Məhkəmə qərarları › İş №2(029)-904/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-904/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-904/2023 19.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə yaşadıqları müddətdə anadan olmuş, 22 mart 2007-ci il təvəllüdlü Dekabr və 31 may 2010-cu il təvəllüdlü Amrina adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 2006-cı il tarixdə rəsmi nikahı qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından 22 mart 2007-ci il təvəllüdlü Dekabr və 31 may 2010-cu il təvəllüdlü Amrina adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon Məhkəməsinin 2(029)-1108/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 16 oktyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması və 22 mart 2007-ci il təvəllüdlü X10 və 31 may 2010-cu il təvəllüdlü X7 adlı uşaqlar onun himayəsində qalması qət edilmişdir.Cavabdeh 22 mart 2007-ci il təvəllüdlü Dekabr və 31 may 2010-cu il təvəllüdlü Amrina adlı uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment sabit pul məbləğində müəyyən olunmalıdır.O, cavabdehlə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə Cavabdeh daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisənin mediasiya vasitəsilə həll edilməsi barədə razılığa gəlməmişlər, bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə ona 220 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh əvvəllər usta işləmiş, evlərə dam vurmuş, rəsmi olaraq işləməmişdir. Bir yerdə yaşadıqları müddətdə cavabdeh əlinə keçən 400-500 manat pulu ona vermişdir. Cavabdeh özünə nə qədər xərclədiyini bilmir. Cavabdeh Rusiya Federasiyasında rəsmi işlədiyi müddətdə ayda 2200 manat əməkhaqqı almışdır. Hazırda cavabdehin nə işlə məşğul olduğunu bilmir. Uşaqlara hər ay 500-600 manat xərc çıxır. O, yay aylarında 5 ay fəhlə kimi işləyir, günə 20 manat pul alır. Qış aylarında iş olmur, onun başqa təsərrüfatı yoxdur. Odur ki, iddianın təmin edilməsini, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İşdə olan AZ-İ 886872 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 mart 2007-ci il tarixdə Qusar ayonu Cibir kəndində anadan olmuşdur. X1, anası X6r. İşdə olan AZ-İİ728002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31 may 2010-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası X6r. İşdə olan xx.xx.2019-cu il tarixli 2(029)-1108/2019 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 16 oktyabr 2006-cı il tarixli 26 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 22 mart 2007-ci il təvəllüdlü X10 və 31 may 2010-cu il təvəllüdlü X7 anaları X3 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yeri kimi Təhminə Şükürovanın yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X8 iddiaçı ilə birgə nikahlarından anadan olmuş Dekabr və Amrina adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində deyil, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, cavabdeh X4 bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3840 manat (12 X 360=3840) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3840 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2840 (3840-1000=2840) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, X2 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 28.40 manat, cəmi isə 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 01 avqust 1975-ci ildə Qusar rayonu Cibir kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan X2 İddiaçı xeyrinə 22 mart 2007-ci il təvəllüdlü X10 və 31 may 2010-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 25 oktyabr 2023-cü il tarixdən hesablansın. X2 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar