Məhkəmə qərarları › İş №2(029)-821/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-821/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-821/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 27 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Çanağa oğlundan onun xeyrinə aliment məbləğinin minimum əmək haqqı üzrə hər ay 0.615 mislində həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh Çanağa oğlu ilə ailə həyatı qurmuşdur, həmin nikahdan 27 oktyabr 2010-cu il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Cavabdeh ayrılmış, aralarında olan nikahın pozulması 27 dekabr 2010-cu il tarixdə qeydə alınmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə qarşı tərəf olan Cavabdeh Çanağa oğluna, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Cavabdeh Çanağa oğlu və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X7 arasında xx.xx.2022-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Cavabdeh Çanağa oğlu birgə nikahlarından anadan olmuş 27 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin yanvar ayından başlayaraq hər ay 100 (bir yüz) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi Qusar rayon Məhkəməsinin 2(029)-978/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təqsiq edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh uşaq ilə heç maraqlanmır. Cavabdehin aylıq ödədiyi 100 manat aliment uşağın cüzi ehtiyaclarını belə qarşılamır. O, Cavabdeh Çanağa oğluna qarşı xx.xx.2025-ci il tarixdə yenidən Mediasiyaya müraciət etsədə Cavabdeh Çanağa oğlu həmin Mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, məcbur olub aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş, uşağın saxlanması üçün hər ay 150 manat aliment verməyə razı olduğunu bildirmşdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Uşağın saxlanması üçün hər ay 150 manat aliment verməyə razıdır. Həmçinin bildirmişdir ki, o, işi ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdr. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 2(029)-978/2022 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, İddiaçı Səday qızı ilə Cavabdeh arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X4 iştirakı ilə imzalanmış 11 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir. İşdə olan AZ-T 077765 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 oktyabr 2010-cu ildə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.1-76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. AzərbaycanRespublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Samir adlı uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının təmin edilməsi üçün məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində deyil, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4125 misli həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə ünvanladığı ərizədə qeyd etdiyi kimi hər ay 150 manat miqdarında alimentin tutulması Samir adlı uşağın mənafeyi baxımından düzgün deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 16 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1980 manat (12 X 165=1980) təşkil edir. Belə ki, aliment həray hər uşaq üçün minimum aylıq əmək haqqının 0.4125 misli miqdarında təyin olunmuşdur (0.4125 X 400= 165 manat). Bununla da, iş üzrə iddianın qiyməti 1980 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 980 (1980-1000=980) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 9.8 manat, cəmi isə 39.8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 27 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əmək haqqının 0.4125 misli miqdarında aliment tutulsun. Alimentin tutulması 16 iyul 2025-ci il tarixdən hesablansın. Cavabdeh 39.8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar