Məhkəmə qərarları › İş №2(029)-891/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-891/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-891/2020 14.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx xxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxx 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2013-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X8 və xx xxxxx 2018-ci il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə ona 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, rəsmi olaraq Cavabdeh boşanmamış, lakin ərarvad münasibətlərini kəsərək ayrı yaşayırlar. Azyaşlı uşaqlar onunla birlikdə yaşayırlar. O, cavabdehlə birlikdə yaşayarkən sonuncu Bakı şəhərində yerləşən dəmir zavodunda işləməklə hər ay 1600 manat məbləğində əmək haqqı almışdır. Cavabdeh hazırda həmin zavodda işləyir. Lakin, onda rəsmi olaraq cavabdehin həmin məbləğdə məvacib alması barədə heç bir sənəd və sübut yoxdur. O, özü isə işləmir, valideynlərinin yanında yaşayır, atası xəstədir, anası isə infarkt keçirmişdir. Ailə vəziyyəti ağırdır. Odur ki, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qismən etiraf etmiş və iddiaya etiraz təqdim edərək izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Sonuncu iddiaçı ilə ailə həyatı qurmuş, lakin sonradan onlar faktiki olaraq ayrılmışlar. Qardaşı Cavabdeh Bakı şəhərində yerləşən dəmir zavodunda əritmə sexində işləməklə ayda 500-700 manat məbləğində əmək haqqı alır. Digər gəlirləri isə yoxdur, banka borcları vardır. Hazırda qardaşı Novruz iddiaçı ilə birgə nikahlarından anadan olmuş Murad və İnci adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 50 manat, cəmi isə 100 manat aliment ödəyə bilər. Ona görə də cavabdehdən iddiaçının xeyrinə həmin uşaqların saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 50 manat, cəmi isə 100 manat miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 818065 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və Əfsanə Hacıyeva “Aslanova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİİ 364560 və AZ-İV 082891 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X8 və xx xxxxx 2018-ci il təvəllüdlü X9 anadan olmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Murad və İnci adlı uşaqlar hal-hazırda İddiaçı yanında yaşayırlar. Həmin uşaqları təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Murad və İnci adlı uşaqların qayğılarına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının hər ay hər uşağa görə sabit pul məbləğində iddiaçının istədiyi kimi 160 (yüz altmış) manat deyil, 100 (yüz iyirmi) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması, o cümlədən hər ay 1600 manat məbləğində əmək haqqı alması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdeh tərəfin göstərdiyi kimi hər ay hər uşağa görə 50 manat müəyyən olunmasını da uşaqların mənafeləri baxımından düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Xəyalə Manafovanın öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni xx xxxxxxxx 2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1989-cu ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, həmin rayonun Yasab-oba kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulsun. Alimentin tutulması xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar