Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-926/2024 25.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh birgə nikahlarından anadan olmuş 17 yanvar 2023-cü il təvəllüdlü Usəyd adlı uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından olan uşaqları, 17 yanvar 2023-cü il təvəllüdlü X1 üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə, habelə hamiləlik dövrü üçün Cavabdeh əlavə olaraq hər ayda 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, birgə nikahlarından 17 yanvar 2023-cü il təvəllüdlü Usəyd adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan Cavabdeh ilə xasiyyətləri düz gəlməmişdir. Ailə münasibətləri pozulduğu üçün o, ondan ayrılaraq azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmış və hazırda azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment ödəməlidir. Həmçinin, o, hamiləlik dövründə ona əlavə alimentin ödənilməsi tələbini irəli sürür. Ona görə də, cavabdehdən hamiləlik dövrü üçün əlavə olaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, 2024-cü ilin iyun ayından Cavabdeh faktiki olaraq ayrılmış, həmin vaxtdan ayrı yaşayırlar, lakin hamilə olduğundan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdehlə birgə nikahlarından anadan olmuş Usəyd adlı uşaq onun yanındadır, həmin uşağın qidalanması, həkim müayinələri və s. üçün xərclər tələb olunur, lakin cavabdeh ona heç bir köməklik göstərmir. İki dəfə cavabdeh uşağı görmək üçün gəlmiş, hər dəfə o, uşaqla görüşünə şərait yaratmışdır. O, özü işləyə bilmir, cavabdeh isə işləyir və 700 manat əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş və iddiaçı ilə analoji izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı uşağı ona göstərmir, ona görə də, alimentlə bağlı ona köməklik etməmişdir. Onun əmək haqqı 441 manatdır, hər gün səhər saat 9-da işə gedir, axşam saat 5-də işdən qayıdır. Başqa yerdə işləmir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur, hər ay 120 manat aliment ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İV 825277 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 yanvar 2023-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Qusar şəhər Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 44 saylı arayışdan görünür ki, İddiaçı 16-17 həftəlik hamilıdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Usəyd adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməlidir. Bundan başqa, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmalıdır. Odur ki, yuxarıda sadalanan hallara əsasən və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay 170 manat miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı hazırda 16-17 həftəlik hamilə olduğundan onun hamiləliyi dövrü üçün cavabdehdən aliment tələb etmək hüququ vardır və ona görə də cavabdehdən bununla bağlı da aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, digər diqqətəlayiq olan maraqlarını nəzərə almaqla, İddiaçı hamiləliyi dövründə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində hər ay 50 (əlli) manat miqdarda müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 09 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 2040 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, cəmi isə 40.40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxx 1995-ci ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 17 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı hamiləliyi dövründə Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 40.40 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-926/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-926/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver