Məhkəmə qərarları › İş №2(029)-934/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-934/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-934/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1954-cü il tarixdə nikahı rəsmi qeyd etdirərək X6 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 1957-ci ildə Pərnisə, 1961-ci ildə Rövşən, 1964-cü ildə Rəfiqə, 1970-ci ildə Zəminə, 1972-ci ildə Nüşabə və 1974-cü ildə Həbib adlı uşaqları anadan olmuşdur. Hazırda o, ünvan 1 ünvanında tək yaşayır. Özü ikinci qrup əlil olmaqla ayda 230 (iki yüz otuz) manat təqaüd alır, maddi vəziyyəti son dərəcə ağırdır, müalicəyə ehtiyacı var, aldığı təqaüd şəxsi xərclərinin ödənilməsinə kifayət etmir. Başqa uşaqları ona maddi köməklik edirlər. Həbib adlı oğlu isə ustalıqla məşğul olmaqla kiyafət qədər pul qazanır. Ona görə də Həbib adlı oğlundan alimentin tutulmasını zəruri sayır. Cavabdeh ailəsi ilə birlikdə ona məxsus evi tərk edərək kirayədə yaşayır, Həbib Qusar şəhərində yaşamasına baxmayaraq ona heç bir maddi köməklik göstərmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx xxxxx 1974-cü il tarixdə anadan olmuşdur. X3, anası X2r. İşdə olan Seriya AZE N 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx xxxxxx 1930-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarıldılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx xxxxx 1974-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2568 nömrəli Arayışdan görünür ki, X1 şəhəri, İstiqlal küçəsi 4 saylı evdə yaşayır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1954cü il tarixdə nikahı rəsmi qeyd etdirərək X6 ilə evlənmişdir. Tərəflərin birgə nikahından 1957-ci ildə Pərnisə, 1961-ci ildə Rövşən, 1964-cü ildə Rəfiqə, 1970-ci ildə Zəminə, 1972ci ildə Nüşabə və 1974-cü ildə Həbib adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehxx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar