Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-792/2025 02.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş Yusif və 17.11. 2022-ci il tarixdə doğulmuş Nuran adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,617 misli miqdarında alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahı 20 noyabr 2021-ci il tarixdə Qusar RİHB-nın Hİİ kənd İƏD üzrə Nümayəndəliyində 15 nömrə ilə rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Yusif və xx.xx.2022-ci il tarixdə Nuran adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Ayrılmaqlarına səbəb cavabdehin ona hörmət etməməsi, ailənin və uşaqların qayğısına qalmaması olmuşdur. Cavabdeh ilə barışmaqla ailə münasibətlərinin bərpasını qeyri-mümkün hesab edir. Hazırda cavabdehdən ayrılaraq azyaşlı uşaqları ilə valideynlərinin yanında, Qusar rayonunun Köhnə Xudat kəndində valideynlərinə məxsus evdə yaşayır, uşaqlar onun himayəsindədirlər, cavabdeh uşaqların maddi vəziyyətləri ilə qəti maraqlanmır, onların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehdən aliment tələbinə dair ərizəsilə əlaqədar xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası təyin edilmiş və Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə mediasiya prosesinə xitam verilməklə bu barədə müvafiq arayış verilmişdir. Cavabdeh daimi iş yeri yoxdur və ondan sabit pul məbləğində- hər uşağa görə hər ay respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,617 misli miqdarında aliment alınaraq onun xeyrinə verilməlidr. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, özü işləmir, uşaqların ikisinə 400 manat pul xərcləyir. İddiaçının ən aşağı məbləğ olaraq 400 manat aliment tələb edir. Məhkəmə iclasında Cavabdeh maksimum 300 manat aliment verə biləcəyini göstərmişdir. Özü vergilər çıxdıqdan sonra 360 manat əmək haqqı aldığını bildirmişdir. baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan 04 iyun 2025-ci il tarixli 616 saylı Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 20 noyabr 2021ci il tarixdə Qusar RİHB-nı Hil kənd İƏD üzrə nümayəndəliyində qeydiyyata alınmışdır. İşdə olan 04 iyun 2025-ci il tarixli 616 saylı Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2019-cu ildə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 783117 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 noyabr 2022-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.1-76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. AzərbaycanRespublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı oğlu iddiaçı ilə birgə nikahlarından anadan olmuş Yusif və Nuran adlı uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının təmin edilməsi üçün məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi məbləğdə deyil, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, cavabdehin dediyi məbləğdə aliment təyin edilməsi uşaqların mənafeyi tərəfindən uyğun olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 4080 manat (12 X 2 X170=4200) təşkil edir. Belə ki, aliment həray hər uşaq üçün minimum aylıq əmək haqqının 0.425 misli miqdarında təyin olunmuşdur (0.425 X 400= 170 manat). Bununla da, iş üzrə iddianın qiyməti 4080 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 3080 (4080-1000=3080) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faiziyəni 30.80 manat, cəmi isə 60.80 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X1 və 17 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əməkhaqqının 0.425 misli miqdarında aliment tutulsun. Alimentin tutulması 09 iyul 2025-ci iltarixdən hesablansın. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-792/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-792/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver