Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-818/2024 29.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(029)- 406/2024 saylı qətnaməsi ilə ondan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının azaldaraq hər ay hər uşağın saxlanılması üçün 100 manat, cəmi hər ay 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin xx.xx.2024ci il tarixli, 2(029)-406/2024 saylı qətnaməsi ilə ondan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq Nurməmmədova (Həsənova) Şahanə Xaləddin qızına verilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığına görə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-406/2024 saylı qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müdətin bərpasından imtina edilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-406/2024 saylı qərardadında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbinə əsasən aliment məbləğinin dəyişdirilməsinə bağlı məhkəməyə ayrıca iddia şəklində müraciət edə bilməyi və apellyasiya şikayətində göstərdiyi hallarla bağlı aliment məbləğinin azaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Alimentin miqdarının azaldılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya təşkilatında keçirilən ilkin mediasiya sessiyasına cavabdeh gəlmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə müvafiq arayış verilmişdir. Onun tərəfindən mediasiya xərci olaraq 50 manat ödənilmişdir. Cavabdeh ona qarşı aliment tələbini onunla əsaslandırmışdır ki, 17 aprel 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə onunla evlənmişdir. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X10 və xx.xx.2020-ci il tarixdə X11 adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdeh ondan ayrılmışdır. Bir ilə yaxındır ki, uşaqlarla birlikdə valideynlərinin evinə qayıtmışdır, uşaqlar cavabdehin himayəsindədir. Guya o, uşaqların saxlanmasının qayğısına qalmır, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, ona hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi olaraq hər ay 470 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə ondan hər uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsini qət edərkən onun hərbi qulluqçu olaraq yüksək əmək haqqı almağına istinad etmişdir. N nömrəli hərbi hissənin 2-ci taborunda hərbi qulluqçu olmaqla gizir rütbəsində xidmət etmişdir. Müqavilə müddəti başa çatmış, onunla yeni müqavilə bağlanmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanaraq “Partlayış travması” (27.1.2020), Təpə nahiyəsinin yumşaq toxumlarının kor qəlpə yaralanmalarına (iki ədəd) görə aparılmış yaraların birinci cərrahi işlənməsi cərrahi əməliyyatlardan sonrakı vəziyyət” diaqnozu ilə hospitalizasiya olunmuşdur. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin Baş X7 Bölməsində müalicə almışdır. Ona sağalma ilə nəticələnmiş nevrotik reaksiya diaqnozu qoyulmuşdur. Hərbi travmanın Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək yenidən Müdafiə Nazirliyinin Baş X7 Bölməsində müalicə almışdır və diaqnoz bir daha təsdiqlənmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən təsdiqlənmiş əsəbi-psixi dayanaqsızlığın vəziyyəti haqqında oktyabr 2023-cü il də göstərilir ki, onda tez-tez əsəbləşmə, özünə qapanma, gecələr yata bilməmə, yaddaş pozğunluğu mövcuddur və əsəbləşdikdə nəfəs darlığı yaranır. 2024-cii ilin iyul ayından etibarən artıq hərbi qulluqçu deyil, səhhətilə əlaqədar hazırda heç yerdə işləmir. Hərbi biletində göstərilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Quru Qoşunları komandanın 05 iyul 2024-cü il tarixli, 025 om nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə ( xidmət müddəti başa çatdığına görə) əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti vətəndaşın hərbi xidmət keçməsinə dair Elektron arayışdan görünür ki, xx.xx.2005-xx.xx.2006, xx.xx.2019-xx.xx.2024 tarixlərində hərbi xidmət keçmişdir. Ehtiyata buraxılma səbəbi xidmətin müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa). Müharibə iştirakçısı veteranı kimi 80 manat müavinət alır. Başqa qazanc mənbəyi yoxdur. Başqa sözlə alimentin miqdarı müəyyən olunduqdan sonra hərbi xidmətdən azad olunmuş, yəni maddi vəziyyətində dəyişiklik olmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iddiaçı onun oğludur. Əvvəllər, oğlu hərbçi olmuş, əmək haqqısı 1000 manata yaxın olmuşdur. Halhazırda onun oğlu bağlarda fəhlə işləyir. Hal-hazırda məhkəmənin qərarı ilə təyin edilmiş hər ay hər uşaq üçün 200 manat, ümumulikdə 400 alimenti ödəmək iqtidarında deyil. Hər ay hər uşağın saxlanılması üçün 100 manat, cəmi hər ay 200 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, onun himayəsində olan uşaqlar azyaşlı olduğundan özü işləyə bilmir. Hər ay hər uşağın saxlanılması üçün 170 manat, cəmi hər ay 340 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 2(029)-406/2024 saylı, 13 may 2024cü il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 1987-ci ildə Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı Cavabdeh xeyrinə 02 may 2015-ci il təvəllüdlü X3 və 06 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabir pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə X6 nikahları 17 aprel 2014-cü il tarixdə Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra cavabdeh “Nurməmmədova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 02 may 2015-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X8r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 06 iyul 2020-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarından görünür ki, İddiaçı kənd təsərrüfat fəhləsi işləyir, 345 manat əmək haqqı və vətən müharibə iştirakçısına görə 80 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir” Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən tutulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin azaldılaraq hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Belə ki, Qusar rayon məhkəməsinin 2(029)-406/2024 saylı mülki işə baxılan zaman İddiaçı 1400 (min dörd yüz) manat əməkhaqqı alırdı, məhkəmə iclasında da iddiaçı əvvəllər hərbçi olduğunu, ona uyğun əmək haqqını aldığını bildirmişdir. Qusar rayon məhkəməsinin 2(029)-406/2024 saylı mülki işə baxılıb xx.xx.2024-cü il tarixli qətnaməsi çıxarıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçı artıq hərbçi deyil, həmin işdə işləmir, hərbçi maaşı almır, hal-hazırda İddiaçı "xxxx" MMC-də kənd təsərrüfatı fəhləsi vəzifəsində işləyir və 345 (üç yüz qırx beş) manat əməkhaqqı alır, Müharibə iştirakçısı veteranı kimi 80 manat müavinət alır. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)-406/2024 saylı mülki işə baxılıb xx.xx.2024-cü il tarixli qətnaməsi çıxarıldıqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Bundan başqa cavabdeh tərəf də iddia tələbinin qismən təmin edilməsini hər ay hər uşağın saxlanılması üçün 170 manat, cəmi hər ay 340 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment məbləğinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmə Məryəm və Gülay adlı uşaqların mənafeyi baxımından düzgün və ədalətli hesab etmir. Məryəm və Gülay adlı uşaqların yaşlarını, gündəlik tələbatları nəzərə alınarsa iddiaçının iddia ərizəsində göstərdiyi iddia tələbinin təmin olunması ədalətsizlik olar. Məhkəmə, cavabdehin iddia tələbinin qismən təmin edilməsi, hər ay hər uşağın saxlanılması üçün 170 manat, cəmi hər ay 340 manat məbləğində aliment təyin edilməsi barədə fikrinə belə yanaşır ki, cavabdehin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan cavabdehin tələb etdiyi məbləğin atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)- 406/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı azaldılaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat müəyyən edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(029)-406/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı azaldılaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-818/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-818/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver