Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-714/2022 24.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə yaşadıqları müddətdə anadan olmuş 21 iyun 2020-ci il təvəllüdlü Amir adlı uşağın saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 21 iyun 2020-ci il təvəllüdlü Amir adlı uşaqları anadan olmuş və nikahlarını 25 avqust 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış, ayrıldıqdan sonra Amir adlı uşaq onun himayəsində qalmışdır. Cavabdeh həmin uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir, ona görə də, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay tutulan sabit pul məbləğində müəyyən olunmalıdır. Cavabdehin maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə ona 193 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 04 sentyabr 2016-cı il tarixdə el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə 21 iyun 2020-ci ildə Amir adlı uşaqları anadan olmuş, nikahlarını 25 avqust 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehin özü ilə aralarında ciddi mübahisələri olmamış, lakin cavabdehin anası onunla yola getməmiş, bu səbəbdən 08 avqust 2021-ci il tarixdə o, cavabdehdən ayrılaraq Amir adlı uşağı da götürüb valideynlərinin evinə qayıtmışdır. Onların nikahları pozulmamış, Amir adlı uşaq xəstədir, onunla birlikdə yaşayır. Cavabdehin hazırda nə qədər qazanmasını bilmir, onlar bir yerdə yaşadıqları müddətdə cavabdeh Qusar rayonu Atluxan kəndində bağda mühafizəçi işləmiş, aylıq əmək haqqı 400 manat olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, 2016-cı ildə el adəti ilə toy edərək iddiaçı ilə ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə 21 iyun 2020-ci il təvəllüdlü Amir adlı bir uşaqları anadan olmuşdur. Nikahlarını sonradan rəsmişləşdirmişlər. O, əvvəllər “Grand Garden” şirkətində mühafizəçi işləmiş, aylıq əmək haqqı 400 manat olmuşdur. Sonradan ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışdır. Onun iddiaçı ilə mübahisəsi olmamış, bir gün o, işdə olarkən anası zəng edərək Səkinənin evdən çıxıb valideynlərinin evinə getdiyini bildirmişdir. Sonradan anası və bacısı Səkinəyə zəng edərək geri qayıtmasını demişlər, lakin Səkinə qayıtmamışdır. Hazırda o, heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur, atası xəstədir, insult keçirmişdir, anası da işləmir. Amir adlı uşağın saxlanması üçün aliment verməyə razıdır, lakin hər ay 100 manat məbləğində aliment ödəməyə imkanı vardır. Odur ki, iddianın qismən təmin edilməsi, Amir adlı uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 397011 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 25 avqust 2020-ci il tarixdə Quba Regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 488 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçıya “Əskərova” soyadı verilmişdir. İşdə olan AZ-İV 490275 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 iyun 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 03 mart 2022-ci il tarixli 2022-14951 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən alimentin tələbinə dair mübahisə üzrə 03 mart 2022-ci il tarixində, 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Amir adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 193 (yüz doxsan üç) manat məbləğində deyil, 140 (yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdehin dediyi kimi hər ay 100 manat məbləğində müəyyən edilməsini də uşağın mənafeyi baxımından qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1680 manat (12 X 140=1680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.80 manat, cəmi isə 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 30 avqust 1993-cü ildə Qusar rayonu Xurel kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 21 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 28 iyun 2022-ci il tarixdən hesablansın. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-714/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-714/2022
24.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver