Məhkəmə qərarları › İş №2(029)-738/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-738/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-738/2023 18.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-141/2013 saylı, 21 fevral 2013-cü il tarixli Qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 18 iyul 2012-cı il təvəllüdlü_X1 yetkinlik yaşına çatana kimi baxıb saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ödənilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 12 iyun 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən cavabdeh_Cavabdeh ilə evlənmiş, nikahlarını 04 iyul 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 18 iyul 2012-cı il təvvəlüdlli X2 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları Cavabdeh onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 21 fevral 2013-cü il tarixli 2(029)-141/2023 saylı qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay qazancının dördə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh hazırda rəsmi olaraq heç yerdə işləmədiyindən rəsmi aylıq əmək haqqısı yoxdur. Buna görə də Qusar rayon Məhkəməsinin müəyyən etdiyi aliment miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, cavabdeh uşağı saxlamağa kömək etmir, onunla maraqlanmır, uşağın görsə də ona yaxınlaşmır. Əvvəlki qətnamə ilə tutulan aliment ödənilir, lakin o, həmin alimenti uşağın gələcəyi üçün kartda saxlayır. Cavabdeh ayda təxminən 1000 manat gəlir əldə edir, lakin bu barədə sübutu yoxdur. Cavabdehdən onun xeyrinə heç olmasa 150 manat məbləğində aliment tutulsun. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, 266 manat məbləğində pensiya alır, həmin pensiyanın ¼ hissəsi məbləğində aliment tutulur, tutulan alimentin miqdarı təxminən 90-95 manatdır. Onun başqa gəliri yoxdur, iddiaçıya 140 manat məbləğində aliment ödəyə bilər, artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. İddiaçı uşağı saxlaya bilmirsə ona versin, o özü baxsın. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 910717 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci ildə anadan olmuş, atası Cavabdeh Nəriman oğlu, anası X3r. İşdə olan Qusar rayon Məhkəməsinin 21 fevral 2013-cü il tarixli 2(029)-141/2013 saylı qətnaməsinindən görünür ki, Cavabdeh 25 yanvar 2013-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub 18 iyul 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 21 fevral 2013-cü il tarixli 2(029)-141/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Məhəmməd adlı uşağın saxlanmaları üçün hər ay hər qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmuşdur. Həmin vaxtdan təxminən 10 ildən artıq müddət keçmiş, həmin müddət ərzində iddiaçının himayəsində olan uşaqların tələbatları artmaqla iddiaçının maddi vəziyyəti nisbətən ağırlaşmışdır. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların mənafelərini, tərəflərin diqqətəlayiq olan maraqlarını, maddi və əmlak vəziyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay 140 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə Azərbaycan Respublikasında 2023-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğun 220 manat miqdarda müəyyən edilməsini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, bir il ərzində ödəniləcək alimentin miqdarı, yəni iddianın qiyməti 1680 manat təşkil etdiyindən Cavabdeh 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-141/2013 sayli, 21 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1979-cu ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş Cavabdeh İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş 18 iyul 2012-ci il təvəllüdlü X4 oglunun yetkinlik yaşına catana kimi saxlanması uçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləgində ailment tutulsun. Cavabdeh 36,80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar