun 2022-ci il tarixdən hesablansın. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar