Məhkəmə qərarları › İş №2(029)-701/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-701/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-701/2024 03.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2007-ci il təvəllüdlü X3, 11 mart 2011-ci il təvəllüdlü X4 və 26 mart 2013ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş), cəmi 705 (yeddi yüz beş) manat Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh ilə nikahları rəsmiyyətdən keçirərək evlənmişdir. Həmin nikahdan üç övladları olmuşdur xx.xx.2007-ci il təvəllüdlü X7, X8 xx.xx.2011-ci il təvəllüdlü və X5 xx.xx.2013-ci il təvəllüdlü. İlk vaxtdan xasiyyətləri uyğun gəlmiş, lakin sonradan pisləşib. Nikahları məhkəmə qaydasında pozulub. Nikahları pozulduqdan sonra cavabdeh uşaqları ilə maraqlanmır və maddi köməklik etmir. Uşaqlarımı saxlamaq üçün məcbur olub işə düzəlmişdir, lakin aldığı maaş onlara çatmır. Uşağlarının tərbiyyəsi ilə özü məşqul olur. Cavabdehdən uşaqların saxlanılması üçün pul istəsəmdə könüllü yardım etmək istəmir. Maddi vəziyyəti ağır olduğu üçün uşaqlarını adi bir şeylərdən məhrum etmək məcburriyətindədir, ona görədə Qusar rayon məhkəməsinə aliment tələbinə dair iddia qaldırmağa qərara gəlmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, məhkəmə prosesində iştirak edə bilmədiyi üçün qaldırdığı iddiaya onun iştirakı olmadan baxıb, iddianın tam təmin edib qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X7 26 iyul 2007-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2024-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X8 11 mart 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2024-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X5 26 mart 2013-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Abdulla, Ayşə və Məhəmməd adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (yüz otuz beş) manat deyil, 130 (yüz otuz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 15 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 4680 manat (12 X 390=3680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 4680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 3680 (4680-1000=3680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 36.80 manat, cəmi isə 66.80 (altmış altı manat səksən) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xəzər rayonu Albalılıq Day. Keçid 1349, 4 nömrəli Yataqxanada qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 26 iyul 2007-ci il təvəllüdlü X2, 11 mart 2011-ci il təvəllüdlü X6 və 26 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 15 iyul 2024-cü il tarixdən hesablansın. Cavabdeh 66.80 (altmış altı manat səksən) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar