Məhkəmə qərarları › İş №2(029)-94/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-94/2023

12.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-94/2023 12.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə, İddiaçı və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X5 qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X5 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 (iki min iki yüz) manat məbləğində əmək haqqının alınaraq onaverilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 2018-ci ilin may ayında, Qusar rayon ərazisində torpaq sahələrini icarəyə götürməklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olmaq istədiyi barədə əvvəllər tanıdığı Qusar şəhər sakini Cavabdeh2 bildirmişdir. Cavabdeh2 həmin işlə məşqul olan tanışı X5 bu barədə bildirmiş, sonuncu bu təklifə razılaşaraq özünə məxsus 1,0 ha torpaq sahəsini və mənə məxsus 2,0 ha torpaq sahəsini icarəyə vermişdir. O, bir neçə dəfə Cavabdeh1 ilə görüşüb söhbət etdikdən sonra sonuncu onu icarəyə götürdüyü, öz torpaq sahəsinə, mühafizəçi həm də fəhlə kimi işə qəbul olunduğunu bildirərək ona hər aya 400 (dörd yüz) manat əmək haqqı təyin etmişdir. Bununla belə Cavabdeh1 ilə aralarında əmək müqaviləsi bağlanmamışdır.2018-ci ilin kənd təsərrüfatı mövsümü başa çatdıqdan sonra Cavabdeh1 və işlərə bilavasitə rəhbərlik edən Cavabdeh2 tərəfindən ona 2200 (iki min iki yüz) manat əmək haqqı borcu əmələ gəlmiş, həmin borcu hal hazıra kimi ala bilməmişdir. Cavabdeh1 əmək haqqı borcunun alınması məqsədilə 2019-cu ildə Qusar rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsi 24 sentyabr 2019-cu il tarixli cavab məktubunda ərizəsində göstərildiyi məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasını izah edilmişdir.Daha sonra 2020-ci ilin sentyabr ayında Qusar rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək Cavabdeh1 2200 manat məbləğində əmək haqqı borcunun alınmasında köməklik göstərilməsini xahişetmiş, prokurorluğa göndərdiyi ərizəsi Qusar rayon polis şöbəsində araşdırılmış, 28 sentyabr 2020-ci il tarixli Qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində ərizəsində göstərilən faktlar təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 polis şöbəsində vermiş izahatında Cavabdeh1 tərəfindən işçilərin əmək haqqlarının ödənilməli olduğunu, lakin sonuncunun əmək haqqlarının ödənilməsindən boyun qaçırdığını bildirmişdir. Beləliklə Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən aparılmış araşdırma ilə sübuta yetirilmişdir ki, Cavabdeh1 ona 2200 manat məbləğində əmək haqqı borcunu ödəməkdən qəsdən yayınmış, ona görə də həmin məbləği ondan məhkəmə qaydasında alınmasını zəruri sayır.7 yanvar 2022-ci il tarixə tələb üzrə mediasiya sessiyası təyin edilmiş, Cavabdeh1, sessiyada iştirak etmədiyi üçün həmin tarixli 2022-002389 saylı xitam protokolu tərtib edilərək müvafiq arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, ona məxsus torpaq sahəsinin təxminən 2 ha hissəsində cavabdehlər tərəvəz əkmişlər. Onu da həmin yerə mühafizəçi kimi işə götürmüşlər. Ona hər ay 400 manat əmək haqqı təyin edilmişdir. O, 2018-ci ildə həmin işə getmişdir. Ona beş sahədə işlədiyinə görə həm fəhlə pulu, həm də mühafizəçi kimi əmək haqqı verilməli idi, lakin qarşı tərəf ona pul verməmişdir. O, 3 il gözləmişdir ki, ona pul qaytarılsın. Onun cavabdehlə aralarında əmək müqaviləsi olmayıb, onun orada işləməsi ilə əlaqədar heç bir sübutu yoxdur. O, hazırda xəstədir, cərrahi əməliyyatdan çıxmışdır, xahiş edir ki,onun pulunu qaytarsınlar. Məhkəmə iclasında üçüncü şəxs X10 izahatında bildirmişdir ki, Cavabdeh1 2018ci ildə onun yerini də icarəyə götürmüşdür. Cavabdehlər ona da fəhlə kimi işlədiyinə görə ayda 300 manat verəcəyi barədə vəd vermişlər, lakin ona pul verilməmiş, torpaq sahəsinin icarəsinə görə pul verilmişdir. Sonra ona 800 manat əlavə vermişlər, qalan 1200 manat isə ona verilməmişdir. Cavabdehlərin ona da 1200 manat borcu vardır. Onun cavabdehlərlə torpaq sahəsinin icarəyə verilməsi barədə hər hansı bir sənədi yoxdur, onun orada fəhlə kimi işləməyi barədə müqavilə bağlanmamışdır. Cavabdehin ona pul borclu olması barədə heç bir sübutu yoxdur. Bu günə kimi məhkəməyə müraciət etməməklərinin səbəbi, cavabdehlərin onlara pulu bu gün, sabah qaytaracaqları barədə vədləri olmuşdur. Odur ki, iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan notariat qaydasında təsdiq olunmamış, Qusar rayonu Əvəcuq kənd sakinləri İddiaçı, X3, X13, X11, X8 və Muradova MəsiyətŞixaydın qızı tərəfindən tərtib edilmiş 10 avqust 2020-ci il tarixli aktdan görünür ki, 2018-ci ilin kənd təsərrüfatı mövsümündə Bakı şəhər sakini olan Cavabdeh1 Qusar rayonu Əvəcuq kəndində torpaq sahələrini icarəyə götürərək kənd təsərrüfatı məsullarının istehsalı ilə məşğul olmuşdur. Torpaq sahələrini o, Əvəcuq kənd sakini X4 və Qusar şəhər sakini Cavabdeh2 adlı şəxsin iştirakları ilə icarəyə götürmüş, həmin şəxslər təsərrüfat işlərinə rəhbərlik etmişlər. Cavabdeh1 ilə Əvəcuq kənd sakinləri İddiaçı və X3 arasında olan şifahi razılaşmaya əsasən onlar fəhlə və gözətçi işlərində işləmişlər, lakin Cavabdeh1 tərəfindən onlara əmək haqları ödənilməmişdir. İşdə olan Qusar RPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı və X1 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı və X2 borc pulun qaytarılmasına dair tələbləri mülki mübahisəli olduğundan, həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. İşdə olan 07 yanvar 2023-ci il tarixli 2021-002389 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 İddiaçıtərəfindən təsvir edildiyi kimi əmək haqqına dair irəli gələn mübahisə üzrə 01 yanvar 2022-ci il tarixdə 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin həmin Maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin həmin Maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin həmin Maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, Əmək Məcəlləsində işçilərlə işəgötürən arasında əmək münasibətlərinin, o cümlədən tərəflərin hüquq və vəzifələrinin, qarşılıqlı öhdəliklərinin əmələ gəlməsi yalnız tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanması halı ilə şərtləndirilmiş, digər hallar isə nəzərdə tutulmamışdır. Müvafiq yazılı əmək müqaviləsinin bağlanmaması isə əmək münasibətlərinin və qarşılıqlı hüquq və vəzifələrin, öhdəliklərin əmələ gəlməsini istisna edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini, əmək funksiyalarının məzmununu və əmək haqqının məbləğini müəyyən edən hər hansı yazılı əmək müqaviləsi bağlanmamış, bununla da, onların arasında hər hansı əmək münasibətləri, o cümlədən Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında əmək hüquq münasibətlərindən irəli gələn hər hansı öhdəlikləri əmələ gəlməmişdir. Bununla da, Cavabdeh1 və Cavabdeh2 İddiaçıişə götürdükləri, işlədiyi torpaq sahəsinin kimə məxsus olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır.Bundan başqa, iddia ərizəsində göstərildiyi kimi torpaq sahəsinə dair Cavabdeh1la və ya Cavabdeh2la Fariz Muradov arasında icarə müqaviləsinin bağlanıb-bağlanmaması, ümumiyyətlə iddiaçının işlədiyini göstərdiyi torpaq sahəsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur, əmək haqqı tələbinin irəli sürülməsinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmişdir. Ona görə də, iddia tələbi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X5 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 (iki min iki yüz) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X5 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 (iki min iki yüz) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar