Məhkəmə qərarları › İş №2(029)-747/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-747/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-747/2023 19.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 40000 (qırx min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödədiyi 210 (iki yüz on) manat məbləğində pul, cəmi 40210 (qırx min iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Quxur-oba kəndində yerləşən 1.88 və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. 1.88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla, 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ isə Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Xüsusi olaraq qeyd edir ki, həmin torpaq sahələrində onun tərəfindən fındıq və gilas bagı salınmışdır (təxminən 300 agac fındıq,70 ağac gilas) və 2020-ci ilin sonlarında torpaq sahələrinin birlikdə dəyəri məzənnəyə uyğun olaraq təxminən 65000-75000 manat civarında olmuşdur. O, isə həmin torpaq sahəsini 70000 manata satışa çıxarmış və bu barədə elan vermişdir. Elan verdikdən sonra Cavabdeh ona müraciət edərək həmin torpaq sahələrini satın almaq istədiyini bildirmiş və onlar torpaq sahələrinin qiymətini 60000 manata razılaşmışlar. Bundan sonra Cavabdeh 05 yanvar 2021-ci il tarixdə ona 15000 manat məbləğində pul verməsi barədə qəbzə imza etdirmiş, qalan 45000 manat məbləğində pulu isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. Həmin gün, yəni 05 yanvar 2021 -ci il tarixdə o, Cavabdehla birlikdə Qusar rayon Notariat ofisinə gedərək 1.88 ha torpaq sahəsinə dair 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi, 0.70 ha torpaq sahəsinə dair isə 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlamışlar. Hər iki alqı-satqı müqaviləsində satılan torpaq sahələrinin hər birinin dəyəri 5000 manat göstərilmişdir. Müqavilələr imzalanan vaxt o, ruhi həyəcan və güclü stress vəziyyətində olmuş, fəaliyyət qabiliyyətli olsa da, onun psixi vəziyyəti onu öz hərəkətlərinin mənasını tam dərk etmək imkanından məhrum etmişdi. Məhz bu səbəbdən də, o, torpaq sahələrinin dəyərlərinə fikir vermədən Cavabdehla olan alqı-satqı müqaviləsini imzalamışdır. Alqısatqı müqaviləsi imzalanan vaxt Cavabdeh ona hər hansı məbləğdə pul verməmiş, müqavilə imzalanmamışdan əvvəl 2 torpağa görə 15000 manat məbləğində pul vermişdir. Qalan 45000 (qırx beş min manat) manat məbləğində pulu verəcəyini bildirsə də, müqavilə imzalanandan sonra bundan yayınmağa bağlamışdır. Bundan sonra o, həmin şəxsə müraciət edərək heç olmasa 40000 (qırx min) manat verməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bununla da, Cavabdeh onun ruhi həyəcan və güclü stress vəziyyətindən istifadə edərək sənədlərə imza etdirmiş, torpaq sahələrinin rəsmi qaydada dəyərindən bir neçə dəfə aşağı qiymətə satılmasına nail olmuşdur. Alqı-satqı müqavilələrində göstərilən qiymətlərin torpaq sahələrinin real dəyərini əks etdirməməsi həm də onunla təsdiq olunur ki, əgər hər iki torpaq sahəsinin dəyəri həqiqətən də 5000 manat, cəmi isə 10000 manat olsa idi, cavabdeh faktiki olaraq torpaq sahələrinə görə ona 15000 (on beş min) manat məbləğində deyil, iki müqaviləyə görə cəmi 10000 (on min) manat məbləğində pul verərdi. 15000 (on beş min) manat məbləğində pulun cavabdeh tərəfindən ona müqavilələr bağlanmamışdan əvvəl verilməsi həm də onu təsdiq edir ki, cavabdeh 15000 (on beş min) manat məbləğində pulu ona avans kimi vermişdir. Bundan başqa, əgər torpaq sahələrinin hər birinin real qiyməti 5000 (beş min) manat olsa idi cavabdeh pulu ona müqavilə imzalanan anda verərdi. Bundan başqa, mülkiyyətində olan 1.88 ha torpaq sahəsinin normativ qiyməti hələ xx.xx.2016-cı il tarixə 7500 manat müəyyən olunmuşdur. Hazırda isə həmin torpaq sahəsinin normativ qiyməti 15000 manatdan az deyildir. Həm də, maraqlıdır ki, 1.88 ha 0.70 ha torpaq sahələrinin hər ikisinin qiyməti 5000 manat göstərilmişdir. Halbuki biri digərindən iki dəfədən artıq böyük sahəyə malikdir. Bütün bunlar bir daha təsdiq edir ki, onunla cavabdeh arasında torpaq sahəsinin dəyəri cəmi 60000 manata razılaşdırılmışdır. Cavabdeh isə həmin razılaşmaya uyğun olaraq yerinə yetirməli olduğu öhdəliyi pozmuş, torpaq sahələrinə görə ona ödəməli olduğu 45000 (qırx beş min) manat məbləğində pulu verməmişdir. Hal-hazırda mən cavabdehdən 45000(qırx beş min) manat deyil, 40000 (qırx min) manat tələb edir, özü məhkəməyə qədər cavabdehdən həmin məbləğdə pulu tələb etmişdir. Hesab edir ki, Cavabdeh torpaq sahələrinin satılması ilə aralarında olan razılaşmaya uyğun olaraq torpaq sahələrinin dəyərini tam ödəmədiyindən və üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyin pozulması ilə bağlı mülki məsuliyyəti, onun isə ondan ödəməli olduğu pulu ödəməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, torpaq sahələrini cavabdehə satarkən stres vəziyyətində olmuş, ona pul lazım olmuş, bu səbəbdən də torpaq sahələrini satışa çıxarmış, bu barədə internet şəbəkəsində elan yerləşdirmişdir. Elanı yerləşdirərkən işıqlar söndüyündən torpaq sahələrinin dəyərini elanda 75000 manat göstərmiş, sonra isə düzəldərək 150000 manat göstərmişdir. Cavabdeh torpaq sahələrinə görə ona beh kimi 15000 manat məbləğində pul vermiş, həmin pulu rus rublu şəklində vermişdir. Hazırda o, cavabdehdən 40000 manat məbləğində pul tələb edir, cavabdeh həmin pulu ondan aldığı torpaq sahələrindən bir il ərzində qazanır. Cavabdehin ona verdiyi pul çox azdır, ona görə də, həmin pulu tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bu barədə iddiaçının heç bir sübutu da yoxdur. Əvvəllər iddiaçı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini tələb etmiş, lakin həmin iddia rədd olunmuşdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhz iddiaçı cavabdehin onun qarşısında 40000 manat məbləğində pul öhdəliyinin olmasını sübut etməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdeh tərəfindən isə iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Hazırda iddiaçı cavabdehə qarşı 40000 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021-ci il tarixli müqavilələri bağlandığı zaman ruhi həyəcan və güclü stress vəziyyətində olduğuna, psixi vəziyyəti ona öz hərəkətlərinin mənasını tam dərk etmək imkanında olmadığına və bu səbəbdən müqaviləni ona sərf etməyən şərtlərlə imzaladığına istinad etmişdir. İşin mübahisə olunmayan hallarından müəyyən olunur ki, Qusar rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(029)-1015/2021 saylı qətnaməsi ilə X1 Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı və 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 800/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı qeyd edilən alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi olmuş, həmin işə baxan məhkəmələr məhz həmin müqavilələrin qanuni olmasına əsaslanaraq iddiaçının iddia tələbini təmin etməmişdir və qətnamə hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı ilə cavabdehin arasında bağlanmış alqı-satqı müqavilələrində cavabdehin sonradan iddiaçıya hər hansı məbləğdə pul verməli olması qeyd olunmamışdır. Beləliklə, iddiaçı cavabdehin onun qarşısında pul öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar