Məhkəmə qərarları › İş №2(029)-830/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-830/2020

16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-830/2020 16.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının vəkili X4 iştirakı ilə İddiaçı X1rşı alimentin 50 faizdən artıq olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X1rşı alimentin 50 faizdən artıq olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında ödədiyi alimentin 50 faiz məbləğinin Cavidin adına açılmış bank hesabına köçürmək barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, X5 ilə xx xxxxxx 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdiur. Birgə nikahda olduqları müddətdə xx.xx.2017-ci il tarixdə X10 adlı övladları anadan olmuşdur. Cavabdehlə evliliklərinin əvvəlində münasibətləri normal olsa da, bu qısa müddətdən sonra kəskin pisləşmişdir. Cavabdeh ona qarşı nikahın pozulması, aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019cu il tarixli 2(009)-1301/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulub X3 verilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindiyi andan 7700 manat birdəfəlik və sonradan bir aylıq gəlirdən asılı olaraq 1030-1600 manat aliment ödəmişdir. Bu isə bir uşağın saxlanması üçün yüksək məbləğdir. Bu kimi hallarda aliment ödəyən valideynin hüququ vardır ki, həmin məbləğin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb etsin. Həmçinin, cavabdeh bankda işləyir. Məhkəmə iclasında iddiaçının vəkili X6 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh X5 Qusar rayonu Köhnə Xudat kəndində yaşayır və iddiaçı ilə birgə nikahlarından anadan olmuş Cavid adlı azyaşlı uşaq həmin şəxsin himayəsindədir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yaradılmış “X8 Ltd” şirkətində anbardar-təchizatçı vəzifəsində işləyir, onun əmək haqqı gəlir vergisindən əvvəl 2,924 ABŞ dolları təşkil edir. İddiaçı hər ay həmin əmək haqqının ¼ hissəsi miqdarında-yəni təxminən 1030 manat aliment ödəyir. Bu, isə rayon ərazisində uşağın saxlanması üçün tələb olunan məbləğdən qat-qat artıqdır. Bundan başqa, cavabdeh Fəridə Əliyeva özü bankda işləyir və aylıq gəliri vardır, aldığı alimentin hamısını uşağa deyil, özünün digər lazımsız ehtiyaclarına xərcləyir. İddiaçı ödəməli olduğu alimenti hər ay vaxtlı-vaxtında ödəyir. Hesab edir ki, iddiaçının ödədiyi alimentin miqdarı uçağın saxlanması üçün tələb olunan miqdardan xeyli artıq olduğundan həmin məbləğin 50 faizi Cavid adlı uşağın adına açılmış bank hesabına köçürülməlidir. Belə ki, cavabdeh Fəridə Əliyeva onun xeyrinə tutulan alimentin böyük hissəsini uşağa deyil, başqa yerlərə xərcləyir və ona görə də, alimenti ödəyən şəxs İddiaçı haqlı olaraq həmin alimentin 50 faiz hissəsini Cavid adlı uşağın adına açılmış bank hesabına ödəmək istəyir ki, həmin uşaq gələcəkdə yetkinlik yaşına çatdıqdan sonra həmin vəsaiti özü sərbəst şəkildə istifadə etsin. Bu, uşağın mənafeyi baxımından daha düzgün və ədalətli olar. Alimentin qalan 50 faiz hissəsi 500 manatdan artıq təşkil edir ki, həmin miqdarda aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edər, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən bir neçə dəfə artıqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan, vəkili Asif Ağakərimovun iştirakı ilə baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini, alimenti uşağın müalicəsinə xərclədiyini, azyaşlı uşaq Cavidin müalicəsi ilə əlaqədar Bakı şəhərinə getdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının vəkilinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 900657 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1301/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx xxxxxx 2015-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 1878 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2017-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulub X3 verilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yaradılmış “X8 Ltd” şirkətində anbardar-təchizatçı vəzifəsində işləyir, onun əmək haqqı gəlir vergisindən əvvəl 2,924 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmaqla İddiaçı xx xxxxxx 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirlərinin (qazancının) ¼ hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yaradılmış “X8 Ltd” şirkətində anbardar-təchizatçı vəzifəsində işləməklə əmək haqqı 2,924 ABŞ dolları təşkil edir. Onun hər ay ödədiyi alimentin miqdarı təxminən 1030 manat təşkil edir. Cavabdeh Fəridə Əliyeva Cavid adlı azyaşlı uşaqla birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həqiqətən də, İddiaçı Fəridə Xanmirzəyevnanın xeyrinə azyaşlı uşaqları Cavid Əliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən xeyli miqdarda artıq olduğundan həmin məbləğin 50 faiz hissəsinin Cavid adlı uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiqdir. Belə ki, həmin uşaq kənddə yaşayır, məktəbə getmir və kənd şəraitində onun qidalanması, geyimi və s. xərclərin ödənilməsi üçün tələb olunan məbləğ aylıq 1030 manatdan xeyli miqdarda azdır. Alimentin qalan 50 faiz hissəsi 500 manatdan artıq təşkil edir ki, həmin miqdarda aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edər, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən bir neçə dəfə artıqdır. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, iddiaçının hər ay ödədiyi alimentin 50 faiz hissəsi Cavid adlı şəxsin adına açılmış bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə tutulmuş aylıq gəlirlərinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında alimentin 50 faiz hissəsi Cavid Əliyevin adına açılmış bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar