Məhkəmə qərarları › İş №2(029)-836/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-836/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-836/2020 23.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla, cavabdehdən X1 təhsil aldığı Bakı Dövlət Universitetini bitirənədək hər ay 200 (iki yüz) manat miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxx 2002-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmış və nikahları 2020-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan xx xxxx 2002-ci il təvəllüdlü X3 özünün himayəsindədir. Cavabdehlə birgə nikahlarından anadan olmuş Günay Ataxanovanın xx xxxx 2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Lakin, qızı Günay hal-hazırda Bakı Dövlət Universitetində əyani təhsil alır və təhsil aldığı üçün işləmək imkanı yoxdur. O, özü Günayın təhsil xərclərini, Bakı şəhərində kirayədə qalması və digər bu kimi xərclərini ödəmək məcburiyyətindədir. Ona görə də Cavabdeh uşağın təhsili ilə əlaqədar əlavə xərclərdə iştiraka cəlb edilməli və cavabdehdən onun xeyrinə hər ay 200 (iki yüz) manat əlavə xərc tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh həm 233 manat pensiya alır, həmçinin Qusar şəhərində ona məxsus ayaqqabı təmiri köşkü var, orada fərdi əməklə məşğul olaraq ayaqqabı təmir edir və gündəlik qazanc ələd edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1996-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı ilə evlənmiş və birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün İddiaçı ilə ayrılmış və aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. O, hazıda işləmir, təqaüdçüdür, yaşa görə hər ay 233 manat məbləğində pensiya alır. Ona məxsus olan ayaqqabı köşkü pandemiya ilə əlaqədar olaraq işləmir, oradan heç bir gəlir əldə etmir. Ona görə də, Günay adlı uşağın təhsili ilə bağlı hər ay 10 manat məbləğində aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi və ondan iddiaçının xeyrinə Günay adlı uşağın təhsili ilə əlaqədar hər ay 10 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ № 232335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2002-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş № B02581 nömrəli vəsiqənin surətindən görünür ki, X3 Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarix müəllimliyi ixtisası üzrə əyanı formada təhsil alır. İşdə olan Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********5 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2019-cu il tarixdən yaşa görə ömürlük 233.20 (iki yüz otuz üç manat iyirmi qəpik) manat pensiya alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2002-ci il təvəllüdlü X3 hal-hazırda əmək qabiliyyətli olsa da, Bakı Dövlət Universitetində əyani təhsil alır və bununla bağlı işləyə bilmir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, onun təhsili ilə əlaqədar xərclərin valideynləri tərəfindən ödənilməsi zəruridir. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş Günay adlı uşağın mənafeyini, onun hazırda təhsil alması ilə əlaqədar xərclərin tələb olunmasının zəruriliyini əsas tutaraq, onun təhsili ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə tərəflərin əmlak və digər diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərə görə ödəniləcək alimentin miqdarının hər ay sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi 200 (iki yüz) manat, həmçinin cavabdehin qeyd etdiyi kimi 10 manat deyil, 100 (bir yüz) manat müəyyən olunmasının daha məqsədəmüvafiq və tərəflərin maraqlarına, eləcə də X1 mənafeyinə daha uyğun olması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 81, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla ondan İddiaçı xeyrinə X1 təhsil aldığı Bakı Dövlət Universitetini bitirənədək hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar