Məhkəmə qərarları › İş №2(029)-855/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-855/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-855/2023 23.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə yaşadıqları müddətdə anadan olmuş, 25 avqust 2010-cu təvəllüdlü X1 və 13 avqust 2012-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh il evlənmişdir. Onların birgə yaşadıqları müddətdə 25 avqust 2010-cu il təvəllüdlü Hüseyn və 13 avqust 2012-ci təvəllüdlü Əli adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdlr. Cavabdeh ayrıldıqdan sonra birgə yaşadıqları müddətdə anadan olmuş 25 avqust 2010-cu il təvəllüdlü Hüseyn və 13 avqust 2012-ci il təvəllüdlü Əli ad uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh 25 avqust 2010-cu il təvəllüdlü Hüseyn və 13 avqust 2012-ci il təvəllüdlü Əli adlı uşaqları saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşaqlarım saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarını ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə ona 220 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, iddianın təmin edilməsini, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 847403 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 25 avqust 2010-cu tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 847404 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13 avqust 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Cavabdeh 406 manat əmək haqqı alır. Azerbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azerbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azerbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azerbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azerbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə yaşadıqları dövrdə anadan olmuş Hüseyn və Əli adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində deyil, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Elektron sorğudan görünüyü kimi Cavabdeh 406 manat əmək haqqı alır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azerbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 10 oktyabr 2023cü il tarixdən hesablanmalıdır. Azerbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azerbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3600 manat (12 X 300=3600) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3600 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2600 (3600-1000=2600) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26 manat, cəmi isə 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azerbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azerbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azerbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 1982-ci ildə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 25 avqust 2010-cu təvəllüdlü X1 və 13 avqust 2012-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar