Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-843/2022 08.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı 1984-ci ildə X3 ilə rəsmiləşdirmişdir. xx.xx.2012-ci ildə həyat yoldaşı vəfat edib. Həmin nikahdan onların Cavabdeh və X2 adlı iki uşaqları anadan olmuşdur. Oğlu evlidir. Qızı ailə quraraq onlardan ayrı Bakı şəhərində yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra o, oğlu ilə birlikdə yaşayır. Lakin bir evdə yaşamaqlarına baxmayaraq oğlu onu hər şeydən məhrum edir. Adi suyu işlədəndə ona bildirir ki, suyun pulunu özü verir, həmçinin qaz və işıqla bağlı eyni problemlər yaşayır. Oğlunu yetkinlik yaşına çatanadək böyüdüb boya-başa çatdırmışdır. Ona təhsil vermişdir. Bir ana kimi onu imkan daxilində heç nədən məhrum etməmişdir. Tərbiyyə vermişdir. Oğlunu həyat yoldaşı ilə birlikdə toy edib evləndirmişdir. Əzab əziyyətlə böyütmüşdür. Lakin hal-hazırda oğlu ona normal bir şəraitdə yaşamağa imkan vermir. Özü xəstə adamdır. Hər iki diz oynağının anriti-artrozu, revmotizmin kəskin ağır sindromundan əziyyət çəkir. Heç bir yerdə işləmir. Dəfələrlə iş axtarmışdır. Lakin işə qəbul edənlər onun xəstə olmağını və bu səbəbdən gəzməyə əziyyət çəkdiyini görəndə işə qəbul etməkdən imtina edirlər. Sosial yardım almır. Pensiyası yoxdur. Belə bir vəziyyətdə ona yaşamaq cox çətindir. Ona maddi yardım göstərən yoxdur. Hərdən bir ailəli olan qızı ona ərzaq göndərir və belə bir yolla o dolanır. Oğlu ona evdə yemək vermir, deyir get işlə özün qazan. Bunları hamısını artıq dözə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmiş və oğlundan aliment tələbinə dair iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasınıda iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun oğludur. Cavabdeh 7 aylıq uşaqkən o saxlamış, əsgərliyə göndərmiş, toy etmişdir. Hazırda isə ona “kaftar” deyir, söyür, onu saxlamır. 10 ildir ki, atası ölmüş, atası öləndən sonra cavabdeh ona baxmır, onu saxlamır, yeməyi, çörəyi vermir, ondan gizlədir. 10 ildir ki, oğlunun çörəyini yemir. Hazırda o, “Panda” özəl uşaq baxçasında xadimə işləyir, 70 manat əmək haqqı alır. Hazırda onu qızı saxlayır, yeməyi içməyi qızı verir. Ayaqlarında xəstəlik var, gəzə bilmir. Müalicəsi üçün 3.000 manart pul lazımdır. O, cavabdehdən müalicə üçün 1.500 üçün pul istəmiş, lakin cavabdeh ona pul verməmişdir. İşlə təmin olunması ilə əlaqədar başqa heç bir yerə müraciət etməmişdir. Hazırda onun 62 yaşı var, pensiya almır. O, oğlu ilə bir evdə yaşayır, oğlunun 2 uşağı var. Qaz pulu yığılmış, oğlu ona “pulu sən ödə” demişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh oğluna iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının dedikləri hamısı yalandır. İddiaçı hazırda onunla bir yerdə yaşayır. Evə dair bütün xərclər onun tərəfindən ödənilir. Anasının ona qarşı çıxmasının səbəbkarı bacısı Sevincdir. Bacısı Sevinc Bakı şəhərinə ərə getmiş və orada yaşayır. Sevinc onların yaşadığı evə gələndə anasının ona qarşı olan münasibəti dəyişir, Sevinc anasını ona qarşı çıxardır, evin ona, yəni Sevincə məxsus olduğunu, atası ona bağışladığını deyir. Anasının dərman xərcləri 120 manat onun tərəfindən ödənilmişdir. Onun arvadı evdə nə bişirirsə, anasıda həmin yeməklərdən yeyir. Gündəlik məişət təlabatları onun tərəfindən ödənilir. O Şahdağ turizm kompleksində işləyir, 670 manat əmək haqqı alır. Anası istədiyi vaxt o, anasına pul verir. Onun himayəsində 2 azyaşlı uşağı var. Əgər məhkəmə iddianı təmin edərsə ayda 50 manat aliment ödəyə bilər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan AZ-İ 570971 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Qusar şəhərində Qara ciyər komasından vəfat etmişdir. İşdə olan Xİİİ-ЖГ № 349477 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 1988-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan 29 iyul 2022-ci il tarixli 2022-19896 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi, aliment tələbinə dair mübahisə üzrə 29 iyul 2022-ci il tarixində, 10:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Göründüyü kimi, alimentlə bağlı münasibətləri tənzimləyən ailə qanunvericiliyinin tələblərinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərmək öhdəliyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmamış, həmçinin İddiaçı hazırda əmək qabiliyyətinin olmaması, təqaüdçü və əlilliyi olan şəxs olması, həmçinin maddi yardıma ehtiyacı olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh Yusif Babayev ailəli olduğunu, himayəsində azyaşlı uşaqları olduğunu, anası, yəni İddiaçı da onunla birlikdə yaşadığını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirmişdir. Bundan başqa, cavabdeh iddiaçının yeganə övladı deyil, onun başqa övladı da vardır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-843/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-843/2022
08.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver